QMİ Məhərrəm ayı  ilə bağlı fətva verdi
23 iyun 2025 10:36 (UTC +04:00)

QMİ Məhərrəm ayı ilə bağlı fətva verdi

Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə bağlı fətva verib.

Lent.az xəbər verir ki, QMİ-nin Qazılar Şurası və səlahiyyətli nümayəndələri bu barədə məlumat yayıb.

Nəzərinə çatdırılıb ki, Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1446-cı il başa çatır, yeni 1447-ci ilin başlanğıcının – Məhərrəm ayının 1-inin Miladi təqvimlə 2025-ci il iyun ayının 26-na təsadüf etməsi gözlənilir.

Əsrlər boyu Azərbaycan dindarlarının yaddaşına həkk olunmuş Məhərrəm ayının Aşura günü – Peyğəmbərimiz Məhəmməd (s.a.s.) əziz nəvəsi İmam Hüseyn əleyhissalamın ailəsi və səhabələri ilə birlikdə haqsızlığa və zülmə qarşı mübarizədə şəhadətə yetişməsi hadisəsi dünya tarixində fədakarlıq salnaməsi kimi dəyərləndirilir. Kərbəla şəhidləri İslamın “yaxşılığa dəvət və pislikdən çəkindirmə” məfkurəsini bütün ümmət üçün əsl nümunəyə çevirmiş, din, Vətən, torpaq, ailə şərəfi və müqəddəs amallar uğrunda şəhadətin mükəmməl əxlaq nümunəsini yaratmışlar.

Son illər Məhərrəmlik dönəmində dindarları İslama yad olan əməllərdən və xurafatdan çəkindirən əsas tədbirlərdən biri - Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası müqəddəs dinimizə layiq olan ən münasib əzadarlıq nümunəsi kimi bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan və xalq tərəfindən təqdir edilən hadisədir. Ümidvarıq ki, inşaAllah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında Allah rizası üçün İmam Hüseyn (ə) və əziz şəhidlərin xatirinə ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqların şəfa tapmasına yardımçı olacaqlar. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcəkdir.

Biz, Azərbaycan müsəlmanları şükürlər edirik ki, bu ilki Məhərrəm ayı illər boyu dualar etdiyimiz Zəfərin beşinci ildönümü ərəfəsinə təsadüf edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Ordumuzun bizlərə yaşatdığı qürur və sevincə görə Uca Yaradana həmd-sənalar, dövlətimizin rifahı üçün dualar edirik. İşğaldan azad olmuş Qarabağda və Şərqi Zəngəzurda yenidənqurmanın başlanması, dini-mədəni abidələrimizin bərpası, həmvətənlərimizin doğma yurd-yuvalarına Böyük Qayıdışı – bütün bunlar Allah-taalanın lütfü ilə müdrik dövlət başçımızın səyləri sayəsində reallaşan arzularımız, dualarımızdır.

Qazılar Şurası olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Həmçinin, QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, AR “Dini etiqad azadlığı haqqında” Dövlət Qanununun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması yolverilməzdir. Xüsusilə qeyd etmək istərdik ki, ölkəmizin suverenliyi, dövlətçiliyimizin yenilməz nüfuzu əleyhinə son dönəmlərdə güclənən erməni revanşist təbliğatına qarşı Azərbaycan din xadimləri tərəfindən qətiyyətli və davamlı şəkildə Vətən sevgisini, milli dəyərlərə sədaqəti, şərəf və ləyaqəti ehtiva edən çağırışlar edilməli, xütbələr oxunmalıdır. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir. Qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər.

Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, həmçinin 20 yanvar və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur. Uca Allah xalqımızı, dövlətimizi hifz etsin, dövlət rəhbərimizin Azərbaycan naminə fəaliyyətinə daima rəvac versin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640

Oxşar yazılar

Saçları bərpa edən dərman  hazırlandı

Saçları bərpa edən dərman hazırlandı

23 iyun 2025 , 12:45
Sabah bu ərazilərə leysan və dolu  yağacaq - hava PROQNOZU

Sabah bu ərazilərə leysan və dolu yağacaq - hava PROQNOZU

23 iyun 2025 , 12:40
Xüsusi karantin rejiminin müddəti uzadıldı

Xüsusi karantin rejiminin müddəti uzadıldı

23 iyun 2025 , 12:03
Rüşvət verdiyini etiraf edən şəxsi cəza gözləyir? - CAVAB

Rüşvət verdiyini etiraf edən şəxsi cəza gözləyir? - CAVAB

23 iyun 2025 , 11:45
Xırdalanda gecələr səs-küy salanlar cərimələndi - VİDEO

Xırdalanda gecələr səs-küy salanlar cərimələndi - VİDEO

23 iyun 2025 , 11:11
Bu xəttə yeni avtobuslar  verildi

Bu xəttə yeni avtobuslar verildi

23 iyun 2025 , 10:32
Ulduzlar bu yay  BÜRCLƏR üçün nə hazırlayıb?

Ulduzlar bu yay BÜRCLƏR üçün nə hazırlayıb?

23 iyun 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

23 iyun 2025 , 08:13