NƏSİMİ NƏBİZADƏNİN TƏQDİMATINDA GÜNÜN ŞƏRHİ
Bəli, sosial şəbəkələr artıq həyatımızın bir parçasına çevrilib. Bu məsələdə artan günü-gündən media qurumlarının, daha doğrusu saytların da rolu böyükdür. Media azadlığı çox yaxşı haldır, əlbəttə. Amma bir məsələ gərək unudulmasın. Başı çıxdı-çıxmadı sayt yaradıb başına bir-iki də insan toplayıb klaviaturasına nə gəldi yazıb sonra da bunu sosial şəbəkələrə ötürən "jurnalist"lərin varlığı. Bir vaxtlar sayı hesabı bilinməyən "reket qəzetlər"ə qarşı aparılan mübarizəni, təəssüf ki, internetdə fəaliyyət göstərən bu adamlara qarşı aparmaq bir az çətindir. Bu gün ölkənin müdafiə naziri Zakir Həsənovun guya "istefa ərizəsi" yazdığı kimi xəbərləri yayan insanlar başa düşməlidirlər ki, mətbuat, media, hətta sosial şəbəkə azadlığı deyilən məfhum onların etdiyi kimi deyil. Ən azından müharibə şəraitində olan, demək olar ki, hər gün şəhid verən bir ölkənin ən həssas məqamında və ən vacib nazirliyi barədə dezinformasiya yayanda "qırmızı xətt" deyilən bir ifadəni xatırlayın lütfən. Nazirə görə yox, Müdafiə Nazirliyində qulluq edən hərbçilərimizə, cəbhədə düşmənlə üz-üzə dayanan əsgərlərimizə görə. Çünki orada da bir "qırmızı xətt" var. Və o xəttin o biri tərəfində erməni dayanıb...