Peyvəndə gələn QİÇS  xəstəsi, inadkar pasientlər - REPORTAJ
01 iyul 2021 16:01 (UTC +04:00)

Peyvəndə gələn QİÇS xəstəsi, inadkar pasientlər - REPORTAJ

Azərbaycanda bu günə qədər koronavirus (COVID-19) əleyhinə 3 511 219 peyvənd vurulub.

Lent.az-ın əməkdaşları da bu gün peyvəndləmə prosesindən keçmək üçün özəl klinikalardan birinə yollanıb.

Xatırladaq ki, peyvənd olunmaq üçün https://randevu.its.gov.az/ saytından qeydiyyatdan keçmək vacibdir. Elə biz də bunun üçün əvvəlcədən qeydiyyatdan keçmişdik.

Özəl klinikanın həyətinə daxil olduqdan sonra qeydiyyat məntəqəsinə yaxınlaşdıq. Şəxsiyyət vəsiqəmizi və telefonumuza gələn müvafiq mesajı göstərdikdən sonra bizə növbə nömrəmiz qeyd edilən kiçik vərəqə verdilər. Beləliklə, peyvənd vurulması üçün gözləmə yerinə yaxınlaşdıq.

Peyvənd vurulmamışdan qabaq növbə prosesinə yardımçı olan klinika əməkdaşı ilə həmsöhbət olmağa vaxt tapdıq. Onun bildirdiyinə görə, gün ərzində müraciət edənlər bəzən icazə verilməməsinə baxmayaraq, peyvənd vurulması üçün inadkarlıq edirlər:

“Bir neçə gün əvvəl QİÇS xəstəsi peyvənd olunmaq üçün bura yaxınlaşmışdı. Uzun söhbətlərdən sonra onu klinikamızda olan həkimə yönləndirdik. Müvafiq testləri verdikdən sonra bəlli oldu ki, ona peyvənd vurula bilməz. Klinika olaraq bu cür məsuliyyəti üzərimizə götürə bilməzdik və vətəndaşa peyvənd vurulmasından imtina etdik”.

Klinika əməkdaşı qeyd etdi ki, daha təzyiqi yüksək olan şəxslərə asanlıqla peyvənd vurulması mümkün olmur:

“Təzyiqi yuxarı və ya aşağı olan şəxslər barədə xüsusi ilə ehtiyat edilir. Ancaq təzyiqləri normala dönürsə, onlara peyvənd vurulur. Əks halda, işçilər peyvənd vurulmasının mümkünsüzlüyünü izah edirlər.

Peyvənd olunmadan sonra da tövsiyə edirik ki, yarım saat hər kəs nəzarətimizdə olması üçün burada gözləsin. Ancaq buna çox az şəxs əməl edir”.

Sıraya uyğun olaraq vətəndaşlar üç-üç peyvəndləmə üçün ayrılmış otağa daxil olmağa başladı. Sıra bizə çatdı və doldurmağımız üçün tibb işçiləri tərəfindən sorğu blankı verildi. Blankda xroniki xəstəliklərin olması, hər hansısa dərman preparatlarından istifadə, allergik reaksiyanın olması, yaxın zamanlarda infeksion xəstəlik keçirilməsi, zərərli vərdişlərin olması ilə bağlı suallar yer alırdı. Əlavə olaraq blankda qadınlar üçün isə hamilə olub-olmamaması və ya körpəsinə ana südü verib-verməməsi barədə suallar əksini tapmışdı.

Sözügedən blankın fotosunu təqdim edirik:

Sorğu blankını doldurduqdan sonra təzyiqimiz və qızdırmamız ölçüldü, qanda oksigen miqdarı yoxlanıldı. Hər şey normaya uyğun olduğu üçün bir neçə dəqiqə sonra peyvənd olunduq.

Bizimlə bərabər gözləyənlərin hamısına isə peyvənd vurulması mümkün olmadı.

Əməkdaşlarımızdan biri hazırda qrip olması səbəbindən məsləhət almaq üçün tibb işçisinə yaxınlaşdı. Bir neçə sualı cavabladıqdan sonra bəlli oldu ki, ona peyvənd vurulması üçün bir həftə vaxt keçməsi lazımdır, çünki əməkdaşımız bir gün qabaq xəstəliyi ilə əlaqədar antibiotik qəbul etmişdi.

Peyvənd vurdurmaq üçün otağa daxil olan şəxslərdən biri epilepsiya xəstəsi olduğunu bildirdi. Həmin xanıma da bir neçə sual ünvanladıqdan sonra peyvənd üçün mütləq həkimin icazə rəyi olmasının vacibliyi izah edildi.

Digər bir vətəndaşın isə təzyiqinin yüksək olması peyvənd vurulmasına mane oldu. Təzyiqinin düşməsi üçün dərman qəbul edib, yarım saat gözləsə də, yenə də peyvənd vurulması üçün uyğun sayılmadı.

QEYD: Artıq bir neçə saat keçməsinə baxmayaraq, peyvənd vurulan sol qolumuzda kiçik narahatlıq hiss etməyimizdən başqa digər bir xoşagəlməz hal hiss etmirik.

Bunu da bildirək ki, peyvəndin ikinci dozası üçün artıq müvafiq mesajı da almışıq.

 

COVID-19 üzrə bizə verilən məlumat formasını da təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5394
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar