Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasını araşdıran Qazaxıstanın hökumət komissiyası 30 gün ərzində öz işinin ilkin nəticələrini təqdim edəcək.
APA xəbər verir ki, bu barədə komissiyanın üzvü, Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev məlumat verib.
"Ümumilikdə, standartlara görə, təhqiqatın ilkin və ya aralıq nəticələri 30 gün ərzində elan edilir", - deyə o bildirib.
Lastayevin sözlərinə görə, hazırda araşdırmanın sahə mərhələsi gedir. Yəni təyyarənin parçaları, qəza yerindəki izlər toplanır, maketlər hazırlanır və bütün bunlar Aktau hava limanında xüsusi təşkil olunmuş anqarda araşdırılır.