Erkən evliliyə görə CƏZALAR
23 iyul 2024 16:05 (UTC +04:00)

Erkən evliliyə görə CƏZALAR

On altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmaya görə cərimə və cəzalar müəyyənləşib. 

Lent.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni - 189-1-ci maddədə əksini tapıb.

Qanuna əsasən, 16 yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə min manatdan iki min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Həmçinin, yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsinə görə yeni cəzalar müəyyənləşib.

Qanuna əsasən, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan doqquz min manatadək məbləğdə cərimə ediləcək.

Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on üç min manatadək məbləğdə cərimə ediləcək.

“Erkən evlilik” dedikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq başa düşülür.

Yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə edən şəxslər inzibati həbs olunacaq. 

Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər iki min manat məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Azərbaycanda 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə cəzalar müəyyənləşib.  

Qanuna əsasən, 16 yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsinə görə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bu Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1185
avatar

Oxşar yazılar