Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) Moldova Ombudsmanı Aureliya Qriqoriu ilə görüş keçirilib. Şuradan Lent.az-a verilən məlumata görə, toplantını giriş sözü ilə MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə açıb. O, moldovalı Ombudsmana Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin təbliğinə, Xocalı faciəsi dəhşətlərini dünyaya bəyan etdiyinə görə minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Elmira Süleymanova Aureliya Qriqoriunun həmişə özünün prinsipial mövqeyi ilə seçildiyini deyib: “Müxtəlif çıxışlarında ombudsmanların təkcə öz ölkələrində deyil, ümumən dünyada insan hüquq və azadlıqlarına qiymət verməsinin vacibliyini real faktlarla əsaslandırıb. Onun Azərbaycan həqiqətlərinə yanaşma tərzi də bu mövqeyindən qaynaqlanıb. Məhz bu xüsusiyyətinə görə o, Azərbaycanda hamının sevimlisinə çevrilib”.
Tədbirdə iştirak edən ölkənin aparıcı qəzet və internet saytlarının baş redaktorları A.Qriqoriunu Azərbaycan ictimaiyyətinə sevdirən cəhətlərdən söz açıb, onun fəaliyyətinin təkcə peşəkarlıq deyil, eyni zamanda həssas insanlıq nümunəsi kimi örnək səciyyə daşıdığını vurğulayıblar.
Mərasimdə Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə Moldova Ombudsmanı arasında əməkdaşlıq memorandumu da imzalanıb.
Sonra A. Qriqoriuya Mətbuat Şurasının «Həqiqətə xidmətlərinə görə» mükafatı təqdim olunub. Moldova Ombudsmanı təltifə görə Mətbuat Şurasına, ümumilikdə Azərbaycan jurnalistlərinə təşəkkürünü bildirib.