Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında
13 may 2022 17:20 (UTC +04:00)

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında

Şuşa bu şadlığa dözmədi, yağış kimi ağladı - Bir ömrə dəyən TƏƏSSÜRAT

Yaxşı ki, yağış yağdı, gizlətdi o göz yaşlarını. İçimizdəki səssiz hönkürtüdən bədənimizin bütün əzaları sirkələnirdi onsuzda. Qoy elə bilinsin ki, yağışdır bizi titrədən. Axı arxa sırada igid əsgərlərimiz cərgələnib. Onlar bizi zəif görməsinlər...

Şuşadasan, Cıdır düzündə və Fikrət Əmirovun “Vətən süitası” səslənir. Möhtəşəmliyə bax! Qarşında isə yalnız Azərbaycan xalqının yox, bütün Türk dünyasının həsrətinə son qoyan, ürəyindəki yaranın qanamasını saxlayan, milyonlara itirilmiş uşaqlığını, gəncliyini geri qaytaran Qalib, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev var. Ürək yerindən çıxacaq kimi çırpınır, üstəlik bu canı yanmamış rəqqasların ifası da səni elə çoşdurur ki, səsin gəldikcə bağırmaq istəyirsən – yağışına-palçığına, qayana -çınqılına, hər qarışına qurban olum ay Vətən, ay Şuşa!

Prezidentin Sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Festivalının möhtəşəmliyini nə qədər təmtəraqlı sözlərlə bəzəsəm də, onsuz da oradakı həyəcanı, səadəti ifadə etməyə yetməyəcək. Elə ona görə də mayın 12-də baş tutan əvəzsiz Şuşa səfərindən içimdən gələn kimi, sadə dillə danışacağam sizə.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında

***

Biz Şuşaya gedirik, özü də kimlərlə? Yanında sənətinə heyran qaldığın, səni Vətənin damarlarına salıb oradakı bütün sevgini dadızdıra bilən böyük sənətçilər, bəzilərinə ustadım deyə biləcəyin media nümayəndələri... Hamısı da çox qürurlu. İtirdiyimiz böyük səadətə yenidən qovuşuruq.

Xoşbəxtliyi itirməmiş anlamağın çox çətin olduğunu indi bütün varlığımla duyurdum. Daha nə qədər insan o xoşbəxtliyi tapdı, anladı? Rəqəmləri sıralamaq çətin olar. Səninlə birlikdə səfərdə olanların, hətta tanımadığın insanların üzündəki ifadələr hamısı bu tanış xoşbəxtlikdən xəbər verir, səni onlara necə də doğmalaşdırır. Qaçıb bir-bir qucaqlamaq istəyirsən o səadətləri. Amma Polad Bülbüloğlu və Fərhad Bədəlbəylinin üzünə baxanda görürsən ki, bu sənətkarlar tamam başqa bir zövq yaşayırlar. Onu da başa düşürsən ki, bunu başqa yerdə yox, məhz Şuşada görmək olardı.

***

Zəfər yolu! Zəfərin dadını bilmək üçün bu yolu da keçməniz lazım. Yoxsa, inanın ki, uzaqdan Vətən Müharibəsinin miqyasını, möhtəşəmliyini başa düşmək, o günlərdə nələrin baş verdiyini qavramaq asan olmayacaq.

Zəfər yolu

Yol gedirik, arxadan səslər gəlir, əsgər buranı necə keçdi? Hər qarışında izi olan şəhidlər, qazilər, üzdən tanımadığımız neçə-neçə qəhrəman... Əsgərin 44 gündə keçdiyi o müqəddəs yerlərdən indi sən rahat formada asfaltın üstündə şütüyərək gedirsən. Ona görə də qoy buraya da baxım, oranı görmədim məndən inciməsin deyə, bütün mənzərəni qaçırmamağa çalışırsan.

...və Qarabağdasan! İlahi Şükür! Var ol Cənab Prezident, ruhun şad olsun Şəhidim, ağrıyan canına qurban Qazim, sağ ol yağışın-qarın altında yorulmadan bizə bu rahat yolu çəkən, Qarabağımı abadlaşdıran hər bir kəs. Bizim sizə nə qədər borcumuz var görən?

***

Bəlkə də “Xarıbülbül” Festivalında səhnədə səslənən “Qarabağ şikəstəsi”nin sədalarını Şuşa dağlarına yayaraq o borcdan bir az qaytarırıq? Özü də Əməkdar artistlər İlkin Əhmədov, Babək Niftəliyev və Səbinə Ərəblinin ifasında. İfadan çox diqqətimi çəkən Birinci vitse-prezident, bu möhtəşəm tədbirin təşkilində böyük zəhməti olan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ifadələri idi. Mehriban xanım, bu nə böyük sevinc?! Adama elə gəlirdi ki, orda ən böyük sevinc Birinci xanıma məxsusdur. Bu adi yox, içinə qürur qatılmış bir duyğu idi. Allah daim etsin!

