Yay fəslinin gəlişi ilə süfrələrin əvəzolunmaz meyvəsinə çevrilən qarpız, sərinləşdirici dadı ilə isti günlərin ən şirin istirahəti olur. Lakin bazardan və ya dükanlardan alınarkən yalnız xarici görünüşünə baxaraq ən şirin qarpızı seçmək bəzən tamamilə şansa çevrilə bilir. Qarpızın içinin şəkər kimi çıxması üçün bilincli seçimlər etmək vacibdir.
Lent.az düzgün qarpız seçmək üçün ən maraqlı məlumatları sizə təqdim edir:
Bəs xarici görünüşü cazibədar, içi qıpqırmızı və tam yetişmiş bir qarpız necə seçilər?
Yalnız rənginə və ya böyüklüyünə baxmaq kifayət deyil. Qarpızın sapından tutmuş səsinə, qabığının naxışından altındakı ləkəyə qədər bir çox əlamət onun dadı barədə ipucları verir. Məhz bu nöqtədə qarpız seçməyin püf nöqtələrini bilmək işinizi asanlaşdıracaq.
Altındakı sarı ləkəyə diqqət edin
Qarpızın yerə toxunan hissəsində əmələ gələn sarımtıl ləkə onun yetişib-yetişmədiyini göstərir. Bu ləkə nə qədər tünd sarıya (və ya krem rənginə) yaxınsa, bu, qarpızın günəş altında daha uzun müddət yetişdiyini göstərir. Əgər bu ləkə ağ rəngə yaxındırsa, deməli hələ tam şirin deyil.
Sapı ipucu verir
Qarpızın sapı hələ də yaşıldırsa, bu onun hələ tam yetişmədiyini göstərir. Amma sap quruyub və qəhvəyi rəngə çönübsə, bu qarpızın budaqda tam yetişdiyini göstərir. Qurumuş sap, qarpızın şirin olma ehtimalını artırır.
Tok səs axtarın
Qarpızı əlinizə alıb barmağınızla üzərinə vurduqda tok və əks-səda verən bir səs çıxmalıdır. Bu səs qarpızın dolğun və şirəli olduğunu göstərir. Əgər səs batıq və zəifdirsə, bu onun ya qurumuş, ya da yetişməmiş olduğunu göstərə bilər.
Qabığının naxışına və parlaqlığına baxın
Qarpızın qabığındakı xətlərin dəqiq və kontrastlı olması onun yetişmiş olduğunu göstərir. Həmçinin qabığın mat görünməsi də şirin qarpızın göstəricilərindəndir. Parlaq qabıqlı qarpızlar isə adətən hələ tam yetişməmiş olur.
Eyni ölçüdə olanlardan ən ağırını seçin
Çünki daha ağır qarpız daha suludur və içi doludur. Yüngül olanlar adətən içi boş və ya qurumuş olur.