Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxilə etdi. Səhər saatlarında yayımlanan müraciətdə Putin əməliyyatın əsas məqsədinin Donbasda gərginliyə son qoymaq və Ukraynanı denasifikasiya etmək olduğunu deyib.
“Donbas respublikaları bizə yardım üçün müraciət edib. Mən xüsusi əməliyyat keçirilməsi barədə qərar vermişəm. Bunun məqsədi 8 il genosidə məruz qalan insanlara yardım etməkdir. Biz Ukraynanın demilitarizasiyasına və denasifikasiyasına çalışacağıq. Bizim addımlarımız təhlükədən özünümüdafiədir”, - Putin qərarını əsaslandırmağa çalışmışdı.
Rusiya-Ukrayna müharibəsi 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Moskvadan Kiyevə doğru səslənən və 2014-cü ildən sonra şiddətlənən ərazi və tarixi eynilik iddialarının radikal formada reallaşması idi. Sirr deyil ki, Rusiyanın hakim dairələri, o cümlədən prezident Putin Ukraynanı Sovet İttifaqının Rusiya ərazilərində yaratdığı bir süni dövlət, ukraynalıları isə rus xalqının tərkib hissəsi sayırdı. Müharibəyə başlamazdan 3 gün öncə Ukraynanın Donbas regionunda 2014-cü ildə silahlı mübarizə nəticəsində yaradılmış separatçı “Donetsk və Luqansk Xalq Respublika”larını tanıyan Putin mövzu ilə bağlı çıxışında “Müasir Ukrayna tam və bütünlüklə Kommunist Rusiyasının məhsuludur” demişdi. “Bolşeviklərin siyasəti sayəsində Ukrayna yaranıb. Onu məhz belə də adlandırmaq olar – Lenina adına Ukrayna. Lenin Donbası da demək olar zorla onun tərkibinə daxil edib. İndi isə Ukraynada Lenin heykəllərini dağıdırlar və dekommunizasiya aparırlar. Siz dekommunizasiya istəyirsiniz? Bu bizi qane edir. Biz sizə əsl dekommunizasiyanın necə olduğunu göstərməyə hazırıq” – Putin həmin çıxışında söyləmişdi.
Bu məsələyə cavab vermək üçün tarixə ekskursiya etməyə ehtiyac var.
Lent.az Ukrayna dövlətçiliyinin qısa tarixinə nəzərə salır
Rusiya-Ukrayna münasibətlərində ilk və ən ziddiyyətli məsələ Kiyev Rus dövlətinin hansı ölkəyə mənsub olması ilə bağlıdır.
Rusiya Kiyev Rus dövlətini (882 – 1240) şərq slavyanlarının vahid dövləti və müasir Rusiyanın sələfi hesab edir.
Müasir Ukraynanın akademik dairələri, tarixşünaslığı isə “rus” ifadəsinin “Rus şəhərlərinin anası” adını daşıyan Kiyevə aid olduğunu və Kiyevə tabe olan əraziləri nəzərdə tutduğunu bildirir.
Kiyev Rus dövlətinin müasir Kiyev, Jitomir, Sumı, Çerniqov vilayətlərini, həmçinin, Vinnitsa, Çerkası və Poltava vilayətlərinin bir hissəsini əhatə etdiyi məlumdur.
Tarixçilər Ukrayna dövlətçiliyinin XIII əsrdə monqol işğalları zamanı Kiyev Rus dövləti və ondan ayrılmış knyazlıqların süqutundan sonra qərbdə - Qalisiya-Volın Knyazlığında davam etdiyini bildirir.
Eyni zamanda, vaxtı ilə Kiyev Rus dövlətinin tərkibində olsa da, Rus ifadəsinin şamil edilmədiyi Vladimir – Suzdal Knyazlığının müasir Rusiya dövlətinin sələfi olduğu vurğulanır. 1263-cü ildə bu dövlətdən ayrılan Moskva Knyazlığı 1478-ci ildə Rusiya dövlətinə, 1721-ci ildə isə Rusiya İmperiyasına çevrilir. Amma Ukrayna tarixçiləri 1721-ci ilə qədər bu dövlətin sakinlərinin özlərini moskvalı ya moskvatiyan adlandırdığını, yalnız XVIII əsrin sonlarında imperatriça II Yekaterinanın qərarı ilə ölkə sakinlərinin rus adlandırılmağa başlandığını, həmçinin, Rusiyanın monqol-tatar mənşəli Qızıl Orda dövlətinin varisi olduğunu iddia edirlər.
