Od bahasına CEHİZ:  İndi qızlar oğlan evinə nələr aparır? - ARAŞDIRMA
07 noyabr 2024 11:06 (UTC +04:00)

Od bahasına CEHİZ: İndi qızlar oğlan evinə nələr aparır? - ARAŞDIRMA

Ötən gün qab-qacaq mağazalarının birində boynubükük vəziyyətdə vitrinə baxan gənc bir qızla qarşılaşdım. Sağ tərəfimdə dayanan qızın anidən “oy” nidasını eşidəndə özümü saxlaya bilməyib gözümü əlindəki üstündə sadə bəzəkləri olan şirniyyat qabına zillədim. Qabın arxa tərəfinə yapışdırılmış kağızda qeyd olunan qiymət “əl yandırırdı”. Təxmin etdim ki, elə qızın da reaksiyası qiymətdən əli yandığı üçün idi. Qızın bu pul dəyərini çox dərd etdiyini görəndə səbəbi maraqlı gəldi və ona yaxınlaşıb dostyana təəssüfünün səbəbini soruşdum. Gözlərindən narahatlıq oxunan qız bir neçə ay sonra olacaq toyu üçün cehiz yığmağa başladığını, lakin xərclərin imkanları daxilində olmadığını söylədi. Həmyaşıdımın bu vəziyyəti məni çox düşündürdü.

Elə bu səbəbdən məsələ ilə bağlı Lent.az üçün kiçik bir araşdırma etdim.

Adət-ənənəyə görə, evlənmək istəyən oğlanın evi, qızın isə isə cehizi olmalıdır. Belə ki, əksər valideynlər, xüsusən də bölgələrdə ailədə qız övladı dünyaya gəldikdə onun üçün cehiz toplamağa başlayırlar. Bəs Azərbaycanda bir xanımın cehizi neçəyə başa gəlir?

Cehiz xərclərinin nə qədər ola biləcəyini müəyyənləşdirmək üçün əvvəlcə mebel qiymətləri ilə maraqlandıq.

Məlum oldu ki, orta hesabla mətbəx mebeli 1500- 2500, yataq dəstləri 2500-3500, qonaq dəstləri isə 3500-4500 manat arasında dəyişir.

Elektronika məhsullarının da qiymətləri müxtəlifdir. Məsələn, televizor 500-2500, soyuducu 600-4000, paltaryuyan 800-2000, qabyuyan 1000-2000 manat arası təklif olunur. Sadə sobaların qiyməti isə 300-700 manat aralığındadır.

Bundan əlavə, cehizə qiymətinə 150-1500 manat arası olan ütü, 100-2200 manat arası pərdə, 100-2800 manat arası xalça daxildir. Şirəçəkən 170 manatdan 800 manata, ətçəkən isə 200 manatdan 550 manatadək təklif olunur. Ümumilikdə, bir qızın cehiz xərcini hesablasaq, minimum 15, maksimum 30-35 min manata başa gələ bilir. Bəzən isə valideynlər qızının “rahatlığı” naminə kreditlərə müraciət edir və illərlə borc ödəməli olur. 

Bəs əvvəllər?

Hər kəsə məlumdur ki, cehiz yığmaq adəti ta qədimdən Azərbaycanda mövcuddur. Lakin keçmişdə adətən gəlin köçən qızlara çox da böyük olmayan cehizlər verilərdi. Gəlinin cehizi əsasən yorğan, yastıq, gündəlik işlədilən xırda məişət əşyaları və sairə olurdu. Təxminən 50 il əvvəl cehiz xərci o vaxtkı pulla 300-500 manat olurdu. Hazırda isə bir qıza verilən cehiz bəzən böyük sərvət dəyərində olur desək, yanılmarıq. Əvvəllər cehizin məbləğini toydan yığılan pulla ödəmək olurdusa, indi yığılan pullar yalnız toyun özünə çatır.

Təbii ki, bütün bunlar gəlin köçən qızın baş ucalığı sayılır. Bəzən cehiz tam olmayanda qarşı tərəf, yəni oğlan evi narazılıq edir, arada söz-söhbət yaranmağa başlayır. Hətta cehizin natamamlığı toyun yubanmasına belə səbəb ola bilir.

Xarici ölkələrdə də bəy-gəlin “cehiz qurbanı” olur? 

Onu da deyək ki, inkişaf etmiş Avropa ölkələrində, ümumiyyətlə, cehiz söhbəti yoxdur. Qız və oğlan evlənərək hər şeyi özləri alırlar.

Qonşu Türkiyədə isə cehiz ənənəsinin bizdəkindən əsas fərqi odur ki, burada evin böyük məişət texnikası və mebellərini bəy alır.

Hansı bölgəmizdə cehiz oğlanın boynuna düşür?

Azərbaycanda yalnız Şəkidə qız cehiz kimi mebel və digər böyük əşyaları aparmır. Evi mebellə təmin etmək bəyin boynuna düşür. Gəlin isə yalnız qab-qacaq, yataq örtükləri, dəsmal kimi əşyalar aparır.

Əslinə qalsa, ən gözəl cehiz gənclərə verilən tərbiyə, mədəniyyət və mənəviyyatdır. Əgər gənclər düzgün tərbiyə alıbsa, mədəniyyətləri yüksəkdirsə, onlar özləri gələcəkdə işləyib, lazım olan əşyaları, cehizi alacaqlar. Əsas odur ki, birlikdə xoşbəxt yaşasınlar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8595
avatar

Ləman Sərraf

Oxşar yazılar