Prezident İlham Əliyev sentyabrın 18-də Quba-Qusar avtomobil yolunda, Qudyalçay üzərində beşaşırımlı körpünün açılışında iştirak edib. APA-nın xəbərinə görə, prezident və xanımı Mehriban Əliyeva əvvəlcə körpünün texniki göstəricilərini, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu üzərində indiyədək təmir olunmuş digər körpülər barədə məlumatları və fotoşəkilləri əks etdirən stendlərə baxıblar.
Nəqliyyat naziri Ziya Məmmədov körpünün əsas parametrləri barədə məlumat verib. Bildirilib ki, Quba-Qusar avtomobil yolunda, Qudyalçay üzərində beşaşırımlı körpünün inşasına 2012-ci ildə başlanılıb. Təmir işləri qısa müddətdə, həm də yüksək keyfiyyətlə həyata keçirilib. Uzunluğu 136, eni 14,5 metr olan körpüdə dayaqların sayı 6-dır. Körpüdə piyadalar üçün iki metr enində keçidlər salınıb. Doqquz ballıq zəlzələyə davamlı olan körpünün orta dayağı dörddirəkli konstruksiya ilə quraşdırılıb. Körpü üzərindən keçən 3,6 kilometr uzunluğunda yeni alternativ yol inşa olunub. Yeni körpünün inşası nəqliyyat vasitələrinin şəhərə daxil olmadan birbaşa Quba-Qusar avtomobil yoluna hərəkəti üçün nəzərdə tutulub. Bu isə nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyini təmin etmək baxımından çox əhəmiyyətlidir.
Prezident İlham Əliyev körpünün rəmzi açılışını bildirən lenti kəsib.