Son 30 ildə dünyada nə qədər jurnalist həlak olub? – Onlardan 11-i erməni terrorunun qurbanıdır
09 iyun 2021 12:44 (UTC +04:00)

Son 30 ildə dünyada nə qədər jurnalist həlak olub? – Onlardan 11-i erməni terrorunun qurbanıdır

İyun ayının 4-də Azərbaycanın Kəlbəcər rayonunda iki media əməkdaşı - AZTV-nin operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov mina partlayışı nəticəsində həlak oldular.

Lent.az xəbər verir ki, bu hadisədən sonra Qarabağda həlak olan jurnalistlərin sayı 11-ə çatdı. Qeyd edək ki, 1988-1994-cü illərdə Qarabağ müharibəsində 13 jurnalist erməni terrorçularının hücumuna məruz qalıb. Onlardan 9-u şəhid olub. Şəhid olanlarda 2-si rus, digərləri azərbaycanlılardır. Ümumiyyətlə, son 30 ildə konfliktli bölgələrdə jurnalistlərin fəaliyyəti ciddi təhlükə altına düşüb. Beynəlxalq Jurnalistlər Federasiyasının (İFJ) son hesabatına görə, 1990-cı ildən bəri dünyada 2658 jurnalist öldürülüb. 

Əslində, jurnalistlərin həlakı ilə bağlı ilk statistika açıqlananda, bəzi beynəlxalq media ekspertləri təəccüblənmişdilər. Statistikanı açıqlandığı 1990-cı ildə məlum olmuşdu ki, təkcə həmin il bu və ya digər konfliktli bölgədə 40 jurnalist həlak olub. O vaxt çoxları bunun təsadüfi olduğunu düşünürdü. Amma 2020-ci ilin sonunda bu rəqəm 2658-ə çatanda daha dəhşətli bir statistikanı üzə çıxardı: Həftəyə bir jurnalist öz fəaliyyətinin qurbanı olur. 

Hesablamalara görə, indiyədək ən çox  jurnalist İraqda öldürülüb – 339 nəfər. Onda sonrakı yerləri Meksika (175), Filippin (159), Pakistan (138), Hindistan (116), Rusiya (110), Əlcəzair (106), Suriya (96), Somali (93) və Əfqanıstan  (93) tutur. Məlumatda o da deyilir ki, İraqda 2003, Əfqanıstanda isə 2001-ci ildən, yəni bu ölkələrə hərbi müdaxilədən sonra jurnalistlərin ölümü sürətlə artıb. Asiya-Sakit okean hövzə ölkələrində 681, Latın Amerikasında 571, Yaxın Şərqdə 558, Afrikada 466, Avropada isə 373 jurnalist həyatını itirib.

Bir maraqlı fakt; 44 gün davam edən Vətən müharibəsində 27 azərbaycanlı jurnalist ehtiyatda olan zabit və digər kateqoriyalar qismində səfərbərlik proqramına cəlb edilib, cəbhə xəttinə göndəriliblər. 27 nəfərdən ikisi döyüşlərin gedişində yaralanıb, müxtəlif dərəcəli xəsarətlər alıblar. Əlavə olaraq, döyüş bölgəsində səfərbərlik proqramından kənar xidmət keçən, həqiqi hərbi xidmətdə olan sabiq KİV işçisi - ATV-nin keçmiş montajçı-əməkdaşı Davud Qurbanov həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3126
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar