Xankəndidə polisə tabe olmayan şəxs həbs olunub.
Lent.az-ın məlumatına görə, 23 yaşlı Laçın rayon sakini Asəf Quluyev (ad şərtidir) sərxoş halda şəhər ərazisindəki “Gəncə təndiri”nin qarşısında dava salıb. Belə ki, o, həmin obyektin qarşısında əvvəl ədavətli olduğu şəxsləri görərək, onlara yaxınlaşıb və mübahisə etməyə başlayıb.
Bu zaman polis əməkdaşları dərhal onlara yaxınlaşıb. Polislərin yaxınlaşdığını görən Asəf qaçmağa başlayıb və bununla da, hüquq-mühafizə orqanı əməkdaşlarına tabe olmayıb. Lakin qaçarkən ayağı səndəlləyib və yıxılaraq, sifətindən xəsarət alıb. Polislər onu saxlayaraq, xidməti avtomobilə mindirib və şöbəyə aparıblar.
Asəf Quluyev ifadəsində bildirib ki, əvvəllər obyektlərə girib özünü vergi əməkdaşı kimi təqdim edərək pul yığıb. Buna görə də polisləri görəndə barəsində tədbir görüləcək deyə qaçıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə (polis və ya hərbçi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) yazılan protokol Xankəndi şəhər Məhkəməsinə göndərilib. Hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə Asəf Quluyev 10 gün inzibati qaydada həbs edilib.