Qədim və zəngin tarixi, özünəməxsus mədəniyyəti, valehedici təbii-coğrafi mühiti və saysız sərvətləri ilə seçilən Azərbaycan əsrlər boyunca müxtəlif düşmən hücumlarına qarşı dayanıb, torpaqlarının müdafiəsi naminə çoxsaylı sınaqlardan keçib. Müstəqilliyini bərpa etdikdən sonra isə Azərbaycan Respublikası müasir tarixinin təxminən 30 illik bir mərhələsini Qarabağın azadlığı uğrunda aparılan mübarizəyə həsr edib.
Nəhayət, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə ilə xalqımız haqqı olanı aldı, işğal altındakı torpaqlarının böyük hissəsini azad etdi və yeni tarixi mərhələnin əsasını qoydu. Bu Qələbə ilə xalqımızın on illərlə davam edən ədalət axtarışı reallığa çevrildi. Lakin hələ də Qarabağ bölgəsində Ermənistanın qanunsuz silahlı birləşmələri qalırdı. Üçtərəfli Bəyanata görə, həmin qüvvələr ərazidən çıxarılmalı idi, amma üç il ərzində Ermənistan bu öhdəliyi yerinə yetirmədi.
Əksinə, silahlı dəstələrini gücləndirdi, yeni hərbi texnika gətirdi və separatçı rejimi himayə edərək danışıqlardan yayınmağa davam etdi. Həmin dövrlərdə hərbi xidmətdə olan biri kimi erməni qanunsuz birləşmələrinin mövqelərini necə gücləndirdiklərini, dayanmadan mühəndis-istehkam işlər apardıqlarını gözlərimlə görmüşəm.
Azərbaycan dövləti bütün bu müddət ərzində humanist mövqeyindən dönmədi – gərginliyin qarşısını almaq üçün sülh çağırışları etdi, reinteqrasiya təşəbbüsləri irəli sürdü, hətta beynəlxalq təşkilatların iştirakı ilə malların Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə eyni vaxtda daşınmasını təşkil etdi. Lakin bütün bu səylərə baxmayaraq, Ermənistan tərəfi yeni təxribatlar törətməkdə, minalar basdırmaqda və Ordumuzun mövqelərini atəşə tutmaqda davam etdi.
2023-cü il sentyabrın 19-da vəziyyət kirtik həddə çatdı. Əhmədbəyli–Füzuli–Şuşa yolunda əvvəlcədən basdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və hərbçilər şəhid oldu, Ordumuzun mövqeləri atəşə tutuldu.
Bütün bunlar dövlətimizin səbr kasasını daşırdı. Azərbaycan Konstitusiyasının tələblərinə, beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək, separatizmi birdəfəlik aradan qaldırmaq məqsədilə lokal xarakterli antiterror əməliyyatı başlandı.
23 saatlıq möhtəşəm Zəfər
Antiterror əməliyyatı cəmi 23 saat 43 dəqiqə davam etdi. Azərbaycan Ordusu yüksək dəqiqlikli silahlar və mükəmməl strateji planlama ilə düşmənin mövqelərini, uzunmüddətli istehkamlarını, hərbi infrastrukturunu sıradan çıxardı. Qarabağda 406 kvadratkilometr ərazi tam nəzarət altına alındı, yüzlərlə texnika məhv edildi, minlərlə atıcı silah və sursat ələ keçirildi. Separatçılar ağ bayraq qaldırmağa məcbur oldu və 20 sentyabr saat 13:00-da tam atəşkəs razılaşması əldə olundu. Qeyri-qanuni silahlı dəstələr tərksilah edildi və ərazini tərk etdi.
Əməliyyat başlamazdan əvvəl Ordumuza ciddi göstəriş verilmişdi ki, mülki əhali zərər çəkməsin. Müdafiə Nazirliyi bölgə sakinlərini SMS, səsgücləndirici və məlumat vərəqələri ilə xəbərdar etdi, onların təhlükəsizliyi təmin olundu. Qadınlar, uşaqlar, yaşlılar və xəstələr üçün xüsusi tədbirlər görüldü, tibbi və sosial yardım göstərildi. Dövlətimizin beynəlxalq humanitar hüquqa sadiqliyi bütün dünyaya nümayiş etdirildi.
Bir günlük əməliyyatdan sonra illərlə danışıqlardan yayınan Qarabağdakı erməni icmasının nümayəndələri Yevlaxda görüşməyə məcbur oldular. Görüşdə separatçı rejimin ləğvi və erməni əhalinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələləri müzakirə olundu. Nəhayət, sentyabrın 28-də qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbəri Samvel Şahramanyan separatçı qurumun ləğvi ilə bağlı sənəd imzaladı. Bununla da Qarabağda separatizm tarixin arxivinə qovuşdu.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 15 oktyabr 2023-cü ildə Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinə səfər edərək üçrəngli bayrağımızı ucaltdı.
Bu, təkcə dövlətimizin deyil, həm də xalqımızın yüzillik həsrətinin gerçəkləşməsi idi. 2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən möhtəşəm hərbi parad bu tarixi Qələbəmizin dünyaya nümayişi oldu.
2023-cü ilin 19–20 sentyabr antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açdı. Separatizmin kökü kəsildi, ərazi bütövlüyümüz tam bərpa olundu, ölkəmizin suverenliyi möhkəmləndi. Bu Qələbə yalnız hərbi gücün deyil, həm də siyasi iradənin, xalq birliyinin və beynəlxalq hüquqa əsaslanan mövqenin nəticəsi idi. Azərbaycanın üçrəngli bayrağı bu gün Qarabağın bütün şəhərlərində dalğalanırsa, bu, igid oğullarımızın şəhidliyi və qəhrəmanlığı sayəsində mümkün olub.
Prezident İlham Əliyevin 2024-cü il 19 oktyabr tarixli Sərəncamına əsasən, artıq hər il 20 sentyabr “Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü” kimi qeyd olunacaq. Bu tarix xalqımızın həm qürur, həm də qəhrəmanlıq günüdür.