“Səngər adamları” kitabının təqdimatı keçirilib
28 dekabr 2021 14:04 (UTC +04:00)

“Səngər adamları” kitabının təqdimatı keçirilib

Hərbi jurnalist Şöhrət Eyvazovun tərtib etdiyi “Səngər adamları” kitabının təqdimatı keçirilib.

Lent.az-ın məlumatına görə, kitab Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə hazırlanıb.

Tədbir şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Təqdimatı giriş sözü ilə açan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov öncə kitabın ərsəyə gəlməsində əziyyəti olan şəxslərə, “Səngər adamları”nın təqdimatını öz üzərinə götürən BAMF və təşkilatın rəhbəri Umud Mirzəyevə, eləcə də qonaqlara təşəkkürünü çatdırıb.  O, tədbirdə iştirak edən jurnalistlərə üzünü tutaraq “Sizlərlə qürur duyuruq, siz canlı örnəksiz. Bugünkü tədbir dəryada damladır, çalışdıq öz borcumuzu verək. Çox sevinirik ki, “Səngər adamları” kitabında jurnalistlərimizin fəaliyyəti əbədiləşdirilir.” deyib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev media şəhidlərinə ithaf olunan “Səngər Adamları” kitabınında  bəhs edilən  jurnalistlərin bütün bu 30 il ərzində səngərdə olduqlarını bildirib: “Qarabağ savaşında 12 jurnalist şəhid olub. Həlak olanlardan ikisi əcnəbidir. Jurnalistlər xəbərləri əldə etməyin çətin olduğu bir vaxtda belə, dünyanın müxtəlif media kanallarına məlumatlar ötürürdülər. Azərbaycan jurnalistləri həqiqətləri dünyaya çatdırmaqla, səngərdəki əsgərlər qədər iş görüblər. Biz də kitabı Qarabağ bölgəsində fəaliyyət göstərən jurnalistlərə həsr etdik”.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov öncə BAMF Prezidenti Umud Mirzəyevə təşəkkür edib.  Ə.Amaşov Qarabağ savaşında jurnalistlərin informasiya müharibəsində müstəsna fəaliyyətindən də söz açıb: “Bu kitab onların əməyinə verilən qiymətin bir başlanğıcdır. Əminəm ki, bunun ardı gələcək, bu kitab jurnalistika fakültəsində dərs vəsaiti kimi istifadə olunacaq”.

"Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rəy Kərimoğlu kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib: “İlk növbədə kitabın hazırlanmasında təşkilatçı olan BAMF Prezidenti Umud Mirzəyev və tərtibatçı Şöhrət Eyvazova təşəkkür edirəm. Əminəm ki, gələcəkdə daha böyük kitablar olacaq. Bu kitab birbaşa cəbhədə olan jurnalistlər haqdadir. Amma onlardan savayı yüzlərlə jurnalist arxa cəbhədə informasiya cəbhəsində vuruşub”.

Millət vəkili Azay Quliyev bildirib ki, “Səngər adamları” kitabında da qeyd edildiyi kimi şəhidlər vurulanda yox, unudulanda ölürlər: “Prezidentin bizi qələbəyə aparan missiyanı uğurla başa çatdırmasında haqqında danışdığımız jurnalistlərin də rolu var”.

“Səngər Adamları” kitabının tərtibçisi, İctimai Televiziyanın Qarabağ müxbiri, Qarabağ Media Assosiasıyasının sədri Şöhrət Eyvazov əsəri Qarabağ mediasının fədakarları ilə bağlı ilk addım adlandırıb. O, təkcə 44 günlük Zəfər müharibəsində 27 media nümayəndəsinin hərb, 200-dən çox  jurnalist və operatorun isə informasiya cəbhəsində xidmət etdiyini söyləyib. Növbəti layihələrdə onlar haqqında geniş məlumatların ictimaiyyətin diqqətinə çatdırılacağının planlaşdırıldığı bildirilib. 

