Mexanik işlədi, müstəqilliyin əleyhinə səs verdi, nazir oldu - UNUDULAN MƏMURLAR
28 mart 2022 20:15 (UTC +04:00)

Mexanik işlədi, müstəqilliyin əleyhinə səs verdi, nazir oldu - UNUDULAN MƏMURLAR

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə sabiq Kənd Təsərrüfatı naziri İrşad Əliyevdən bəhs edəcəyik. 

İrşad Əliyev 30 iyun 1944-cü ildə Goranboy rayonun Gürzalılar kəndində anadan olub.

O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, 1974-cü ildə isə Bakı Ali Partiya Məktəbini bitirib. 
Əmək fəaliyyətinə 1961-ci ildə başlayıb. İrşad Əliyev 1961-1966-cı illərdə bir çox müxtəlif siravi vəzifələrdə işləyib. 
Daha sonra isə rayon kənd texniki təminat birliyində çilingər, “Oraq-Çəkic” kolxozunda mexanik kimi çalışıb. 
Əliyev Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqının Şaumyan (indiki Xətai rayonu) komitəsində ikinci katib, təlimatçı, KP MK-də inspektor, Balakən, Ucar və Goranboy rayon komitəsinin birinci katibi olub. 

O, Goranboy, Beyləqan, Balakən və Kürdəmir rayon İcra hakimiyyətinin başçısı vəzifələrində də çalışıb. 

1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi idarəetmə orqanları ilə iş şöbəsində məsləhətçi, Daimi yaşayış yerlərini məcburi tərk etmişlərlə iş üzrə Dövlət Komitəsinin sədri işləyib. 1994-2004-cü illərdə Kənd Təsərrüfatı naziri olub. 

2014-cü ildə Kürdəmir rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilən İrşad Əliyev mətbuata belə demişdi:

“Bundan da çox işləməkmi olar? Böyük hörmət, izzət göstərilib, etibar edilib, işləmişəm. İndi isə işdən azad olunmağım haqqında sərəncam verilib. Nəinki vaxtında verilmiş, hətta deyərdim ki, bir qədər yubanmış qərardır. Sərəncamı çox səmimi qəbul etdim”. 

“Bəs, vəzifədən azad olunmaq üçün müraciət etmişdinizmi?” sualını isə o belə cavablandırıb:

“Yaşım 70-i ötüb və çox şükür ki, səhhətim də yaşıma uyğundur. Belə şeyləri açıqlamağa ehtiyac yoxdur. Prezidentin sərəncamı ortadadır və mən bunu çox səmimi qəbul edirəm. Qalan məsələlərə toxunmaq istəmirəm. 1969-cu ildən vəzifələrdə işləyirəm. Bu müddətdə müxtəlif vəzifələrdə olmuşam, dövlətin tapşırıqlarını yerinə yetirmişəm. Daha bəsdir”.

İrşad Əliyev 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin əleyhinə səs verənlər arasında idi. 
Bundan başqa sabiq nazirin adı korrupsiya iddialarında hallanıb. Belə ki, onun dövründə kənd təsərrüfatı istehsalçılarına ayrılan subsidiyaların, aqrar təsərrüfatlar üçün texnika, avadanlıq, damazlıq heyvan və gübrələrin alınıb gətirilməsində ciddi maxinasiyalar aşkarlanıb. Xüsusilə keçmiş “Aqrolizinq”ASC-nin xəttilə həyata keçirilən dövlət satınalmalarında yol verilən ciddi korrupsiya faktları dəfələrlə ölkə mətbuatının gündəmini təşkil edib, hətta qurumun rəhbərliyi barədə cinayət işi qaldırılıb.

İ.Əliyevin ailə üzvlərinin xarici ölkələrdəki biznesi barədə faktlar ictimailəşdirilib. 

O, müxtəlif orden və medallarla təltif olunub. Ailəlidir, üç övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11673
avatar

Aytəkin Cəlali

Oxşar yazılar