Hacı İlqar Qabil Abbasoğluna cavab yazdı
18 noyabr 2013 20:53 (UTC +04:00)

Hacı İlqar Qabil Abbasoğluna cavab yazdı

Hörmətli QABİL ABBASOĞLUnun “Uçan Ələm” yazısını oxudum.

O kadrlara da baxdım. Açığı, ilk dəfə idi bu kimi səhnələrin şahidi olurdum. Bu haqda eşitsəm də, indiyə qədər bu kimi görüntülər qarşıma çıxmamışdı. Bircə onu bilirəm ki, 23 ildir ki, İmam Hüseyn (ə) məktəbini anlamaq nəsibimiz olub, lakin dünyanın heç bir yerində bu kimi mənzərə görməmişəm. 
 

Sayın Qabil bəy, ürək ağrısı ilə yazdığınızın səmimiyyətinə inanıram. Amma bütün bunların, İslamın bu kimi formada təqdim olunmasının səbəbi kimdədir və nədədir?
 

Ən başlıcası – kütləvi mediada, telekanallarda İslam maarifçiliyi üçün olan məhdudiyyətlərdə deyilmi?!
 

Bəndeyi-həqir şəxsən özü bu məhdudiyyətin ünvanlarındandır. İllərdir ki, teleməkanda qadağa siyahılarına düşmüşük. Və bir çox dəyərli İslam maarifçiləri də o cümlədən. 
 

Məgər bu durumun səbəbi İslamın akademik tədrisini təşkil edilməsi üçün, ciddi elmi-akademik mərkəzlərin yaranmasına yaradılan maneələrdə deyilmi?!
 

Məgər bu kimi halların yaşanması sovetdən qalma güruhun apardığı maddiyyata yönəli, dinə heç bir aidiyyəti olmayan kütləvi fəaliyyəti deyilmi ki, bu fəaliyyətə hər səviyyədə yaşıl işıq yandırılır və hər cür şərait yaradılır?!
 

Öz payımıza deyirəm ki, davamlı olaraq iki tərəfdən təhlükə və təhdidlə üz-üzə qalmışıq. Məmurların islamofobiyası və din adına olanların xurafatı. İkisinin də təzyiqi altında 13 ildir ki, bu məmləkətdə İslam maarifçiliyi ilə bağlı nə mümkündürsə, etməyə çalışırıq. Bilirəm ki, bu, çox azdır. Amma inanın ki, bütün bunları da özünüzün də bildiyiniz böyük çətinliklərlə reallaşdıra bilirik.
 

İstənilən halda, narahatlığınızı bölüşürəm, cəsarətinizi təqdir edirəm, ürək ağrısı ilə yanaşmanızı alqışlayıram. İndiyə qədər bir neçə dəfə dini durumu müzakirə etmişik. Bu, əslində sistem böhranıdır. Və təkcə dinlə bağlı da deyil. Təhsil də bu durumdadır. İncəsənət də bu durumdadır. Media da bu durumdadır. Məhkəmə sistemi də bu durumdadır. Seçki sistemi də. Səhiyyə də bu durumdadır.

 

Azərbaycan insanının durumu, sistemli halda bu durumdadır. Təhsil yerinə, səhiyyə yerinə, seçki yerinə, mənəviyyat yerinə, obyektiv media yerinə xurafatlar, korrupsiya, karusellər bərqərar olub. Həqiqi kateqoriyalar surroqat nəsnələrlə əvəzlənib. 
 

Düz buyurdunuz, sayın Qabil bəy! BAYRAĞımızın altında olmalıyıq. O Bayraq ki, İslam kimliyi ilə, milli özünüdərklə, çağdaşlıqla səciyyələnir. Bu dəyərləri özündə toparlayıb.

 

Mənəviyyat olmadan, milli özünüdərk olmadan, həqiqi çağdaşlıq olmadan, xurafatın, manqurtluğun, cəhalətin hakim olduğu cəmiyyətdə yaşamağa məhkumuq. Bu 3 amili təminin edə bilməsək, hüquq və azadlıqlarsız vətəndaşın yaşadığı bir sistemdə olacağıq. Və necə ki, varıq.

 

Bizə nə xurafat daşıyıcıları olan dindarlar, nə təhsil və səhiyyə əvəzinə seçki karuselində iştirak edən müəllimlər və həkimlər, nə özünü qorumaq üçün obyektiv ola bilməyən media, nə də ki dövlət atributları altında ədalətli hökm çıxara bilməyən hakimlər lazım deyil. 
 

Bizə müqəddəs Bayrağımız yetər. Şəhid qanı ilə yoğurulmuş bayrağımız yetər. 21-ci əsrin bütün çağırışlarını qarşılamağa tutumu olan Bayrağımız yetər. «Bir dəfə yüksələn və bir daha enməyəcək» ƏZİZ BAYRAĞIMIZ. Buna da əminəm ki, Qarabağda bu BAYRAĞI İmam Hüseyn (ə) şəhadətini dərk edənlər ucaldacaq, inşallah. 
 

Bir daha təşəkkürlər, dəyərli Qabil bəy!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1630

Oxşar yazılar