Son vaxtlar ölkədə hibrid maşınların və elektromobillərin sayı artmağa başlayıb. Mütəxəssislər də dayanmadan çağırış edirlər ki, ekoloji təmizlik üçün bu maşınların sayı artmalıdır. Bəs Bakıda elektrik doldurma yerləri ilə bağlı real vəziyyət necədir? Bildirildiyinə görə, onların sayı kifayyət qədər azdır.
Lent.az bununla bağlı şəhərdə yerləşən bir neçə məntəqədə olub.
Onu da qeyd edək ki, hazırda sürücülər taksi fəaliyyəti ilə əlaqədar ən çox Toyota Prius avtomobilinə maraq göstərirlər. Məhz bu baxımdan da son illər həmin avtomobillərin sayı bir neçə dəfə artıb. Bundan əlavə, Bakıda elektriklə işləyən avtomobillər arasında məşhur Tesla da var.
Əvvəlcə onu deyək ki, elektrik doldurma yerləri SOCAR-ın bir neçə yanacaqdoldurma məntəqəsində, “Gənclik Mall”-ın dayanacağında və Heydər Əliyev Mərkəzinin yaxınlığında fəaliyyət göstərir. SOCAR-ın Sabunçu rayonunda yerləşən yanacaqdoldurma məntəqələrinin birində elektrik doldurma aparatı vətəndaşlara pulsuz olaraq xidmət göstərir. Ancaq həm məntəqədə, həm də Heydər Əliyev mərkəzinin yaxınlığında çəkiliş apardığımız zaman hər hansı avtomobilin enerji yığmaq üçün aparata yaxınlaşdığını görmədik. Həmsöhbətimiz olan yanacaqdoldurma məntəqəsinin növbə rəisi, hazırda elektrik doldurma aparatına tələbatın az olmasından danışdı. O, həmçinin müxtəlif markalı avtomobillərin qaz doldurmaq üçün məntəqəyə üz tutduğunu və CNG qazına daha çox tələbat olduğunu da dilə gətirdi.
Elə çəkiliş zamanı da CNG qazı ilə doldurma aparatının qarşısında növbə olduğunu gördük.
Məlumat üçün bildirək ki, son zamanlar LPG qazının qiyməti 20 qəpik bahalaşdıqdan sonra sürücülər əsasən CNG qazlarına üstünlük verirlər. Hazırda LPG qazı 65, CNG qazı isə 45 qəpik təşkil edir.