Azərbaycana yaxınlaşan vəbadan necə qorunmalı?! - QAYDALAR
23 sentyabr 2013 14:15 (UTC +04:00)

Azərbaycana yaxınlaşan vəbadan necə qorunmalı?! - QAYDALAR

Taun Əleyhinə Stansiyanın laboratoriya müdiri: “Həmişə ehtiyatlı olmaq lazımdır”

 

 

 

İranda vəba xəstəliyinin genişlənməsi onunla sərhəd olan Azərbaycan üçün də təhlükəni qaçılmaz edir. Artıq İranın paytaxtı Tehran şəhərində 1 nəfərdə vəba xəstəliyi aşkarlanıb.  İran Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklər Mərkəzinin sədr müavini Mahmud Nəbəvi bildirib ki, Kərəc şəhərində də 1 nəfərin vəba xəstəliyinə yoluxması faktı qeydə alınıb. Ümumilikdə ölkə ərazisində 170 nəfər vəba xəstəliyinə yoluxub. Onlardan 144 nəfəri Əfqanıstan, 1 nəfər Pakistan və 25 nəfər isə İran vətəndaşıdır. Vəbaya yoluxanların əksəriyyəti İranın şərqində yerləşən qonşu ölkələrin vətəndaşları və qeyri-qanuni miqrantlardır. Çünki hazırda Əfqanıstanın şimal bölgələrində vəba epidemiyası geniş şəkildə yayılıb. Əfqanıstan vətəndaşlarının İrana tez-tez səfəri bu xəstəliyin İranda artmasına gətirib çıxarıb.

 

Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın laboratoryia müdiri Musa Cahanov Lent.az-a açıqlqmasında bildirib ki, hazırda Azərbaycan üçün vəba təhlükəsi yoxdur: “Qonşu İranda vəba xəstəliyinin yayılması barədə hələ Respublika Taun Əleyhinə Stansiyaya rəsmi məlumat daxil olmayıb. Hər hansı ölkədə təhlükəli xəstəliyin yayılması barədə məlumat öncə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) təqdim edilir, ÜST də bununla bağlı üzv ölkələrə xəbərdarlıq edir”.

 

İranda vəbanın yayıldığı barədə mediada məlumatların yer aldığını bildirən Musa Cahanov Azərbaycanda belə xəstəliklərin yayılmasının qarşısının alınması üçün hər il güclü profilaktik tədbirlərin görüldüyünü nəzərə çatdırıb: “Hər il mayın 1-dən noyabrın 1-dək, həftədə bir dəfə olmaqla bütün açıq su mənbələrində və eyni zamanda, insanların məişətdə istifadə etdiyi suların mənbəyində müayinələr aparılır. Yəni Azərbaycan ərazisində 112 nöqtədə müayinələr həyata keçirilir. Kəskin bağırsaq infeksiyası olan xəstələr Taun Əleyhinə Stansiyadakı laboratoriyada və regional laboratoriyalarda yoxlanılır. Bu günə qədər vəba törədicisi aşkar edilməyib”.

 

Taun Əleyhinə Stansiyanın laboratoriya müdiri xaricdən ölkəmizə gələn şəxslərin xəstəliklərlə bağlı gömrük-keçid məntəqələrindəki karantin məntəqələrində sorğudan keçirildiyini də qeyd edib: “Sərhəd-keçid məntəqələrində insanlarla sorğu, müşahidə aparılır, vəbaya uyğun əlamətlər aşkarlanarsa, o insanlar ayrılır. Hələ ki, sərhəd-keçid məntəqələrində vəbaya yoluxan aşkarlanmayıb”.

 

Buna baxmayaraq, Musa Cahanov ölkə vətəndaşlarını həmişə ehtiyatlı olmağa çağırıb: “Azərbaycanda içməli sular tam zərərsizləşdirilir, respublikamızda sudan da yoluxma təhlükəsi minimumdur. Ancaq suyun qaynadılıb işlədilməsi daha məqsədəuyğundur. Meyvə və tərəvəzin də qaynadılıb soyumuş su ilə yuyulması məsləhətdir.  Digər tərəfdən, sadə gigiyenik qaydalara riayət olunmalıdır. Məsələn, yeməkdən qabaq əllər yuyulmalıdır”.

 

Musa Cahanov tək İrana deyil, istənilən ölkəyə gedərkən diqqətli olmağı zəruri sayır: “Vəbanın əsas əlaməti ishal, qusmadır. Vəba hava-damcı infeksiyası ilə keçmədiyi üçün vəbaya yoluxan insanın olduğu məkanda vəbaya yoluxması mümkün deyil.  Ancaq xəstə insanın ifrazatı ilə su mənbəyinin çirklənməsi, ərzaq məhsulu, o cümlədən xəstənin özü ilə təmas, məsələn, əllə görüşmək vəbaya yoluxmaya səbəb ola bilər. Bundan öncə sadaladığım qaydalara riayət olunsa, vəbaya yoluxma təhlükəsindən sığortalanmaq mümkündür”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5965

Oxşar yazılar