Toz-torpağın içində satılan kənd toyuğu, xəstə heyvan ətləri - Hansı risklər var?
04 iyul 2024 15:35 (UTC +04:00)

Toz-torpağın içində satılan kənd toyuğu, xəstə heyvan ətləri - Hansı risklər var?

Havalar istiləşdikcə qida zəhərlənməsi halları da getdikcə artır. Demək olar ki, insanların əksəriyyəti küçədə satılan, tez hazırlanan qidalara üstünlük verir. Küçədə, yol kənarlarında üstüaçıq şəkildə insanlara təqdim olunan bu qidaların antisanitariya qaydalarına nə qədər uyğun olması da şübhə doğurur. Bəs, açıq havada qalan qida məhsulları nə dərəcədə təhlükəsizdir? Hansı risklər var? Bu cür qida zəncirinə hansısa qurum nəzarət edirmi?

Qidalanmadan söz açmışkən, qida üzrə baş mütəxəssis Ağa Salamov Lent.az-a müsahibəsində bütün bu sualları cavablandırıb.

- Ağa bəy, havalar getdikcə istiləşir. Bu isti havalarda insanlar qidalanmada nələrə diqqət etməlidir? Daha çox hansı qidalara üstünlük verilməlidir?

- İsti yay aylarında ən çox mövsümi meyvə və tərəvəzlərə üstünlük verilməlidir. Bu aylarda insanlar yağlı və ağır yeməklərdən uzaq durmalıdır. Yay fəslində qidalanarkən evlərdə, ictimai iaşə müəssisələrində ehtiyatlı olmaq lazımdır. Ət, toyuq məhsullarını sərin temperaturda və tez emal etmək lazımdır. Həftədə bir dəfə qırmızı ət, toyuq məhsulları və balıq istehlak edilməlidir. Hava isti olduğuna görə istər-istəməz tərləyirik. Bununla da biz mineral itkisi yaşayırıq. Bu səbəbdən yay aylarında bol-bol maye qəbul etməliyik.

- Paytaxtda kənd məhsulları adı ilə yol kənarında və ya maşınların baqajında toyuq, yumurta qatıq və süd satılır. Bu məhsullar mütəmadi olaraq açıq havada qalır. Bəs, bu insan orqanizmi üçün nə dərəcədə sağlamdır?

- Ümumiyyətlə, maşının arxasında, yolun kənarında qidaların satışına yol vermək olmaz. Burada toyuq, balıq, ət, yumurta, kərə yağı satılır. Əlbəttə ki, bunlar aidiyyəti qurumlar tərəfindən aradan qaldırılmalıdır. Amma AQTA gedib bu cür satış edənləri küçədən yığışdıra bilmir. Məhz bu səbəbdən AQTA güc strukturları ilə birlikdə bu cür satışların qarşısını ala bilər. Təbii ki, insanlar da bu məsələ barədə tədbirlər görməli, bu cür satılan məhsullardan alıb, istehlak etməməlidirlər. Biz kənd toyuğu və kənd yumurtasının daha çox istehlak edilməsinin tərəfdarıyıq. Hansı ki, həmin məhsullar soyuducu ilə təchiz olunmuş yerlərdə satılır. Amma isti havada, tozun torpağın içində saxlanılan qidaların əleyhinəyik. Çünki həmin qida məhsulları hava damcı yolu ilə gələn virus və bakteriyalara açıqdır. Saatlarla mühit temperaturunda qalan riskli qidalar hər saatda milyonlarla bakteriyaların çoxalması nəticəsində çirklənməyə məruz qalır. Bu da istehlakçıların zəhərlənməsinə səbəb olur. Ona görə də küçə satışı zamanı diqqət edilməli olan məqamlar var. İlk növbədə satış nöqtələri soyuducularla təchiz olunmalıdır. Əgər meyvə və tərəvəz yeridirsə, vətəndaş orada riskli qida da satmaq istəyirsə, soyuducu təchiz edilməklə ət, balıq, toyuq və.s sata bilər. Amma bu qidaların daşınması, saxlanması xüsusilə nəzarətdə olmalıdır.

- Bu gün ölkədə ət məhsullarına nəzarət hansı səviyyədədir? Aidiyyəti qurumlar öz öhdəliklərini yerinə yetirə bilirmi?

- Ölkədə ət məhsullarının kəsimi, satışı ciddi nəzarət altında olmalıdır. AQTA bununla bağlı müntəzəm olaraq reydlər keçirməlidir ki, bu məntəqələrdə mənşəyi məlum olan ətlərin satışı və kəsimi həyata keçirilsin. Yəni bir sözlə, köhnə ətlər satışa çıxarılmamalıdır. Həmçinin bu heyvanlar baytar nəzarətindən də keçməlidir. Bundan əlavə satış nöqtələrində qəssablar soyuducu ilə təmin olunmalıdırlar. Kəsimdən sonra ət soyuducuda saxlanılmalıdır. Çünki ət açıq havada mikrobioloji çirklənməyə məruz qalır, ətin kimyəvi tərkibi dəyişir. Bu da təbii ki, zəhərlənmə ilə nəticələnə bilər. 

- Ağa bəy, son günlərdə Azərbaycanda heyvanlar arasında xəstəliklərin yayıldığı deyilir. Ümumiyyətlə xəstə heyvan ətinin istehlakı nələrə səbəb ola bilər?

- Xəstə heyvanlar baytar nəzarətindən sonra sıradan çıxarılır. Xəstə heyvan ətini alıb müxtəlif viruslara və ya xəstəliklərə yoluxmaq istəmirsinizsə, baytar nəzarəti altında kəsilən ət satış məntəqələrinə üstünlük verilməlisiniz. Ətin normativlərə uyğun kəsilməsi ilə bağlı sertifikat və sənədlər olmalıdır. Bu cür ətlərdən zəhərlənmə və ya xəstəliklərə yoluxma olarsa, o zaman AQTA-nın qaynar xəttinə müraciət etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3735
avatar

Arzu Qurbanlı

Oxşar yazılar