Oxunmayan mesaj, bir qucaq xatirə, 4 medal - “İlk şəhidlərdən idi”
05 oktyabr 2021 16:40 (UTC +04:00)

Oxunmayan mesaj, bir qucaq xatirə, 4 medal - “İlk şəhidlərdən idi”

“Qaqa, ay qaqa... Nolar denən sağam, qaqa. Nolar səsinə, özünə qurvan denən sağam”.

Düz bir il öncə cavabsız qalmışdı yazdığı mesajları. Mesajlar oxunmasa da, cavab gəlməsə də, o, təkidlə yazırdı. Bəlkə bir ümid...

Ülvinin mesajlarından danışıram. Şəhid Nicat Atayevin qardaşı Ülvinin. O şəhid ki, 44 günlük müharibənin qəhrəmanlarındandır. Həm də ilk şəhidlərindən.

Şəhid Nicat Atayev və döyüş yoldaşları

27 yaşlı Nicat Mingəçevir şəhərində dünyaya gəlmişdi. Buna baxmayaraq təhsilini Bakı şəhər 200 nömrəli tam orta məktəbində alır. Tale elə gətirir ki, 10-cu sinif təhsilini Gəncə şəhərində yerləşən 55 nömrəli Kəlbəcər məktəbində davam etdirməli olur. Orta məktəbi başa vurduqdan sonra, 2011-ci ildə hərbi xidmətə yollanır. Naxçıvan şəhər N saylı hərbi hissəsində xidmət edir. Hərbi xidmətini başa vurduqdan sonra isə universitetə hazırlaşmaq qərarına gəlir.

Şəhid Nicat Atayev və döyüş yoldaşları
 

“Çox istəyirdi ali təhsil almağı. Amma elə lap uşaqlıqdan arzusu hərbi idi. 2014-cü ildə Gəncə Dövlət Universitetinin fiziki hazırlıq fakültəsinə qəbul oldu. Universiteti uğurla başa vurdu. Daha sonra arzusunun dalınca getdi”.

Sənədlərini toplayıb Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə müraciət edir. 

“2019-cu ildə 3 aylıq zabitlik kursunu başa vurduqdan sonra təyinatı Füzuli rayonun N saylı hərbi hissəsinə verilmişdi. O da getdi. Vəzifəsini layiqincə yerinə yetirdi. Elə arzusunu da reallaşdırdı...”

Şəhid Nicat Atayev və döyüş yoldaşları
 

3 qardaş idilər Nicatgil. Ailənin ən sakit, sözəbaxanı da elə Nicat olub. Evin böyük övladı olması onu bir az da qayğıkeş etmişdi sanki. Çətinliyini, qayğısını bölüşməz, sevdiklərini üzməkdən qorxardı.

“Sonuncu dəfə sentyabrın 26-sı danışdıq" deyir Ülvi. Gecə saatlarında olur son söhbətləri. Əslində Nicat bilirdi bu söhbətin sonuncu olduğunu. Amma Ülvi heç ağlına da gətirməzdi. İnanmazdı ki, bir də heç vaxt qardaşı ilə danışa bilməyəcək, səsini eşitməyəcək. Necə ki, ayın 27-si yazdığı bütün mesajlar cavabsız qaldı.

Şəhid Nicat Atayevin  son mesajları
 

“Bu döyüşün ilk şəhidlərindən oldu qardaşım. Döyüşlərdə fəal iştirak edib. Nicat zabit kimi, tağım komandiri kimi öndə gedib. Vuruşub. Və şəhid olub...”

Nicat Atayev 27 sentyabrda Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndində şəhid olur. Ölümündən sonra “Füzulinin azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə”, “İgidliyinə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Şəhid Nicat Atayevə ölümündən sonra verilən medallar

Ondan geriyə bir qucaq xatirələr qaldı. Bir də...Bir də heç vaxt oxumayacağı mesajlar....

Şəhid Nicat Atayev və döyüş yoldaşları
 

Şəhid Nicat Atayev və döyüş yoldaşları

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8517
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar