İngiltərədə 52 il itkin düşən qadın tapılıb. Polis Britaniyanın ən uzun müddətdir itkin düşmüş şəxslərlə bağlı işlərindən birini açdığını bildirib.
Lent.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, 1972-ci ildə 16 yaşlı Şeyla Foks Qərbi Midlenddə Koventridən yoxa çıxıb. Polisin hesabatında qızın valideynləri ilə yaşadığı və gənc oğlanla münasibətdə ola biləcəyi göstərilib. Polis, Foksun Koventrini təkbaşına tərk edə biləcəyini göstərən bir qeyd də yayımlayıb.
Bir neçə gün əvvəl polis yenidən 16 yaşlı qızın "Axtarılır" etiketi ilə fotoşəkilini dərc edib və bu dəfə axtarış uğurlu olub. Uest Midlands polisinə zəng edən şəxs 68 yaşlı Şeylanın harada olduğunu bildirib.