Toylar hansı şərtlərlə keçirilə bilər? – DEPUTAT AÇIQLADI
17 may 2021 14:35 (UTC +04:00)

Toylar hansı şərtlərlə keçirilə bilər? – DEPUTAT AÇIQLADI

“Bir neçə ay ərzində Azərbaycanda yoluxma sayı tamamilə aradan qalxa bilər”.

Bunu deputat Fəzail Ağamalı Lent.az-a açıqlamasında bildirib. Belə ki, yoluxma sayının azalması bir çoxlarında bu fikri yaradır ki, görəsən karantin rejmi ilə bağlı hər hansı yumşalmalar ola bilərmi?

Deputat bildirir ki, əslində son günlər yoluxmaların azalması ümidvericidir.

“Doğrudur, bundan əvvəl də yoluxma sayı azalıb hətta iki rəqəmliyə düşmüşdü. Amma sonra bütün dünyada olduğu kimi, Azərbaycanda da yoluxma sayı artmağa başladı. İndi mənə elə gəlir ki, peyvəndlənmənin kütləvi şəkildə həyata keçirilməsi yoluxmanın qarşısını almaqda çox ciddi rol oynaya bilər. Necə ki dünya miqyasında artıq belə bir praktika var. Bir çox ölkələrdə peyvəndləmənin geniş miqyas alması orada virusun yayılmasını demək olar ki, sıfırlaya bilib. Ortada Çinin, İsrailin təcrübəsi var. Eyni zamanda İngiltərədə də peyvəndləmə çox sürətli şəkildə aparılır”.

Deputat Fəzail Ağamalı

Fəzail Ağamalı onu da qeyd edir ki, hər kəsin bildiyi o üç əsas şərti də unutmaq olmaz.

“Tibbi maskadan istifadə, sosial məsafənin qorunması, gigiyenik qaydalara əməl edilməsi ilə yanaşı mən düşünürəm ki, hökmən hər kəs peyvənd olunmalıdır. Çünki peyvənd immuniteti gücləndirir, yoluxma sayının azalmasına kömək edir. Yaxşı olar ki, insanlar buna riayət etsinlər. Peyvəndlənmə ilə bağlı müxtəlif şəxslər tərəfindən sosial şəbəkələrdə yayılan, reallığı əks etdirməyən rəylərə əhəmiyyət vermək lazım deyil. 18 yaşdan yuxarı hər kəs peyvənd olunmalıdır. Bu qaydalara riayət olunarsa, bir neçə ay ərzində Azərbaycanda yoluxma sayı tamamilə aradan qaldırıla bilər. Bu virusu tamamilə yox edə bilərik”.

Bəs, toylar? Artıq bir ildən çoxdur pandemiya ilə əlaqədar Azərbaycanda toyların keçirilməsi qadağan olunub. Ona görə də övlad toyu görmək istəyən valideynlər, eləcə də ailə qurmaq arzusunda olan gənclər mərasim təşkil edə bilmir və sadəcə nikahla kifayətlənirlər. Görəsən, bəzi şərtlər daxilində toyların keçirilməsinə imkan yaradılacaqmı?

“Əlbəttə, bütün bunlar olarsa, qoyulan sərt tədbirlər də aradan qalxar. Bunu hamımız gözləyirik. Hər kəs istəyir ki, yenidən normal həyata qayıdaq. Metro və ictimai nəqliyyat əvvəlki kimi işləsin. Eyni zamanda da toylar bərpa olunsun. Mənə elə gəlir ki, toylarla bağlı müəyyən şərtlər daxilində icazələr verilə bilər. Necə olur ki, bu gün müəyyən karantin qaydalarına riayət olunması şərti ilə restoranlar işləyə bilir, amma toylar yox. Mən bunun tərəfdarıyam ki, restoranlara qoyulan qaydaları toylara da tətbiq etsinlər. Və biz tədricən normal həyatımıza dönüş edə bilərik”.

Xatırladaq ki, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov deyib ki, toy mərasimlərinin yay mövsümündə təşkilinə icazə verilə bilər.

Onun sözlərinə görə, yay aylarında açıq havada və bəlli say məhdudiyyəti qoymaqla toylar təşkil edilə bilər. Həmçinin 500-600 nəfərlik tutumu olan şadlıq evlərində 100-150 nəfərlə və məsafə saxlamaqla toy mərasimlərinin keçirilməsi qərarı verilə bilər.

Elə deputat Fəzail Ağamalı da deyir ki, bizim normal həyata qayıtmağımız ümumi göstərdiyimiz səylərdən asılıdır.

“Hər birimiz deyilən şərtlərə riayət etsək , heç bir tərəddüd etmədən peyvənd olunsaq, tezliklə Azərbaycanda bütün karantin qaydalarından imtina edib həyatı əvvəlki kimi yaşaya bilərik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7638
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar