Sağalmaz xəstə olan amerikalı son arzusunu yerinə yetirib və sevgilisi ilə çimərlikdə evlənib.
Lent.az-ın Rusiya mediasına istinadla xəbərinə görə, 27 yaşlı Hanter Knisli uşaqlıqdan bəri bədənin əzələlərini zəiflədən və onları getdikcə daraldan genetik degenerativ xəstəlik olan Bekker əzələ distrofiyasından əziyyət çəkir. Aprelin əvvəlində exokardioqramma onun ürək çatışmazlığının son mərhələsində olduğunu göstərib. Həkimlər kişiyə cəmi bir neçə həftə ömrünün qaldığını bildiriblər.
Knislinin son arzusu ortaq bir oğlu olan sevgilisi ilə evlənmək olub. O, həyat yoldaşının Ohayo ştatında eyni xəstəxanada doğulduğunu, eyni məktəbdə oxuduqlarını, hətta sosial sığorta nömrələrinin cəmi bir rəqəmlə fərqləndiyini deyib.
Cütlük aprelin 14-də məhkəmə binasında rəsmi nikah mərasimi keçirib. Sonra kişinin müalicə aldığı xəstəxana və toy təşkilatçılarınım köməyi ilə onlar aprelin 21-də çimərlikdə mərasim keçirə biliblər. Hanterin dediyinə görə, onun hər zaman istədiyi bu olub.
Toydan sonra kişinin vəziyyəti bir qədər yaxşılaşıb və həkimlərin ilkin düşündüyündən daha çox vaxtı ola bilər. O, bu vaxtı ailəsi, həyat yoldaşı ilə keçirir, uşaqları ilə oynayır.