Abşeron rayonu Güzdək qəsəbəsinin tam orta məktəbinin şagirdləri üçün “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi ilə “Səmaya Səyahət” adlı maarifləndirici tədbir keçirdik. Lent.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Nigar Məmmədova məlumat verib.
Deputat bildirib ki, tədbirin məqsədi uşaqların hərtərəfli inkişafı, vətənpərvər ruhda tərbiyə olunmaları, dünyagörüşünün zənginləşdirilməsi, habelə gənc nəslin aviasiyanın maraqlı və məsuliyyətli dünyasını yaxından kəşf etməsinə şərait yaratmaq, onları bu sahənin incəlikləri və peşəkar inkişaf imkanları ilə tanış etməkdir.
Tədbir zamanı öncə məktəblilər bütün hava gəmilərinə müasir dünya standartları səviyyəsində texniki xidmət göstərmək üçün hər cür şəraiti olan “Silkway Technics” şirkətinin anqar kompleksi ilə tanış olublar.
Uşaqlar “Səmaya Səyahət” etdilər, ora artıq yalnız baxdıqları yer deyil
Məktəblilər aerovağzal ərazisini gəziblər. Burada aviasiya təhlükəsizliyi kinoloji xidmətinin işçiləri uşaqlara itlərin saxlanma şəraiti və təlimi, “insanın etibarlı dostlarının” sərnişinlərin təhlükəsizliyinin təmin olunması və qaçaqmalçılıq ilə mübarizədə köməyi barədə uşaqlara məlumat veriblər.
Ekskursiyanın növbəti məkanı aeroportun yanğınsöndürmə xidməti olub. Yanğınsöndürmə xidmətinin nümayəndələri uşaqlara yanğınsöndürmə maşınının quruluşu barədə danışıb, yanğınsöndürənlərin döyüş geyimi, yanğın xilasedici qurğuları nümayiş etdirib, su və köpüyün necə vurulduğunu göstəriblər. Söhbət zamanı uşaqların əksəriyyəti yanğınsöndürənlərin yanğın baş verdiyi halda hansı telefon nömrəsini yığmalı və təhlükəli vəziyyətdə nə etməli kimi suallara cavab verərkən yüksək bilik nümayiş etdiriblər.
Ekskursiya dünyanın ən müasir sərnişin təyyarələrindən biri ilə tanışlıqla başa çatıb.
“İnanırıq ki, uşaqlar üçün səma artıq yalnız baxdıqları yer deyil, xəyallarının və imkanlarının sərhədsiz dünyasına açılan qapıdır. Bu dünyanı yeni nəsillərə açmaq bizim üçün böyük sevincdir!”