Ötən ilin sonundan etibarən 2020-ci ildə maşın bazarında qiymətlərin artacağı barədə məlumatlar dolaşırdı. Səbəb isə Dövlət Gömrük Komitəsinin rüsumları artıracağı haqda məlumatlar yayması və hökumətə bununla bağlı təkliflər göndərməsi oldu. Belə ki, təkliflərdə istehsal ili 2013-cü ildən aşağı olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat rüsumunun yeni avtomobillərə nisbətən artırılması qeyd olunub. Bundan əlavə, Rusiyada əsas istehsalçı olan “AvtoVaz” zavodunun 2020-ci ildən istehsal olunan avtomobillərin qiymətini artıracağı barədə açıqlaması Azərbaycanda sovet maşınlarının qiymətində artım olacağına nişanə verdi.
Maşın bazarında mövcud durum barədə avtomobil bazarını araşdıran Sərxan Qədirov Lent.az -a münasibət bildirib. O, son illər Dövlət Gömrük Komitəsinin rüsumları qaldırması ilə əlaqədar yeni il qabağı qiymətlərin artdığını deyib.
Onun sözlərinə görə, maşın bazarında qiymətlərdə artım yoxdur və deyilən bütün məlumatlar boş söhbətlərdir. Ekspert bildirir ki, camaat hər yeni ildən sonra qiymətlərin artacağını düşünərək bazara gedib ucuz maşın almaq istəyirlər. Ancaq əksinə, baha alırlar. Sərxan Qədirovun dediyinə görə, hazırda maşın bazarında yaşanan durğunluq fevral və mart ayları da daxil olmaqla yaz aylarına qədər davam edəcək. Həmsöhbətimiz hər bir bayramdan əvvəl qiymətlərdə artım qeydə alındığını və qış ayları alverin zəif olduğunu dilə gətirib. İnsanların havanın yağışlı və ya soyuq olmasından dolayı bazara çıxmağa tərəddüd etdiyini deyən araşdırmaçı, bu vaxtları əsasən, alverçilərin ucuz avtomobil aldığını qeyd edib.
Sovet maşınlarını əvəz edən avtomobillər gəlmədiyini bildirən Sərxan Qədirov, həmin maşınların bahalaşdığını vurğulayıb. O, həmçinin mart ayından etibarən qiymətlərin artacağını istisna etməyib. Araşdırmaçı bunu, rayon əhalisinin əkin-biçinlə məşğul olub pul qazandıqdan sonra maşın almağa gəlmələri ilə bağlı olması fikirlərini səsləndirib.