Qədim Misirlilər dünyada bu günə qədər aktual olan nəhəng mədəni iz qoyub getdilər. Onun ən mühüm hissələrindən biri pişiklərə ibadət, pişik bütü ilə bağlıdır.
Lent.az Qədim Misirdə pişik bütünün yaranması, onun xüsusiyyətləri ilə bağlı yazını təqdim edir.
E.ə V əsrin ortalarında Qədim Misiri gəzmiş qədim yunan tarixçisi Herodot yazırdı ki, yerli əhali arasında pişik ailənin üzvü hesab olunurdu. Pişik öləndə ailədə yas qurulur, dəfn mərasimləri keçirilir, kişilər dərdlərini ifadə etmək üçün qaşlarını qırxırdılar. Dövrümüzə çatan bir çox heykəlciklər, eləcə də divarlardakı və stellalardakı təsvirlər pişiyin istənilən qədim misirlinin həyatının ayrılmaz hissəsi olduğunu göstərir. İnsanlar pişiklərin mehriban, oynaq və ağıllı xüsusiyyətlərinə heyran qaldılar və tədricən onları öz bütləri seçirdilər. Herodotun yazdığına görə, Bubastis şəhərinin məbədləri ətrafında pişiklərin populyasiyası o qədər çox idi ki, həmin pişikləri Bastet tanrısına müntəzəm olaraq qurban verilirdi və cəsədləri mumiyalanırdı. Onlar sonradan xatirə olaraq zəvvarlara satılırdı. Pişiklərin axirətdə özlərini yaxşı hiss etmələri üçün onları oyuncaqlarla, həyatda sevdikləri ilə, hətta siçan mumiyaları ilə birlikdə basdırırdılar ki, ev heyvanlarının yeməkləri olsun. Zənginlərin pişikləri naxışlı və müqəddəs mətnlərlə toxunmuş kətanlara bükülür, başına qızıl maska taxılırdı. Mumiya bəzən qızılla bəzədilmiş taxta və ya əhəngdaşı sarkofaqda yerləşdirilirdi. Hətta pişik balalarını kiçik tunc qutularda da basdırırdılar.
Qədim Misirdə bəzi tanrılar və ilahələr pişiklər kimi təsvir edilmişdi. Bu ilahələrdən biri Bastetdir - sevinc və əyləncə ilahəsi. Qədim misirlilər onu pişik başı, əlində sistrum (çınqırtıya bənzəyən Misir musiqi aləti), ayağında isə dörd pişik balası olan qadın kimi təsvir edirdilər. Bütün pişiklər Bastetin təcəssümü hesab olunurdu və ilahəni incitməyin ən pis yollarından biri onun pişiklərindən birinə zərər vermək idi. Təəssüf ki, eramızdan əvvəl 59-cu ildə Misirə səfər edən bir Roma elçisi bunu ciddi qəbul etmədi və pişiyi öldürdü. Diodor Sikulusun dediyinə görə, qəzəbli misirlilərdən ibarət bir izdiham tezliklə toplanaraq, öldürülən pişiyin qisasını almaq üçün elçini öldürdü və hətta firon da onu ölüm hökmündən xilas edə bilmədi. Üstəlik, hətta Misirdən pişiklərin çıxarılması qanunla qadağan edildi, çünki ölkədəki bütün pişiklər qanuni olaraq fironun mülkü hesab olunurdu. Misirlilər yürüşlərə çıxanda və ya ticarət karvanları təchiz etdikdə və yad ölkələrdə pişiklər aşkar etdikdə, onları, öz fikrincə, aid olduqları Misirə qaytarmaq üçün satın alırdılar və ya qaçırırdılar.
Pişik obrazında olan digər məşhur ilahə isə Sehmetdir. Aslan başlı təsvir olunan Sehmet qızmar günəş, qisas və müharibə ilahəsi idi. Bəşəriyyətin cəzalandırılması barədə mifdə bəşəriyyəti praktiki olaraq məhv edən o idi. Orta Krallıq dövründə Misirin qoruyucuları olan fironlar tez-tez Sehmet ilə müqayisə edilirdi, buna görə də ilahə bəzən düşmənləri məhv edən alovlu oxlarla təsvir edilirdi.
E.ə 525-ci ildə Əhəməni hökmdarı II Kambiz tərəfindən sərhəd şəhəri Pelusiumun mühasirəyə alınmasını təsvir edən tarixçi Ptolemey, misirlilər üçün pişiklərin əhəmiyyətindən aydın şəkildə bəhs edən bir hadisəni xatırladır. Misir istehkamlarına hücum edə bilməyən farslar yaxınlıqda tapdıqları bütün pişikləri tutaraq, onları birinci sıralarda gedən əsgərlərin qalxanlarına bağlayaraq, döyüşə girdilər. Düşmənin hiyləsindən xəbər tutan firon döyüşçülərinə düşmənə ox və nizə atmağı qadağan edir, buna görə misirlilər döyüşdə üstünlüklərini itirir və məğlub olurlar.
380-ci ildə Böyük Feodosi dövründə Bast bütü rəsmi olaraq qadağan edildi. Və tədricən Misirdə pişiklər müqəddəs heyvanlardan adi ev heyvanlarına çevrildilər. Bununla belə, biz onlara heyran olmağa və hələ də nazlarını çəkməyə davam edirik, ona görə də onların hələ də müqəddəs qaldığına dair bir şübhə var.