FHN-dən bayram  XƏBƏRDARLIĞI   - VİDEO
20 dekabr 2021 12:33 (UTC +04:00)

FHN-dən bayram XƏBƏRDARLIĞI - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında əsas təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən Lent.az-a daxil olan müraciətdə bildirilir:

Məlumdur ki, bu il də Yeni il bayramı koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf edir. Odur ki, özünüzün və əzizlərinizin təhlükəsizliyi üçün keçiriləcək Yeni il şənlikləri ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına uyğun (şənlik mərasimlərində qonaqların müəyyən olunmuş say məhdudiyyətinə əməl olunmalı, şənlik mərasimində xidmət göstərən heyət tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etməli və s.) təşkil olunmalıdır.

Bununla yanaşı, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Odur ki, Yeni il bayramında zəruri yanğın təhlükəsizliyi qaydalarına hər kəs riayət etməlidir. Belə ki:

• evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

• işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;

• ağac tezalışan oyuncaqla bəzədilməməli;

• qapalı məkanda atəşfəşanlıq edilməməlidir;

Həmçinin, bayram şənliyi keçirilən məkanlarda təxliyə yolları odadavamlı və işlək vəziyyətdə olmalı, ehtiyat çıxış qapıları olmalı və təxliyə istiqamətində açılmalı, məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməli, odlu, rəngləmə və digər yanğın-partlayış təhlükəli işlərin aparılmasına yol verilməməli, elektrik şəbəkəsində gərginliyi azaldan transformatorlardan istifadə olunmadığı halda çil-çıraqlarla bəzədilərkən 12 Volta qədər gərginlikdən və 25 voltdan çox olmayan lampalardan istifadə olunmalıdır.

FHN-dən bayram xəbərdarlığı

# 1851
avatar

Oxşar yazılar