“Azercell Telekom” qalmaqallı reklamın yığışdırılmasının səbəbini açıqladı
09 yanvar 2013 14:04 (UTC +04:00)

“Azercell Telekom” qalmaqallı reklamın yığışdırılmasının səbəbini açıqladı

Reklam lövhələri kampaniyanın müddəti bitdiyi üçün əvvəlcədən planlaşdırılmış qrafikə uyğun yeniləri ilə əvəz olunub

 

“Azercell Telekom” MMC-nin “Reklam və İnformasiya İdarəsi”nin rəis əvəzinə istinad olunaraq, şirkətin həyata keçirdiyi bəzi kampaniyalara dair reklamların dayandırıldığı barədə məlumatlar yayılıb.

 

Korporativ Ünsiyyət şöbəsinin müdiri Ülviyyə Həsənzadənin Lent.az-a  verdiyi məlumata görə,  “Azercell Telekom” MMC məsələ ilə əlaqədar belə bir açıqlama verməyib, şirkətdə istinad olunan adda struktur bölməsi və vəzifəli şəxs yoxdur.

 

Həmin reklamın yayımının dayandırılması ilə əlaqədar inzibati orqanlardan “Azercell Telekom” MMC-yə heç bir tələb daxil olmayıb. Sözügedən reklam kampaniyasının telekanallarda yayımı və reklam lövhələrində nümayişi kampaniyanın müddəti 2012-ci il dekabrın 20-də bitdiyi üçün əvvəlcədən planlaşdırılmış qrafikə uyğun olaraq yeniləri ilə əvəz olunub. “Azercell Telekom” MMC göstərilənləri nəzərə alaraq, mediadan şirkətin adı hallanan hər hansı yazılar dərc edərkən əvvəl məlumatı dəqiqləşdirib, məsələni araşdıraraq şirkətin  rəsmi mövqeyini öyrənməyi xahiş edir.

 

Qeyd edək ki, söhbət “Bu şəhərdə”-nin aktyorları Rəfael İsgəndərov və Coşqun Rəhimovun qadın paltarında çəkildikləri “Azercell Telekom” MMC-nin reklamından gedir. Millət vəkili Fazil Mustafa bu reklamın paytaxtdan yığışdırılması barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Bu da aktyorlarla millət vəkili arasında mətbuat səhifələrində “söz atışması”na səbəb olmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2069
avatar

Oxşar yazılar