“Ukraynja tarxinin özünküləşdirilməsi Moskoviya (Moskva) dövlətinin dirçəlişi ilə başladı. Xüsusən də Rusiya İmperiyaya çevrildikdən sonra Kiyev Rus dövlətini Moskva Knyazlığınının, həmçinin, Rusiya İmperiyasının varisi kimi təqdim etməyə çalışmağa başladılar. Halbuki, Moskvanın adı tarixi mənbələrdə ilk dəfə 1147-ci ildə hallanıb”, - deyə ukraynalı tarixçi Makr Nazarenko söyləyib.
Ukrayna dövlətçiliyi 1240-cı ildə monqol yürüşləri zamanı Kiyevin viran olunması ilə dərin tənəzzül yaşadı və Reç Pospolita dövlətinin tərkibinə daxil oldu.
Ukrayna torpaqlarının Polşanın nəzarəti altına keçməsi Boiqdan Xmelnitskinin başçılığı altında milli azadlıq mübarizəsinin başlanmasına səbəb olur.
1648-1657-ci illəri əhatən edən mübarizə Reç Pospolitanın tərkibində de-fakto müstəqil Ukrayna Kazak dövlətinin yaranmasına yol açır.
Ukrayna kazakları Zaporojye Seçi adlanan hərbi-inzibati sistem yaradaraq mərkəzi və yerli hakimiyyət orqanları, məhkəmələr, kilsələr, ideologiya, dəqiqləşmiş olmasa da sərhəd xəttinə malik dövlət qururlar və faktiki olaraq 400 il əvvəl süqut etmiş Ukrayna dövlətçiliyini bərpa edirlər.
Moskva dövləti ilə ittifaqda olan və Çarın hakimiyyətini tanısa da, Zaporojye kazakları 100 ildən çox müddətdə öz ordusu, qanunları və məhkəmə sistemi ilə idarə olunurdular.
1775-ci ildə imperatriçə II Yekaterinanın göstərişi ilə Zaporojye Seçinin ləğv olunmasından sonra Ukrayna tam Rusiyaya asılılığına düşür.
Bir də yalnız 1917-1921-ci illərdə ukraynalılar müstəqil dövlət kimi yaşamaq şansı əldə edirlər. 1917-ci ilin fevralında imperator II Nikolayın devrilməsi, 1917-ci ilin oktyabrında isə bolşeviklərin çevrilişi ilə zorla Rusiya İmperiyasının tərkibinə daxil edilən xalqlar kimi Ukraynada da bir neçə dövlət yaranır.
Kazak getmanı Pavel Skoropadskinin başçılığı altında Kiyev Derjavası, Qərbi Ukrayna Xalq Respublikası, Mərkəzi Rada yanında Ukrayna Xalq Respublikası və Direktoriya yanında Ukrayna Xalq Respublikası yaranır.
Amma 1920-ci ilin noyabrında Kamensk-Podolsk şəhərinin Qırmızı Ordu tərəfindən işğalı ilə Ukrayna dövləti yenidən müstəqilliyini itirir və 1922-ci il dekabrın 30-da elan edilən Sovet Sosialist Respublikaları İttifaqının tərkibinə daxil edilir.
Rusiya lideri Vladimir Putin Ukraynanın dövlət kimi yalnız 1922-ci ildə yarandığını iddia edir və buna qədər ki, 1000 illik hadisələri görməzdən gəlir.
Tarixən Litva Knyazlığı, Reç Pospolita dövləti, Osmanlı Türkiyəsi, Çar Rusiya, Kayzer Almaniyası, Polşa Respublikası, Avstriya-Macarıstan İmepriyaları arasında mübarizə meydanına çevrilən, əsrlərlə müstəqillikdən məhrum olan Ukrayna ziddiyyətli, çətin tarixə malik olsa da, eyni zamanda qədim dövlətçilik ənənələrinə, özünəməxsus mədəniyyətə və dilə malik məkandır.
Bu dövlətçiliyi inkar etmək isə tarixi diletantlıq yaxud bilərəkdən çirkin siyasi addımları pərdələməyə hesablanmış addım olardı.