Müəllif  “Səngər Adamları” kitabını gələcəkdə hərbi jurnalist olmaq istəyən gənclər üçün praktiki vəsait adlandırıb.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə şəhid jurnalistlərin və onların timsalında bütün şəhidlərin müqəddəs ruhu və onların ailələri qarşısında baş əydiyini deyib: “44 günlük savaşda əsrlər boyu yaşayacaq bir tarixə imza atdıq. İnsanlarımız Prezidentin “Dəmir yumruq”unun ətrafında sıx birləşərək ön və arxa cəbhədə vətəndaşlıq mövqeyi nümayiş etdirdilər. Zaman keçəcək, şəhid jurnalistlər haqda filmlərin çəkildiyinin, povest və oçerklərin yazıldığının şahidi olacağıq”.

Şəhid polkovnik Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova bildirib ki, jurnalistin şəhidliyi həm də təmsil etdiyi qurumun şəhidliyidir: “Azərbaycan xalqı şəhid jurnalistlərin adlarını adbaad tanıyır. Bu gün jurnalistlərin hər biri mübarizə aparır. Bu yaxınlarda “Səngər adamları” kitabının tərtibçisi, İctimai Televiziyanın Qarabağ müxbiri Şöhrət Eyvazovla Raquf Orucovun məzarını ziyarət etdik. Şöhrət bəy mənim üçün dəyərli insandır. İkinci Qarabağ müharibəsi dövründəki jurnalistlərimizin fəaliyyətləri gəncliyimiz arasında izlər buraxacaq. Bu gün başı dik gəzirik və əminəm ki, Çingiz Mustafayevin, Salatın Əsgərovanın, Alı Mustafayevin ruhu bu gün şaddır”.

AZƏRTAC-ın Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək şəhid olan müxbiri Məhərrəm İbrahimovun qardaşı isə bildirib ki, jurnalistika sahəsində çalışanlar bir çox çətinliklərlə üzləşirlər: “Mən qürurluyam. Hamımız nə zamansa vətən üçün şəhidik. Milli qeyrət həmişə öndə olmalıdır”.

O, şəhidlərin adının əbədiləşdirilməsi üçün təklif də irəli sürüb: “Kəlbəcərdə həm turistik baxımdan, həm dünya ictimaiyyətinə çatdırılması baxımdan onların adının əbədiləşdirilməsi mümkündür.  Ümid edirəm, Məhərrəmin doğulub boya-başa çatdığı Göyçə mahalını Azərbaycanın tərkib hissəsi kimi görəcəyik”.

BAMF Prezidenti Umud Mirzəyev əlavə edib ki, regionlarda fəaliyyət göstərən qəzetlərimizin də şəhid əməkdaşları var: “Regionlarda əvvəl 100-dən çox jurnalist həmkarımız vardı ki, bu dövrdə xeyli çətinliklər görərək həyatlarını dəyişdilər. Füzulidə jurnalist Zibeydə Hacıyeva valideynləri ilə birlikdə minaya düşərək həlak olub”.

Çıxış edən Zibeydə Hacıyevanın əmisi oğlu Samir Yuniszadə bildirib ki,  Zibeydə “Araz” qəzetində baş redaktor olub: “O, “Füzuliyə ilk ayaq basan jurnalist mən olacam” deyirdi. “Böyuk qayıdış” məqaləsi üçün ora getmişdi. Məqaləni özü tamamlaya bilmədi. Arzu edirəm ki, bütün jurnalistlər öz məqaləsini özü tamamlasın”.

Qeyd edək ki, kitab 162 səhifədən ibarətdir. “Səngər adamları”nın ideya müəllifi  Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev, redaktorlar Cahangir Məmmədli, Mübariz Piri, tərtib edən Şöhrət Eyvazov, məsləhətçi Rey Kərimoğludur.
 

# 1845
avatar

Oxşar yazılar