Hindistanın Meqhalaya ştatında yerləşən Mausinram kəndi Yer kürəsinin ən rütubətli yeri olmaq iddiasındadır. Bu kiçik yaşayış məntəqəsində ildə təxminən 300 gün yağış yağır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, burada illik yağıntı miqdarı 11 871 millimetrə çatır ki, bu da ərazini tamamilə unikal bir təbiət zonasına çevirir.
Mausinramın rütubət rekordunun səbəbi
Kəndin coğrafi yerləşməsi onun qeyri-adi rütubətini izah edir. Mausinram Şillong platosunda, Benqal körfəzindən gələn güclü mussonların birbaşa yolunda yerləşir. Nəmlə zəngin hava kütlələri dağa çırpıldıqda kəskin şəkildə yüksəlir, bu da intensiv kondensasiya və nəticədə aylarla davam edən leysan yağışlarına səbəb olur.
Rəsmi yağış mövsümü iyun–sentyabr ayları arasında davam edir, lakin demək olar ki, ilboyu yağıntı düşür. Nisbətən quru aylarda belə duman və çiskin bölgənin ayrılmaz hissəsidir.
Təbiət və yaşayış tərzi
Daimi rütubət Mausinram kəndinin ətrafında müxtəlifliklə zəngin tropik meşələr formalaşdırıb. Burada bitki örtüyü inanılmaz dərəcədə sıx və canlıdır. Kənd sakinləri bu ekstremal şəraitə uyğunlaşmağı bacarıblar. Onlar möhkəm evlər tikir və özünəməxsus kənd təsərrüfatı üsullarından istifadə edirlər. Ərazidəki ən maraqlı təbii qurğulardan biri “canlı körpülər”dir.
Kauçuk fikuş (ficus) ağaclarının kökləri çayların üzərindən istiqamətləndirilərək körpü formasında böyüdülür. Bu canlı körpülər, süni materiallardan hazırlanan hər hansı qurğudan daha davamlıdır və rütubətli iqlimə qarşı insanla təbiətin harmoniyasını simvolizə edir.
Turistlər və tədqiqatçılar üçün cəlbedici məkandır
Bu əraziyə gəlmək istəyən turistlərə xüsusi geyim və avadanlıq tövsiyə olunur. Su keçirməyən paltar və ayaqqabılar burada vacibdir. Çətin iqlim şəraitinə baxmayaraq, Mausinram həm ekstremal turizm həvəskarları, həm də alimlər üçün cazibə mərkəzi hesab olunur.
Onun nadir ekosistemi tədqiqatçılar üçün böyük elmi maraq doğurur. Bu kənd, təbiət qüvvələrinin gücünü və həyatın ən rütubətli şəraitdə belə necə çiçəklənə bildiyini gözlər önünə sərir. Mausinram hələ də dünyada yağıntının rekordsmen bölgəsi kimi qalır.