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında

Tədbir boyunca dayanmadan yağan yağış nə bu sevinci, nə də iştirakçıların hər birinin içində olan o coşğunu, atəşi söndürə bilmədi. Bəlkə təbiət, Şuşanın şıltaq havası bizimlə sevincini belə bölüşürdü? Yağış damlaları rəqqaslarla birlikdə rəqs edirdi. Dağ havası yağış formasında üzümüzə xoşbəxtliyimizi çırpırdı... Göylərdən gələn səadət sinəmizi daha da qabartdı.

Müharibə günlərində bizə qardaşlıq dəstəyi göstərən Türkiyənin sənətçilərinin də Şuşada ifasını izləmək ayrı bir ləzzət idi. Səhnədə Polad Bülbüloğlu “Çal oyna” xalq mahnısını oxuyaraq elə bütün Türk Dünyasına səslənirdi. Çal-oyna ey böyük millətim, bu sənin haqqındı.

Polad Bülbüloğlu səhnədə 

“Pakistan rəngləri” qrupunun “Bhanqra” rəqsini izləyəndə insana heç yad gəlmirdi. Hamısı çətin günlərin dostudur. “Cəngi” Estrada Folklor Rəqs Ansamblının “Tənzərə”, Əməkdar artist Şirzad Fətəliyev və nəfəs alətləri qrupunun “Turacı” rəqsi, Azərbaycan Dövlət Rəqs Ansamblının avar xalq rəqsi, Özbəkistanın Baxor Dövlət Rəqs Ansamblının ifası... Hamısı bir-birindən gözəl. Amma Tunisin “Yuma” dueti “Smek” kompozisiyasını ifa edənlər, orada çoxlarını özündən aldı.

***

Bu ifa yadıma yenə yol boyu gördüklərimi salır. Vandalizmin nə olduğunu iliklərimə kimi hiss edirdim. Baltalanmış evlər, baltalanmış arzular... Düşmənin qəddarlığı, vəhşiliyi evlərin, yuvaların, ocaqların yerində yalnız uçuq divar izi buraxıb. Hər şeyin izi qala bilər, amma ev izi... Çox acıdır.

Allah düşmənin ən pisini bizə nəsib edib. Bu balaca toplumun içindəki türk nifrəti nə qədər böyükdür İlahi? Arxalarına aldıqları güclə gözəlim Azərbaycanımın kəndlərini yer üzündən silməyə çalışıblar. Yarımçıq o divarların üstündə cücərən bitkilər nəzərimdən qaçmır. Üzü yuxarı elə şövqə uzanmışdılar ki, sanki düşmənin acığına divarları tamamlamağa can atırlar. Onların da gücü buna çatır.

Cücərən divarlar

Evlərimizin divarları qələbənin eşqinə cücərirdi. Onlar olduqları yerdə qala bildikləri qədər dayandılar. Baltalanan o divarların axan qanları qurudu, üstündən keçən 30 qış, 30 yaya, təbiətin bütün şıltaqlıqlarına dözdü, bəzən macalı qalmayıb yıxıldı da, amma son güclərini toplayıb geridə bir iz buraxdılar. Bizim yaralı, divardan olan qəhrəmanlarımız. Bu nə sədaqət?

***

Yaxşı deyiblər - Çaqqalların səltənəti Aslanlar ayağa qalxana qədərdi! Budur Şuşada toy-düyün qurmuşuq yenə. Aşıqlarımız da sazı basıb sinələrinə. Samirə Əliyeva və Əli Tapdıqoğlunun sazda ifa etdiyi “Qarabağ qaytağısı” tədbirə daha bir dad qatır. Aybəniz Haşımovanın və "Bülbüllər” qrupunun ifasında “Vətəndən pay olmayır” mahnısı isə tədbirin mahiyyətini bir daha ortaya qoyur! Belə pay kəsilər həmişə.

Və...Tədbir iştirakçılarını ayağa qaldıran, şövqlə alqışladan isə ümummilli lider Heydər Əliyevin yaddaşlara keçən səsi oldu - "Biz Azərbaycan torpağının bir qarışını da heç kimə verməyəcəyik!" Hər alqışla bərabər ovcumuzdan kənara yağış damcıları sıçrayırdı. Su damcıları alqışların səsinə əlavə ahəng verirdi. Bax onda inandım ki, Şuşa bu şadlığa dözmədi, yağış kimi ağladı.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında

Şuşa dağlarında kövrək notlarla yekunlaşan açılış tədbirindən sonra Prezident və Birinci xanımın qonaqlara davranışındakı səmimiyyət o qədər aydın görünürdü ki. Xalqla birlikdə sevinmək özündən sonra elə böyük bir SEVGİ buraxır ki, necə olduğunu bilmədən içini doldurur. Bunlar ömür boyu unudulmayacaq təəssüratlardı. Düşməni də müharibədəki məğlubiyyəti ilə yanaşı ən çox məhv edən bu sevgi oldu.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında

***

Şuşada kimdənsə necəsən deyə soruşmayın. Şuşadadırsa hər şey yaxşıdır, gözəldir, əntiqədir!!! Hətta şıdırğı yağışın altında islansan belə.

Yaxşı ki, yağırdı o yağış...

Sizinlə təəssüratlarını bölüşən bəndəniz

 

# 22803
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar