Mətbuat Şurasının sədri Əflatun Amaşov
09 iyul 2021 18:08 (UTC +04:00)

Mətbuat Şurasının sədri Əflatun Amaşov

Mətbuat Şurasının sədrindən "reket jurnalist"lərlə bağlı AÇIQLAMA

"Bir sıra kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkə hesablarında bəzi jurnalistlərin çəkiliş müqabilində şəhid ailələrindən pul tələb etməsilə bağlı fikirlər yayılmaqdadır. Bununla əlaqədar Azərbaycan Mətbuat Şurasının sədri kimi mənə də müraciət edənlər var". 

Lent.az xəbər verir ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov bu haqda sosial media hesabında açıqlama yayıb. 

Mətbuat Şurasının sədri Əflatun Amaşov

Mətbuat Şurasının sədri bildirir ki, belə bir məsələyə dair nə isə söz demək, mövqe açıqlamaq ağırdır:

"Nəinki ağırdır, eyni zamanda utancvericidir. Şəhid ailəsindən görülməli işin müqabilində pul tələb etmək, yaxud hər hansı təmənna ummaq mənəvi baxımdan cılızlıqdır. Demək ki, müəyyən adamlar üçün müqəddəs heç bir dəyər yoxdur və həmin adamların özünü jurnalist kimi təqdim etməsi vəziyyəti bir qədər də qəlizləşdirir. İstər-istəməz bu bizi düşündürməlidir. 

Ümumən media müstəvisində spekulyasiyalar hər zaman olub. Buna qarşı mübarizə aparılıb, müəyyən irəliləyişlər əldə edilib. Ancaq təəssüf ki, mübarizənin gözlənilən effekti verdiyini söyləmək mümkünsüzdür. Ümüd edirik ki, media sahəsindəki islahatlar kontekstində görülən və görüləcək tədbirlər, işə kompleks yanaşma nəticəsində dövriyyəyə girəcək konkret hüquqi mexanizmlər təsadüfi şəxslərin jurnalistika adına meydan oxumalarına sipər çəkəcəkdir. Bu, həm ümüdümüzdür, həm də arzumuzdur. Yuxarıda qeyd etdiyim hadisə də böyük ölçüdə mediadan sui-istifadədir". 

Əflatun Amaşov qeyd edir ki, jurnalist şəhid ailəsinin qapısını döyüb ondan reportaj hazırlaya, açıqlama ala bilər:

"Çünki bu kateqoriyadan olan insanların problem və çətinliklərinin, qayğılarının cəmiyyətə və müvafiq dövlət qurumlarına çatdırılması önəmlidir. Eləcə də cəmiyyətin şəhid övladlarımızın şücaətindən, qəhrəmanlıqlarından xəbər tutması, onların döyüş yolunun örnək məqamları ilə əlaqədar məlumatlılığı şərtdir.
Azərbaycan Mətbuat Şurası olaraq biz məsələni diqqətdə saxlayırıq və saxlayacağıq. Paytaxtdakı, eləcə də rayonlardakı icra strukturları ilə təmasdayıq. Belə hallara qarşı ictimai qınaq daha da gücləndirilməlidir. Eyni zamanda hüquqi mexanizmlər də işə salınmalıdır. Əgər kimlərsə özünün səlahiyyətlərindən, statusundan istifadə edib şəhid ailələrinə münasibətdə nalayiq davranırsa, həm mənəvi, həm də hüquqi baxımdan cəzalarını almalıdırlar".

Qeyd: "Reket jurnalist"lərin şəhid ailələrindən müəyyən məbləğdə pul alaraq, övladları haqqında reportaj hazırlaması ilə bağlı araşdırma ilk dəfə LENT.az-da yayımlanıb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3123
avatar

Nigar Adil

Oxşar yazılar