Taleyinə yazılıbmış şəhid olmaq. 23 yaşlı qəhrəman kəşfiyyatçı Kamran Səmədov ailənin tək oğul övladı, vətənpərvər və imanlı bir gənc idi. O, 2015-ci ildə Qusar rayonundakı N saylı hərbi hissədə xidmətə başlayıb, sonradan Aprel döyüşlərində də qəhrəmancasına iştirak etmişdi.
Şəhidin dostu Cəlal Cəfərlinin sözlərinə görə, İkinci Qarabağ müharibəsində iştirak etmək üçün isə könüllü şəkildə müraciət etmişdi: “Ancaq vətəndən danışırdı. Şəhid Polad Həşimovun, şəhid Mübariz İbrahimovun şəkillərini bizə göstərirdi. Deyirdi: “Baxın, necə şəhiddir bu, necə eşqi var. Mən də onlar kimi olmaq istəyirəm”. Bu niyyətlə, bu arzuyla getdi. Vətən uğrunda can vermək imiş niyyəti, məqsədi”.
Anası Könül Səmədova deyir ki, Kamran özünü şəhid olmağa hazırlayıbmış: “Çox zəhmətkeş, vətənpərvər oğlan olub Kamran. Torpağını, vətənini çox sevən, dostlarını sevən, çox sadiq bir qəhrəman olub Kamran. Çağırış da gələndə elə getdi ki, sanki şəhidlik üçün gedirdi Kamran. Mən ağladım. Dedi “Ağlama, ana! Sən fəxr elə, mənim kimi oğlun var. Xudafərindən zəng vururdu ki, ana, biz torpaqlarımızı alırıq, irəli gedirik. “Qabaqda gedirəm” deyirdi. Deyirdim, özündən muğayat ol. Deyirdi ki, narahat olma. Əgər şəhidlik mənim taleyimdə yazılıbsa, mən şəhid olacağam!”
4-5 gündən bir imkan tapdıqca ailəsinə zəng vururdu, danışanda 30 ildən sonra ilk dəfə işğaldan azad etdikləri torpaqlara döyüş yoldaşları ilə birgə ayaq basdığı üçün sevinirdi: “Ayın 30-da zəng vurdu. Mənimlə də, evdə hamıyla da danışdı. Dedim özündən muğayat ol. Dedi, şəhid olsam, ağlamayasan. Yaralı olmağını da bildik. Boynuna almadı. Yaralı-yaralı döyüşməyini də bildim. Çox məlumatlar gəlir Kamrandan, çox qoçaq, igid əsgər olub”.
Atası Ceyhun Səmədov bildirir ki, 14 oktyabrda yaralanan kəşfiyyatçımız özü 5 qəlpəni ayağından çıxara bilir. Allaha və silahına söykənərək 30 oktyabr tarixinə - şəhid olduğu günə kimi düşmənlə qəhrəmancasına mübarizə aparır: “Dedi, ata, Qubadlıdayıq. Səhər, inşallah, sağlıq olsun, Laçın dəhlizinə girəcəyik. Mən də dedim ki, Kamran, ehtiyatlı ol, rabitədən tutub vura bilərlər danışdığın yeri, çox danışma! Dedi, ata, baş üstə, mən bir daha zəng vurmayacağam. Telefonu məndən aldılar, verdilər bacısına. Bir bacısı var. Gördüm, bacısı bununla nə isə mübahisəyə oxşayan bir söhbət elədi. Bacısı ona dedi ki, bu nə söhbətdir edirsən, nə demək istəyirsən, məni başa sal. Dedi, atamı, anamı sənə tapşırıram. Onlardan muğayat ol!”
Bu, Kamranın ailəsi ilə son danışığı olur. Telefonda tez-tez anasına “o gün olsun, sənə Şuşadan zəng edim” deyirmiş. Lakin igidimiz bu arzusunu reallaşdıra bilmədi. Ürəyində sevgisi də varıydı, evlənməyi planlaşdırırdı. Özünün də həmişə dediyi kimi, “hər şey qismətdəndir”. Əvəzində ona uca şəhidlik zirvəsi qismət oldu.
Kamran Səmədov Laçın dəhlizi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Tural Kərimov
Rövşən Əzimov
APA TV