Uzun Həsənin Qanunnaməsi  Naxçıvanda tətbiq olunubmu? - TARİX
30 iyul 2025 18:00 (UTC +04:00)

Uzun Həsənin Qanunnaməsi Naxçıvanda tətbiq olunubmu? - TARİX

Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin Qanunnaməsi ("Qanunnamə-i Həsən Padişah") Naxçıvan ərazisində tətbiq olunubmu?

Ağqoyunlu dövlətinin banisi Uzun Həsən 1470-ci illərdə vergi məsələləri ilə bağlı münasibətləri tənzimləyən, sipahilər və torpaq münasibətlərini nizama salmaq üçün xüsusi “qanun” toplusu hazırlatmışdır. "Qanunnamə"də həmçinin qismən də olsa mühakimə icratı, qazıların vəzifəyə təyinatı və mülki hüququn iddialar institutuna, həmçinin iddia müddətlərinin hesablanması məsələlərinə də toxunulmuşdur. 

Qeyd edək ki, Qanunnamənin əsas bölmələri kəndli, köçəri və şəhər əhalisindən alınacaq ödənişlərlə bağlıdır. Belə ki, ticarət rüsümu olan tamğa yarıya endirilir, bəzi əski “şahnelik”, “cüllah”, “kışlak”, “rugan” kimi ağır ödənişlər ya qadağan olunur, ya da dəqiq məbləğdə müəyyən olunur.

Sipahilərə ayrılan torpaqlar (iqta/soyurğal) irsi deyil, xidmət şərtinə bağlanır, vergi yığımı zamanı sipahi atının “yemlik” adı ilə əlavə məhsul alması qanundan kənar elan edilir. İcra prosesinə nəzarət üçün şahne adlı məmurlar təyin edilir. 

Qanunnaməyə görə bazarlarda ədviyyat, dəri, toxuculuq kimi sahələr üçün ayrıca bac–tamğa cədvəli verilir, misgər, dülgər, dəmirçi zərifəkar kimi zümrələrin illik ödənişi sabitləşdirilir. 

Qanunnamədə sosial-nəzarət normaları da nəzərdə tutulurdu. Məsələn, içki, qumar və fahişəxanələr bağlanır, ictimai iğtişaş törədənlər üçün sərt cəzalar müəyyənləşdirilir. 

Bəs, Qanunnamə hansı ərazilərdə qüvvədə olub?

O dövrün salnaməçisi “Tərix-əl-Qiyasi”nin məlumatına görə Qanunnamə "dövlətin hər vilayətinə göndərildi ki, dərhal tətbiq olunsun".

Britaniyalı şərqşünas V. Minorskinin klassik tədqiqatları (məsələn, “A Civil and Military Review in Fars, 881/1476”) bu qanunun fars bölgəsindən Diyarbəkirədək geniş ərazidə qüvvədə olduğunu göstərir. Minorski onu Ağqoyunlu dövlətinin “imperiya miqyaslı” islahatı adlandırır.

Təqribən 85 il ərzində qüvvədə olmuş Qanunnamə təəssüf ki, dövrümüzədək gəlib çatmamışdır. Lakin 16-cı əsrin əvvəllərində Diyarbəkir, Mardin, Hərpût, Ergəni və b. sancaq kanunnamələrində “ḥökmdarımız Ḥəsən Padişahın qədim qanunu üzrə…” tipli paraqraflar bütöv parçalar halında qorunub saxlana bilmişdir. Müəlliflərdən Walter Hinz, Ö.Lütfi Barkan və daha sonra Ahmet Özcan bu parçaları sistemləşdirərək səkkiz əsas bölmə qruplaşdırmışdır.

Naxçıvanın siyasi durumuna baxış

1468-ci ildən sonra Naxçıvan bölgəsi Ağqoyunlu dövlətinin nəzarətində idi. salnamələr Uzun Həsənin özüünün dəfələrlə Naxçıvana gəldiyini və burada hərbi-diplomatik tədbirlər apardığını xəbər verir.  Akademik Hamza Keleşin bir məqaləsində hətta Uzun Həsənin Naxçıvan qalasını təmir etdirməsi xatırladılır. Bu isə, hökmdarın ərazidə inzibati fəaliyyət göstərdiyini göstərən əlavə işarədir.

Gələk, Qanunnamənin tətbiq dairəsi barədə sənədlərə...

Əvvəldə də qeyd etdiyimiz kimi “Tərix-əl-Qiyasi”nin "hər vilayətə göndərildi" məlumatı ilk baxışda ümumi bir fikir yürütməyə əsas verir deyək ki, Qanunnamənin tətbiq dairəsi sanki Naxçıvanı da əhatə edir.

Lakin Osmanlı arxivindəki izlərə gəldikdə, Ömər Lütfi Barkan və Hamza Keleş kimi tədqiqatçılar göstərirlər ki, Qanunnamə “Osmanlıların bölgəni fəthindən sonra 1540-ci ilə qədər bəzi yerlərdə olduğu kimi, bəzilərdə isə cüzi dəyişikliklərlə qüvvədə qalmışdır”. Maraqlıdır ki, bu “bəzi yerlər” siyahısına sonradan Osmanlı idarəçiliyinə daxil edilən Revan vilayəti də daxildir. 1590-cı il tarixli Revan-Nahçıvan tərtib dəftərinə (tahrir) nəzər saldıqda isə aydın olur ki, taxıl vergisi "Revan vilayəti qanunnaməsi"nə əsasən hesablanırdı. Göründüyü kimi həmin dəftərdə artıq “Hasan Padişah qanunları” ifadəsi çəkilmir. Əgər belə demək mümkündürsə, bu tənzimləməni sanki Osmanlı qaydaları ilə qarışmış, "hibrid bir hüquq normaları toplusu" adlandıra bilərik.

Səfəvi dövrünə gəldikdə, deyə bilərik ki, İran tədqiqatları (məsələn, Tehran Universitetinin “İslahat-i Uzun Həsən” analizi ) göstərir ki, I Şah Təhmasibə qədər Səfəvi ərazisində bu qaydalar istinad norması olmuşdur. Naxçıvan 1501-ci ildən sonra Səfəvilərə tabe olduğuna görə, orada da həmin ənənənin izlərinin qalması ehtimalı var, lakin təəssüf ki, bölgəyə dair erkən Səfəvi sənədləri günümüzədək gəlib çatmayıb.

Beləliklə, dediklərimizi ümumiləşdirsək, Qanunnamənin Naxçıvanda tətbiq olunması məsələsində birbaşa sübutun olmaması ilə qarşılaşırıq. Yəni Naxçıvan üçün ayrıca “Qanunnamə-i Həsən” nüsxəsi və ya 15-ci əsrə aid vergi dəftəri bu günədək tapılmayıb.  Xarici mütəxəssislər (Minorski, Lambton, Newman və başqaları) isə Qanunnaməni “ümumdövlət aktı” kimi təsvir etsələr də, onun hər bölgədə eyni səviyyədə tətbiq və icra olunduğunu iddia etmirlər.

Qanunnamənin Naxçıvanda tətbiqi olunmaması şübhəsini gücləndirən amillər nə ola bilər?

Hesab edirik ki, Naxçıvan 15-16-cı əsrlərdə tez-tez əl dəyişdirən sərhəd bölgəsi olmuşdur və yerli idarəçiliyin (Şirvanşahların və s.) nüfuzu, habelə çoxsaylı hərbi yürüşlər mərkəzi qanunvericiliyin tam tətbiqinə mane ola bilərdi.

Qanunnamənin Naxçıvanda qismən də olsa tətbiq olunması mümkün ola bilərdimi?

Dolayı sübutlara nəzər saldıqda - Ağqoyunlu qalalarının bərpası, bölgədə hökmdar nümayəndələrinin fəaliyyəti və Osmanlı-Səfəvi dövründə “Hasan Padişah vergiləri”nin  reminissiyaları - müəyyən qədər o ehtimalı yürütməyə əsas verir ki, bəlkə də Qanunnamə Naxçıvanda ən azı qismən də olsa, tətbiq olunub.

Sonda onu deyə bilərik ki, xarici akademik ədəbiyyat (ingilis, rus və fars mənbələri) qanunların “dövlətin bütün vilayətlərinə” göndərildiyini təsdiq etsə də, Naxçıvan üçün dəqiq, arxiv sənədi səviyyəsində sübut hələlik aşkarlanmayıb.  Buna görə də “ Qanunnamə bəlkə də Naxçıvanda tətbiq olunmayıb, ya da tam tətbiq olunmayıb" fikri elmi baxımdan mübahisələndiriləcə biləcək bir ehtimal ola bilər. Qəti hökm vermək üçün 15–16-cı əsrlərə aid yerli vergi dəftərlərinin və ya qazı-kəlam protokollarının üzə çıxarılması son dərəcə zəruridir. Hazırda isə mövcud sübutlar qanunnamənin nəzəri baxımdan yayıldığını, lakin Naxçıvanda tətbiqinin səviyyəsinin qeyri-müəyyən qaldığını göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1354

Oxşar yazılar