Xiaomi smartfonları köhnəlmiş  elan edildi - Siyahıda sizin telefon varmı?
15 sentyabr 2025 10:37 (UTC +04:00)

Xiaomi smartfonları köhnəlmiş elan edildi - Siyahıda sizin telefon varmı?

0

Bu ay Xiaomi, Redmi və Poco brendlərinə aid altı cihazın dəstəyini dayandırır. Bu modellər artıq əməliyyat sistemi (OS) yeniləmələri və təhlükəsizlik yamaları almayacaq, həmçinin şirkətin rəsmi servis mərkəzlərində təmir olunmayacaq.

Lent.az xarici mediaya istinadla bildirir ki, artıq sentyabrın 6-dan Poco M5 modeli rəsmi olaraq “köhnəlmiş” statusu alacaq. Bu büdcə telefonu ilkin olaraq Android 12 və MIUI 13 ilə satışa çıxmışdı, daha sonra Android 14 əsaslı HyperOS yeniləməsi almışdı. Digər modellər üçün son təhlükəsizlik yeniləməsi sentyabrın 23-də yayımlanacaq və bununla da Xiaomi tərəfindən dəstək tam dayandırılacaq.

Köhnəlmiş elan ediləcək modellərin tam siyahısı:

Xiaomi 11T

Xiaomi 11T Pro

Xiaomi 11 Lite 5G NE

Redmi A1

Redmi A1+

Poco M5

Bu cihazlar adi qaydada işləməyə davam edəcək, amma yeni HyperOS funksiyaları və gələcək sistem imkanlarını almayacaq. Üstəlik, zamanla təhlükəsizlik riski arta bilər. Mütəxəssislər mütəmadi yeniləmələr alan daha müasir modellərə keçidi məsləhət görürlər. Xiaomi artıq təsdiqləyib ki, bu ayın sonunda HyperOS 3 (Android 16 əsaslı) yayılmağa başlayacaq.

Bu sistemdə iPhone-un məşhur “Dynamic Island” funksiyasına bənzər Super Island xüsusiyyəti əlavə olunacaq. HyperOS 3-ün 100-dən çox cihazda istifadəyə veriləcəyi gözlənilir. Bundan əvvəl mütəxəssislər 2028-ci ilə qədər (Android 18 çıxana qədər) aktual qalacaq və dörd böyük Android yeniləməsi alacaq 14 Xiaomi modelinin siyahısını da paylaşmışdılar.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar