Toya hazırlaşan şadlıq evləri:  ”Qərar hamıya aiddir?”
22 iyun 2021 17:35 (UTC +04:00)

Toya hazırlaşan şadlıq evləri: ”Qərar hamıya aiddir?”

“Elə bu dəqiqə o xəbəri oxuyurdum. Əlbəttə, çox sevindik. Bayaqdan telefonum da susmur. Bütün işçilər sevincəkdi”.

Bunu Lent.az-a açıqlamasında Akif Mustafayev deyir. O, “Sarı gəlin” şadlıq sarayının baş inzibatçısıdır.

Xəbər verdiyimiz kimi, iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir. Amma bəzi şərtlər də var. Şərtlər də əsasən şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahiblərinə aiddir: məsuliyyətləri bir idi, beş oldu. Bəs, onların bu qərarlara münasibətləri necədir?

“Sarı gəlin” şadlıq sarayının baş inzibatçısı Akif Mustafayev deyir ki, əsas toyların keçirilməsinə icazə verilməsidir.

“İşçilər də sevinir. Şərtləri də oxudum. Hə, bir az məsuliyyətimiz artacaq. Amma eybi yox. Təki toy olsun”.

“Altun” şadlıq sarayının sahibi Fuad Nəzirov isə deyir ki, hələ şərtlərlə tam olaraq tanış deyil.

“İndi oxuyuram. Düzü, çox şərtlər mənə bir az qaranlıq qalıb. Məsələn, bizim şadlıq sarayı 250 nəfərlikdir. Amma şərtlərdə 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı nəzərdə tutulub. Bu bütün şadlıq saraylarına aiddir? Neçə nəfərlik olmasının fərqi yoxdur? Hə, bax bunlara da aydınlıq gətirilsə, yaxşı olar. Saat məsələsi də qeyd olunmalıdır”.

“Kral” şadlıq sarayının sahibi Mətləb bəy deyir ki, bütün məsuliyyəti onların üzərinə yükləmək də doğru deyil.

“Düzdür, dövlət nə qərar versə, biz də onunla hərəkət edəcəyik. Çox şükür ki, toyların keçirilməsinə icazə verildi. Amma bir məsələ də var. Axı mən şadlıq evinə gələn bütün toy qonaqlarından “COVID pasportu”nun olub-olmadığını soruşa bilmərəm. Bəlkə biri qanun pozuntusu edib. Toya pasportsuz gəlib. Mən hamını yoxlaya bilmərəm axı. Mənim öz işim var. Bu məsələlərlə yaxşı olar ki, toy sahibi maraqlansın”. 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Hüquqi şəxslər tərəfindən pozuntu halı təkrar baş verdiyi təqdirdə şənlik mərasimi keçirilən müəssisənin fəaliyyətinin dayandırılmasına dair qanunvericiliklə müəyyən edilmiş hallarda qərar qəbul edilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4377
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar