Üç uşağı ilə küçədə qalan ailə sığınacaqda
04 iyun 2021 15:17 (UTC +04:00)

Üç uşağı ilə küçədə qalan ailə sığınacaqda

“Yazıq deyilmi bu uşaqlar?!” – Lent.az-ın tapdığı ailə sığınacağa yerləşdirildi

“Neçə gün idi ki, sosial şəbəkələrdə bir ailənin parkda yaşaması ilə bağlı paylaşımlar edilmişdi. Həmin ailəni öz sığınacağımıza qəbul etdik”.

Bunu “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə Lent.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, ailənin vəziyyəti çox pisdir:

“Sosial Xidmətlər Agentliyi tərəfindən yönləndirilən ana və 3 uşağını qəbul etdik. Ən böyüyü 8 yaş, ən kiçiyi isə 1 aylıqdır. Valideynlərin cahilliyinin əziyyətini uşaqlar çəkir. Çox ağır antisanitar vəziyyətdədir bunların durumları. Sabahdan etibarən tibbi müayinələrə başlayacağıq. Ana və atanın psixoloji durumları da yerində deyil. Davranış pozuntuları və əqli çatışmazlıqlar var”.

Ataya gəldikdə isə...

“Ona sosial sığınacaqda qalması təklif olundu. Amma o, bu təklifi qəbul etmədi. Bizim sığınacaqda isə onun qalması mümkün deyil. Biz burada ailə saxlaya bilmərik. Çünki həm yer məhduddur, həm də bura adından da bəlli olduğu kimi uşaq sığınacağıdır”.

Kəmalə Ağazadə onu da deyir ki, ailə burada bir ay qalacaq. Daha sonra isə...

“Bir aydan sonra Sosial Xidmətlər Agentliyi hansı qərarı versə, ona uyğun hərəkət edəcəyik. Amma hər şeyi də bu qurumun üzərinə atmaq doğru olmaz. Onların bir qeydiyyat yeri var, Quba rayonu. Rayonun İcra Hakimiyyəti buna reaksiya verməlidir. Bu vətəndaş üçün həmin rayon üzrə müəyyən addımlar atılmalıdır”. 

Kəmalə xanım açıqlamasında bildirir ki, ailənin bu durumda olması ən çox da uşaqların həyatına təsir edir:

“Bərbad bir durumdur. Bu uşaqların necə bir taleyi olacaq heç bilmirəm. Ən böyük uşağın, Aynurənin 8 yaşı var. Amma hələ də məktəbə getmir. Yazıq deyilmi bu uşaqlar? Bu uşaqlara yaxşı həyat verə bilməyəcəkdinsə, niyə dünyaya gətirirdin? Hamısı valideynlərin cahilliyinin nəticəsidir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Lent.az-a açıqlamasında bildirib ki, ailə başçısı İlqar Həbibova sığınacaqda qalması ilə bağlı təklif olunub:

“Sözügedən şəxsin Sosial Xidmətlər Agentliyinin həssas əhali qrupuna aid edilən şəxslər üçün sığınacaq və sosial reablitasiya müəssisəsinə yerləşdirilməsi üçün agentliyin müvafiq filialının əməkdaşları tərəfindən ona təklif olunub. Təbii ki, bu proses məcburi xarakter daşıya bilməz. Həmin şəxs öz istəyi əsasında sığınacaqda qalmaqdan imtina edib. Amma istənilən halda hər bir sözügedən kateqoriyada olan şəxsin sığınacağa gəlməsi üçün heç bir məhdudiyyət yoxdur. Həmin şəxslər sığınacaqda qidalanma və digər xidmətlərlə əhatə olunurlar”.

Məsələ ilə bağlı ailə başçısı İlqar Həbibovla da əlaqə saxladıq.

“Hə, uşaqları sığınacağa yerləşdirdilər. Düzü, ailəmdən uzaq qalmaq istəmirdim. Amma şərait bunu tələb edir. Özüm hələ də küçədəyəm. Hələ bilmirəm harada qalacam”.

Xatırladaq ki, sözügedən ailə ilə bağlı Lent.az-da xüsusi reportaj yayımlanmışdı. Yayımlandığı tarixdə də Kəmalə Ağazadə uşaqları sığınacağına qəbul edə biləcəyini bildirmişdi. Amma elə atanın ailəsindən ayrı qalmaq istəməmə səbəbindən bu mümkün olmamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3921
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar