"Toy karvanlarına ciddi nəzarət ediləcək" - Yol polisindən XƏBƏRDARLIQ
01 iyul 2021 14:21 (UTC +04:00)

"Toy karvanlarına ciddi nəzarət ediləcək" - Yol polisindən XƏBƏRDARLIQ

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi toylarla bağlı sakinlərə müraciət edib.

İdarənin şöbə rəisi Vaqif Əsədov Lent.az-a açıqlamasında bildirib ki, toyların başlanması ilə sərxoş halda avtomobil idarə edənlərin sayı arta bilər:

“Amma mən əminəm ki, sükan arxasında olan sürücülər spirtli içkinin təsiri altında avtomobil idarə etməyəcək. Çünki qanunvericiliyə vaxtında edilən əlavə və dəyişikliklərlə, spirtli içkinin təsiri altında nəqliyyat vasitəsinin idarə edilməsinə görə sürücülük hüququndan məhrumetmə, cərimə, yaxud həbs nəzərdə tutulur. Sürücülər spirtli içki qəbul etdikdə “ayıq sürücü”lərə müraciət etməlidirlər”.

Şöbə rəisi əksər hallarda yollarda sıxlıq yaradan toy karvanlarından da danışıb:

Şöbə rəisi Vaqif Əsədov

 “Sürücülər və xüsusilə toy sahiblərinə tövsiyə edirik ki, hərəkət zamanı qaydalara riayət edilsin və digərlərinin hərəkətinə maneə yaradılmasın. “Toy karvanı”nın necə hərəkət etməsi ilə bağlı paytaxt ərazisində müşahidələr aparılacaq. Onların hərəkəti, eyni zamanda, yollardakı nəzarət-müşahidə kameraları vasitəsilə izləniləcək.

Unutmayın ki, Bakı şəhərinin inzibati ərazisi əməkdaşlarımız tərəfindən tam nəzarətə götürülüb. Ərazidə olan kameralar vasitəsilə hərəkətə günün 24 saatı nəzarət edirik, avtomatik olaraq, elektron qərarlar qəbul etməklə, inzibati tənbeh tədbirləri həyata keçiririk”.

Həmsöhbətimiz bundan əlavə, şadlıq evlərinin ətrafında avtomobil saxlayanları da dayanma-durma qaydalarına riayət etməyə çağırıb:

“Xahiş edirik ki, yollara bitişik olan sarayların qarşısında nəqliyyat vasitələrinin düzgün dayanma-durma və park edilməsinə diqqət edilsin. Toylar günün pik saatlarında keçirildiyindən istər-istəməz sıxlığa səbəb olur. Süni sıxlıqlar isə vəziyyəti bir qədər də çətinləşdirir”.

# 3066
avatar

Mehman Nəbiyev

Oxşar yazılar