Yüzlərlə alimi Şuşaya aparmaq adı ilə ALDATDILAR
09 iyun 2022 12:28 (UTC +04:00)

Yüzlərlə alimi Şuşaya aparmaq adı ilə ALDATDILAR

AMEA-nın bir qrup aliminə qarşı dələduzluq edilib.

AMEA-nın əməkdaşı, Filoloqiya elmləri üzrə fəlsəfə doktoru Vüsalə Ağabəyli Lent.az-a açıqlamasında bildirib ki, Əlvan Cəfərov adlı şəxs onlara Şuşada elmi konfrans təşkil edildiyini deyib, alimlər də böyük həvəslə bu konfransda iştirak etmək istəyiblər. Konfransda iştirak ödənişli əsaslarla olub. 450 nəfərdən 70 manatdan pul yığıldıqdan sonra iyunun 8-də səfərə çıxmalı olan alimlərə bildirilib ki, seçim aparılıb, Şuşaya 100 nəfər gedəcək: "Sabah yola çıxacağımız ərəfədə bəlli olub ki, cəmi 100 nəfər seçilmiş alim bu gün gediblər. Kim seçib, necə seçib bu başqa sualdır. Və bu sualların da cavabı aydınlaşacaq. Gedənlərin içində bir ailədən 4 nəfər üzvü və alim olmayanlar da var. İndi də yazıb ki, heç kim ödənişini geri istəməsin. Xeyirdimi? Hər adamdan 70 manat almaq və onu qaytarmamaq bu qədər asandırmı? 370 nəfərdən 70 manat alanda 25 900 manat edir”.

AMEA-nın baş elmi işçisi Səltənət Ağayeva isə Lent.az-a açıqlamasında qeyd edib ki, bütün bu olanlardan sonra Əlvan Cəfərovla əlaqə saxlaya bilmirlər: "Hər dəfə telefona cavab verən xanımı Əlvanın məşğul olduğunu qeyd edir, telefonu bağlayır. Məsələ yalnız pulda deyil. Biz hamımız iş adamlarıyıq. Səfərə çıxacağıq deyəndə buna hazırlaşırıq. Məqalələr yazırıq, icazə alırıq. Ən son məqamda bizə deyilir ki, alınmadı. Nə ödəmələr geri qaytarılmır, nə də bu seçimin hansı əsasda aparıldığı deyilir. Əlvan Cəfərov ortaya çıxmasa polisə müraciət edəcəm. Bizə deyir qazi ailələri də gəldi deyə yer olmadı. Elmi konfransda qazi ailələri olmur axı”. 

Səfərin təşkilatçısı kimi təqdim edilən Əlvan Cəfərov isə Lent-az-a açıqlamasında bildirib ki, o bu məsələdə texniki işçidir: "Ödənişlərin hamısı geri qaytarılacaq. Sabah səhər AMEA-da sözügedən konfransın açılışı olacaq".

Onu da qeyd edək ki, yazı hazırlanarkən Səltənət xanım saytımızla əlaqə saxlayaraq ödənişin ona artıq geri qaytarıldığını bildirdi. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, həmin faktla bağlı hazırda Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır, zərərçəkənlər idarəyə müraciət edə bilərlər.

# 7260
avatar

Oxşar yazılar