Səbinə ƏVƏZQIZI
22 noyabr 2024 13:03 (UTC +04:00)

Səbinə ƏVƏZQIZI

Kabinetdə sığallayıb, dollara boğan, küçədə söyən “KİŞİCİKLƏRİMİZ”

Hərə bir cür dolanır. Ya da əsas məqsədimizə gələk, müxtəlif formalarda zəngin olur. İnsan var zəkasının pulunu yeyir. Bəziləri zəngin olmaq üçün gecəsini-gündüzünə qataraq çalışıb, özünü lap əldən salır. İnsan var ki, şəxsiyyəti bir qəpiklik olsa da fitri istedadı var. Bu keyfiyyətinə görə də hara getsə qapılar üzünə açıqdır. Bunlara sənətçilər, yazarlar, aktyorlar, lap elə futbolçulara da aiddir. Buna deyirlər Allah vergisi. Belələri şansı ilə birlikdə anadan olurlar.

Amma bəziləri var ki, fürsət güdür. Məsələn, görür ki, indi ali təhsil almaq, lap akademik olmaq dövrü deyil. İndi əsas məsələ dırnaqlarını şeytan formasında şellak etmək, “poposunu” doğum günü şarları kimi şişirtmək, dodaqlarını burnundan da irəli çəkdirmək, orasını-burasını açıq qoyub pulu çox olanların toplandığı auditoriyaları tapmaqdır. Önəmli olan o ortamı tapmaqdır, sonra indiki texnologiya, yeni mikrofonlarla lap lalı da oxutmaq olur. Fonaqramanın canı sağolsun.

Hansı formada qazanmasına baxmayaraq, zənginlər bütün hallarda ağıllı insanlardı. Onların ağıllarını aşağılamayın. O boyda pulu bir araya toplamaq, mülk və obyekt sahibi olmaq dəlilərin işi deyil. Hörmətli və ya hörmətsiz, səviyyəli və ya bambılı olmaq isə bu başqa məsələdir.

Zəngin və ya elə bir balaca pullu olmaq o saat gözə girir. Cəmiyyət bu insanların adını, nəslini-kökünü sanki, əzbərləyir. Küçədə çıxıb bir kasıb alimin adı ilə bağlı sorğu keçirsək, heç şübhə etmirəm ki, əksəriyyət onu tanımayacaq.

Bəzi varlılardan nümunə gətirək. Əvvəlcə ən yuxarıdakılardan başlayaq. Məsələn, İlon Mask. Kimdən soruşsan onun hər şeyini, hətta uşaqlarına əlifbadan qoyduğu adlara kimi bilir. Bu informasiya insanlar üçün nə qədər faydalıdır, bax orasını bilmirəm. Onun hələ cəmi 10 yaşı olanda fərqli olacağı bir çoxlarına bəlli idi. İlk işləri elə də asan olmayan proqramlaşdırma vasitəsilə video oyununu yaratmaq oldu. İnternetin partlaması fürsətindən istifadə edən gənc bu günün leqallıqla qazanan ən zəngin insanlarından biridir. Həm zəkalı, həm də fürsəti doğru dəyərləndirməyin sonu belə olur. Özü də fərqində idi ki, bu sahə tezliklə kölgə altına düşməyəcək.

Mask bir nümunə idi, insan zəkasının çörəyini yeyir. Azərbaycanda da beyninin hesabına varlananlar yox deyil. Amma bizlərin diqqətini çəkən əllərinin arasından aşıb-daşan dollarları, insanların gözünə soxanlardır. Amma onun da günahı yoxdur, görür bu yolla çanta-çanta dollar toplayırsa, daha başını-gözünü xarab edib niyə kod yazsın, proqramlaşdırma öyrənsin və ya yeni bir şey icad etsin. Məsələn, “baboşlar” çıxıb Tik-tok-a bir iki dəfə “azzz” deyib çörəyini qazanır da. Ya həmin platformada söyüş söyənlər var ki, evdəki arvadının var-yoxunu hər gün yada salan kişilərin qazandığını jeton vasitəsilə doldurur cibinə. Bu pulları heç kim zorla, dələduzluqla, kimisə aldadaraq qazanmır. Öz xoşları, azad iradələri ilə göndərirlər. Ona görə də, bizlərin onlara nəsə deməyə heç bir əsasımız yoxdur. Bax məni o söyüşü eşidib bahalı jeton atan insanlar maraqlandırır. Yəqin fikirləşirlər ki, mən illərdi söyürəm, amma heç beləsi ağlıma gəlməmişdir: “Kişinin qızına eşq olsun, bu jeton ona halaldır”. Amma bunu ürəyində deyir ha... Küçəyə çıxan kimi və ya hansısa media orqanından onlardan bir kəlmə eşidən kimi, qeyrəti “fışqırır”. Əslində hamı bu ikiüzlülüyün fərqindədir. Nə oldu, siz cəmiyyət olaraq bunları sevmirsinizsə, bəs “Niqulya”nın əlinə pulları, “baboşları”, professional söyüş söyənləri, kabinetlərdə mikrofon fırladanları kim zəngin edir?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7119
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar