Heyvan sevgisi insanın insandan qaçışıdır - 20 pişiyin "anası" ilə REPORTAJ
14 iyun 2022 18:00 (UTC +04:00)

Heyvan sevgisi insanın insandan qaçışıdır - 20 pişiyin "anası" ilə REPORTAJ

"Yerimək istəyirdi, amma taqəti yox idi.  Səsimi eşitdi və mənə tərəf gəlmək istəyəndə, biraz süründü və anidən hüşünü itirib gedib böyrü üstə düşdü".

Bunu Lent.az-a keçmiş futbol hakimi, idman jurnalisti və ən nəhayət pişiklərin aşiqi Röya Kərimli deyir. 

Röya Kərimli

Röya Kərimli 1991-ci ildə Bakı şəhərində anadan olub. O, 14 yaşında futbolla məşğul olmağa başlayıb. Röya xanım bir zamanlar hakimlik etməyə getdiyi meydançalara indi jurnalist olaraq gedir. 

Hakimlikdən idman jurnalistliyə gedən yol. Röya xanım danışır:

- Mən uşaq olanda ailəvi məsələlər səbəbilə Yevlaxa getməli olduq. Orada nənəmgil yaşayırdı. 13 yaşım olanda, 2004-cü ildə rayonumuzun "Karvan" futbol klubu yaradıldı. Düzdü, ona qədər 2002-ci il dünya çempionatını izləmiş və futbolu sevmişdim, lakin "Karvan"a olan sevgim həyatımın mənasına çevrildi. Əslində futbolçu olmaq istəyirdim, ancaq həmin dönəmlərdə rayonlarda qadın futbolu yox idi.

Bir gün TV-də futbol izləyərkən xanım hakim gördüm və mənə çox maraqlı gəldi. Valideynlərimə deyəndə buna etiraz etmədilər və araşdırmadan sonra Mingəçevirdə Rövşən Əhmədov adlı hakim olduğunu, ona müraciət etməyin lazım gəldiyini öyrəndik. Valideynlərim Rövşən müəllimlə görüşüb məsələni ona deyəndə çox məmnun olmuşdu. Çünki həmin illərdə Azərbaycanda cəmi 2 xanım hakim vardı. Bakıda Venera Muradova və bacısı bu işlə məşğul olurdu. Rayonlardan isə, heç kim yox idi. Beləliklə, 2005-ci ildə 14 yaşım olanda Mingəçevirdə qaçışdan imtahan verdim və Rövşən müəllim məni qəbul etdi. 

Röya xanım deyir ki, mətbuata gəlməyinə də səbəb elə futbola olan marağı olub...

- Mətbuata marağım da elə o vaxtlardan vardı. "Futbol+" qəzetinin daimi oxucusu idim. Hətta 8-ci sinifdə bir dəftər tutmuşdum. "Karvan"ın oyunlarında qeydlər aparırdım, sonra qəzetdə oxuyub öyrəndiklərimdən ilhamlanıb oyunların təhlilini yazırdım. Mənə danışmaqdansa, yazaraq fikirlərimi izah etmək daha rahat gəlir. 

Röya xanım deyir ki, heyvanları sevməyi nənəsindən öyrənib. Deyəsən, həqiqətən də nənələr ən böyük sevgiləri öyrədənlərdi... Onun həyətində 20-dən çox pişik var. Hamısını da küçədən gətirib. Söhbətə davam edir: 

Roya Kərimli uşaqlıqda(nənəsinin həyəti)

- Yevlaxda qaldıq biz bir müddət. Mənim nənəm də heyvanları çox sevir. Hətta insanları sevməz, amma heyvanları sevər. Elə maraqlı xasiyyəti var. (gülür)... Bu gün də telefonla danışanda mənə insanların yaxşını, yaxşılığı unudan varlıqlar olduğunu, onlara güvənməməm gərəkdiyini deyir və hər dəfə vurğulayır ki, ruzini, yeməyini heyvanlarla paylaş. 

Yevlaxda qaldığım müddətdə mən də heyvanları sevməyi öyrəndim. Çünki gözümü açıb onları görmüşdüm. Tək uşaq olmuşam, başqa qardaş-bacım yoxdur. Anam da mənə başqa uşaqlarla oynamağa çox icazə vermirdi. Mənim də dostlarım həyətimizdəki heyvanlar oldu. Ən çox itimiz Pələng və pişiyim Mumanı heç unutmuram. Ən yaxın dostlarım idi onlar. Məktəbdən qayıdanda onlarla söhbət edirdim, günüm necə keçdi onlara danışırdım, hətta onlara dərs keçirdim. Uşaqlığım ancaq onlarla keçib. 
Heyvan sevgisi insanın insandan qaçışıdır...

Röya xanım davam edir:

- Bəzən insanlara qəribə gəlir ki, niyə heyvanları bu qədər sevirəm. Çoxları elə düşünür ki, pişikləri saxlamaq sadəcə maraqdır. Onlar mənim psixologiyamın dərinliklərinə enə bilmirlər deyə anlamırlar ki, heyvanlar mənə uşaqlığımdan ən yaxın dost olublar. Həyatım ancaq onlarla birlikdə keçib. Kiçik yaşlarımdan bir arzum vardı ki, böyüyüm, evim olsun və orada pişiklərimlə yaşayım. 2014-cü ildə bu arzum həyata keçdi. O gün bu gündür pişiklərimlə birlikdə yaşayıram. Sadəcə uşaqlıq dostlarım yox, bu gün də mənə ən yaxındılar. Həyatımı, planlarımı sadəcə onlara uyğun olaraq qururam. Heyvan saxlamaq çox böyük məsuliyyət tələb edir. Başqaları saxlayır mən də saxlayım, evdə itim pişiyim olsun deməklə olmur. Heyvan saxlamaq körpə uşağa baxmaq kimi bir şeydir. Sadəcə fərq odur ki, bunlar uşaq kimi qışqırıb ağlamırlar, hətta daha sözəbaxan olurlar (gülür)... Hər gün işdə saat 4-dən sonra darıxmağa başlayıram. Evə gedib onları görmək üçün yolda tələsirəm. Çünki qapıdan daxil olanda məni görüb elə sevinirlər, elə şirinlik edirlər ki, günün bütün yorğunluğu stressini atıram. Gözlərindəki məsumiyyət insana o qədər xoş təsir edir. 

Bir deyim var: "Heyvanı sevməyən insanları sevə bilməz". Bu fikirlə razıyam. Bri başqa deyim isə belədir: "İnsanın insandan qaçışıdır heyvan sevgisi". Həyatı hələ dərk etmədiyim dönəmlərdə birinci fikirlə daha çox razılaşırdım. Yaş keçdikcə, artıq nənəmgilin həyətindən, valideynlərimin dizin dibindən ayrılıb insanların arasına qatıldıqda ikinci deyimlə daha çox razılaşdım. Çünki insanlar uşaq vaxtı təsəvvür etdiyim deyilmişlər. Mərhəmət, sevgi, anlayış, vicdan hər kəsin qəlbində yox imiş. Hətta çox nadir hallarda tapılan duyğular imiş. İnsanlar ancaq bir-birini yarğılayır, aldadır, oz mənafeyi xatirinə başqalarının qəlbini qırmaqdan, haqqına girməkdən və bir çox ziyanverici əməl törətməkdən ehtiyat etmir, öldürür, oğurluq edir, böhtan atır, valideynini incidir və bir sürü yalnışlar. Heç kəs bir-birinə mənəvi dəstək olmur, əksinə vurmağa, yıxmağa çalışır. Və bunlar hər gün ətrafda, qonşuda, qohumda, xəbərlərdə, cəmiyyətdə hər gün rastlaşdığımız hallardır. Düzdür, fiziki olaraq özünü qoruyursan pisliklərdə, amma qəlbən sarsılırsan, artıq insanlara güvənin qalmır, ehtiyat edirsən, hətta kənar gəzirsən. Goethe deyir: "Dünya həssas qəlblər üçün cəhənnəmdir". Məncə, heyvanlar o cəhənnəmi cənnətə çevirən möcüzədir. Ondan sonra heyvan sevgisinin həqiqətən də insanın insandan qaçışı olduğunu dərk edirsəm. Düzdü, heyvanlar danışa bilmirlər, amma onların baxışları insana yetir. Elə bəlkə də danışa bilməməkləridir onları bizə sevdirən. Onların susqunluğundadır hüzur. 

Pişiklər onun ən zəif nöqtəsidir...

- Heyvanların hamısını sevirəm, hər gün axşamlar dincələrkən fərqli heyvanlar haqda videolar izləyirəm, məqalələr oxuyuram. Bircə vəhşi təbiəttə çəkilmiş sənədli filmləri izləmirəm. Orda heyvanların bir-birini ovlamasına baxa bilmirəm, çox pis oluram. Amma pişiklər ən zəif nöqtəmdi. Pişiklərin xarakterində özümü görürəm. Soyuqqanlı duruşlarının ardında sevdiklərinə aşırı bağlı olması, emosionallıqları. Çox tez özlərindən çıxırlar, tez də sakitləşirlər. Bir də başqa heyvanlara müqayisə edəndə, çox gözəldilər... Digər heyvanlar da gözəldilər, ancaq pişiklər qədər gözləri, rəngləri, naxışları fərqli, özəl olanını görməmişəm. Sözsüz ki, kəpənəklər də gözəldir sözsüz ki, ancaq onları pişiklər kimi sevib bağrına basa bilmirsən. 

Mia

O qədər küçələrdə sahiblənəcək pişiklər var ki...

- Pişiklərimin heç birinə pul verib almamışam. Elə olubdur ki, yolda bir pişik görmüşəm. Onu götürüb evə gətirib, sonra yenidən işə qayıtmışam. Amma anlamıram ki, niyə gedib onun yaraşığına, cinsinə görə alırlar. Bu nəyə lazımdı axı. O qədər küçələrdə sahiblənəcək pişiklər var ki...

Payız fəsli, sarı çəmənlik və alma boyda qara pişik...

- Mən birinci bala pişiyimi işə gedəndə, 2014-cü il, 29 sentyabrda tapmışam. Tutqun, yağışlı hava idi. Küçəmizdə marketin yanında saralmış ot topası vardı. Otlar da saralmışdı. Gördüm otların arasında qara nəsə var və tərpənir. Ona baxdım ki, bapbalaca, alma boyda qara pişik balasıdır. Ətrafa baxdım, oradakı insanlardan soruşdum anası yox idi oralarda. Onu götürüb evə qayıdıb qoydum həyətdəki pişik yuvasına.  Axşam evə qayıdanda gördüm ki, dayanmadan miyoldayır. 

Kasoy və balaları

Məndə də həmin vaxta qədər pişik balası olmamışdı. Ancaq böyük pişiklərim vardı. Ona görə də onun niyə miyoldadağını anlamırdım. Gecə səhərə qədər miyoldadı. Sən demə ana, ana südü istəyirmiş... Elə oldu ki, səhəri mən işə getmədim. Çıxdım bayıra və həmin bu bala pişiyi yerdə gördüm. Yerimək istəyirdi, amma taqəti yox idi. Ac susuz, səhərə qədər miyoldamaq onu tamamilə taqətdən salmışdı. Səsimi eşitdi və mənə tərəf gəlmək istəyəndə, biraz süründü və anidən huşunu itirib böyrü üstə düşdü.

Natilda

Həmin an yaşadığım vicdan əzabını həyatım boyunca heç vaxt yaşamamışam. Tez onu gətirdim çimizdirdim isti su ilə, süd alıb verdim. Ayaqqabı qutusunda yer düzəltim və kondisionerin isti havasını qoşub önünə qoydum. Tam bir gün yatdı. Mən ən böyük vicdan əzabını o pişiyi bir gecə çöldə saxladığım üçün yaşamışam. Hətta bu məsələni anama da danışdım. Dedim ki, nə olur olsun o pişiyə son nəfəsimə qədər gözüm kimi baxacam. Bu yaxınlarda getdi amma. 8 il mənimlə olan Natildam getdi. Hələ də qayıtmayıb. Hər gün yolunu gözləyirəm. Küçədə qara nəsə görəndə bir anlıq həyəcanlanıram. Bəlkə odur deyə, yaxınlaşıram və görürəm o deyil. Çox sirli pişik idi. O pişik tullanmağı da yaxşı bacarmırdı. 8 il sonra anidən yoxa çıxmağı belə möcüzə idi. Möcüzə kimi gəldi, möcüzə kimi getdi.

Natilda və Mia

Röya xanım deyir ki, pişiklərinin maraqlı adları var...

- Mənim həyatımda olan insanlar hamısı pişiksevər insanlardır. Pişikləri sevməyən insanların həyatımda yeri yoxdu. Koko, Mia, Masyana, Mələk, Çiyələk, Minnoş, Kasoy, Mama, İlhamə, Əfrasiyab, Hozu, Musa, Legolas, Arven, Milçək və sair bunlar hamısı mənim sevimlilərimdir. 

Legolas
Niyə Əfrasiyab? Ən yaxın dostumun zarafatla istifadə etdiyi bir addır. Ona görə də pişiyimizin birinin adını Əfrasiyab qoyduq. İlhamə adını da anam qoyub. Saçları kürən olan bir qadına bənzətdiyi üçün. Musa adı da anamdan qaynaqlanır. Pişiyimin gözləri Yevlaxda yaşayan Musa adlı şəxsin gözlərinə bənzəyirmiş Ona görə o adı vermişik. Mələk... Mələk xasiyyətcə həqiqətən mələk kimidir. Ona görə xasiyyətinə uyğun ad verdim. 

Mələk və balaları

Onu qucağımdan alıb əməliyyata aparanda...

- 3 qız pişiyimi qısırlaşdırmışam. İlk dəfə baytarla danışanda demişdi ki, qısırlaşdırmaq onların səhhəti üçün daha yaxşıdır. Həm balalar doğulub küçələrdə ac-susuz qalmaqdansa, pişik özü rahat həyat yaşaması daha yaxşı deyilmi? Ona görə elətdirdim. Sonradan gələnləri etmədim. Elə onların balaları doğulub sayları artdı. Düzdür, onda baytarın nə demək istədiyini yaxşı anladım. Pişiklərim hər balaladıqca, nə qədər ölüm halları olurdu. Hər dəfə bayıra çıxıb ölmüş bala görəndə, ömrümdən ömür gedirdi. Keçən yay bir bala pişiyimiz doğuldu. Valideynlərim onu Paşa deyib sevirdi. Anam çox bağlanmışdı ona. Ancaq bir gün bayıra çıxdım ki, ölüb. Anam pəncərədən baxanda ölüsünü gördü. Elə sarsıldı ki, günlərdə toparlanmadı. Mənə dedi ki, sən o qədər pişiklərinin ölümünə necə dözürdün?! Çünki o da artıq mənim kimi onları sevirdi. Düzü, anam əvvəllər çox sevməzdi. Hətta deyindiyi vaxtlar olub. Ta ki, Mia gələnə kimi. Qara, balaca pişik idi. Onun fotosunu görən insanlar heç kim heç xoşlanmayıb Miadan. Zəhmlidi, qaradı deyirlər. Ancaq o qara pişik anamı tamamilə dəyişdi. O Mia öz şirin hərəkətləri ilə anamı özünə heyran etdi və o pişikdən qorxan qadın Mianı qucağına alıb, özü ilə yatırdardı. Hətta əli ilə bəsləyir. Hərdən zarafat edir ki, o qara-qura canı ilə gör mənə özünü necə sevdirdi... Tək anam yox, atam, nənəm, xalalarım, dostlarımın da sevimlisidir. 

Mianı qısırlaşdıranda hər iki pişiksevər dostum klinikaya gəldilər. Həkim əməliyyatdan çıxanda bizə baxdı və  təəccüblə soruşdu ki, siz üçünüz də bu pişik üçün gəlmisiniz?! Yəqin o da çirkin hesab edib onu. (gülür) ... 


Kokonun əməliyyatı ağır keçmişdi. Onun ümumiyyətlə problemi vardı. Qarnında şiş yaranmışdı və əməliyyat mütləq idi. Onu həkimə aparanda bir az da gec gətirsəydin ölə bilərdi dedi. Yoxlanışdan keçdikdən sonra qucağımdan alıb əməliyyata apardıqları an gözüm önündən getmir. Mən də həmin an bir ananın qəza keçirən, əməliyyata girən övladı üçün yaşadığı qorxu hissini yaşadım. Həyatımın ən böyük əzabını yaşamışdım o an... Bu gün də hər Koko ilə göz-gözə gələndə əməliyyatxanaya girdiyi an qorxmuş gözlərlə mənə baxışlarını görürəm. Mən onları övlad kimi görürəm. Pişikdir, heyvandır, bu fikirləri qəbul etmirəm. Bunu heyvanları sevməyən insanlar anlamaz. Onlara bu qəribə, hətta gülməli gələ bilər. Amma heyvanları seən insanlar yaxşı bilir ki, onlar evdə uşaq kimi olurlar. Ana olmaq sadəcə uşaq dünyaya gətirməklə olmur ki. Bir çox insan var ki, pişiyini, itini gözü kimi saxlayıb böyüdür, bəzi analar var ki, uşaqları aparıb küçəyə, hətta zibilqabına atırlar. Demək ki, ana olmaq ürəkdən gələn sevgi ilə bağlıdır, dünyaya gətirməkdə deyil. 

 

- Pişiklər nankor və oğru deyil... 

Gülməli odur ki, savadı, dünyagörüşü olan, ağlıbaşında insanlar da bu ifadələri deyirlər. Əvvəlcə oğru məsələsinə toxunaq. Deyirlər cücəmi apardı, stolun üstə əti, balığı apardı. Bundan normal nə var? O instinqdir. Pişik olsun, it olsun və ya başqası. O qoxlayır və  anlayır ki, yeyə biləcəyi bir şeydir. Və yaxud da cücə onun şikarıdır. Bunun yaradılışı budur. Ovunu, yemiyi tapdı onu götürür və aparır yeyir. Bu, oğurluq deyil, pişiyin instinqidir. Sırf buna görə bütün pişik cinsini oğru adlandırırlar və heyvanın böyüklü-kiçikli hamısına nifrətlə yanaşırlar. Onda bir-neçə  nəfər oğru insana görə bütün insanları oğru adlandıraq. Pişik əti götürəndə düşünmür ki, filankəs maaşdan bu qədər ayırıb evə ət alıb və ya filankəs toyuq saxlayıb, cücə çıxardıb. Pişik şüur yox, instinq ilə hərəkət edərək yemini, şikarını aparır. İnsanlar isə şüurlu çəkildə başqasının pulunu, malını oğurlayır. Hansı daha pisdir? 

Nankorluq məsələsi də digəri kimi mənasız və gülməlidir. İnsanlar nədənsə öz əməllərinə verilən adı niyə heyvanlara deyirlər anlamıram. Sanki özləri deyil onları yetişdirən valideyni aparıb qocalar evinə, hətta küçəyə atan, xəstə övladına sahib çıxmayan, ailəyə, dostluğa, yoldaşlığa, sevgiyə xəyanət edən, pula, vəzifə görə yaltaqlanan və hələ sayılacaq bir sürü əməllər. Pişiyə bu gün sən yemək ver, sabah başqası yemək verəndə səni unudacaq. İnsanlar da bunu edir. Harda pul var, harda onlara yaxşı şərait varsa ora gedirlər. Və nədənsə pişiklər edəndə nankorluq, insanlar edəndə isə adı məntiq olur. 

Ömrümü pişiklərlə keçirən, 8 il isə hər gün bir evin içində pişiklə yaşayan biri olaraq bu mənasız ifadələri qəbul etmirəm. Səbəblərini də uzun uzun danışardım. Ancaq gərək yoxdur. Çünki heyvansevərlər onsuz da bunları yaxşı bilir, sevməyənlərə isə onsuz da nə desən də xeyir etməz. (gülür)..


FOTO: Orxan Kərimov

 

# 6231
avatar

Aytəkin Cəlali

Oxşar yazılar