Ərəb turistlərlə bağlı  YENİ AÇIQLAMA:   "İnsanları çaşdırmağa ehtiyac yoxdur"
30 mart 2021 18:31 (UTC +04:00)

Ərəb turistlərlə bağlı YENİ AÇIQLAMA: "İnsanları çaşdırmağa ehtiyac yoxdur"

“Ərəb turistlərlə bağlı son hadisələr Acınohur düzündə baş verib”.

Lent.az-ın məlumatına görə, bunu “Ekspert saatı”nda İlisu Dövlət Təbiət Qoruğunun direktor müavini Azərçin Muradov deyib.

O bildirib ki, hadisənin baş verdiyi ovçuluq təsərrüfatı Qax Dövlət Təbiət Yasaqlığının ərazisi deyil: “İnsanları çaşdırmağa ehtiyac yoxdur. Şəki Ovçuluq Təsərrüfatı bir neçə hissədən ibarətdir. Acınohur ərazisində olan Şəki Ovçuluq Təsərrüfatı Qax Dövlət Təbiət Yasaqlığı ilə həmsərhəddir. O cümlədən bu yasaqlıqla Samux Ovçuluq Təsərrüfatı həmsərhəddir”.

O qeyd edib ki, Şəki Ovçuluq Təsərrüfatının Qax Dövlət Yasaqlığının içində olduğunu demək düzgün deyil: “Bu ovçuluq təsərrüfatında ov mövsümündə o cümlədən xarici vətəndaşlar üçün ov turizmi təşkil olunur. Biz ova icazə verən deyilik. Bu, bizim gözümüzün qarşısında baş verirsə, buna qiymət verə bilərik. Biz heç bir dövlət strukturunun işinə qarışa bilmərik”.

“Ekspert saatı”nda iştirak edən zooloq-mütəxəssis Elşad Əsgərov isə deyib ki, Qax Dövlət Təbiət Yasaqlığı iki hissədən ibarətdir: “Yasaqlığın bir hissəsi Acınohur düzündədir. Acınohur böyük düz ərazidir. Yasaqlı düzün yalnız qərb hissəsində yerləşir”.

O bildirib ki, burada nəsli kəsilmiş ceyranların bərpası prosesi gedir: “Bura köçəri quşlar qışlamağa gəlir. Bəzi növlər var ki, “Qırmızı Kitab”a düşüb. Yasaqlıq ərazisi hazırda da kənd təsərrüfatı üçün istifadə olunan ərazilərdir. Yasaqlıq yaradılanda torpaq istifadəçilərinin hüquqları alınmır, onlara yalnız bəzi şeylər yasaq edilir. Onlar indiyə kimi də ənənəvi olaraq fəaliyyəti davam etdirirlər. Çobanlar payızın axırıncı aylarından aprelə qədər qış otlaqlarına gəlirlər. Ərazidə 40-a yaxın təsərrüfat var”.

E. Əsgərovun sözlərinə görə, yasaqlılarda qadağalar fərqli ola bilər: “Yasaqlıqda tonqal qalamaq, çadır qurmaq, kütləvi tədbirlər keçirmək qadağan oluna bilər. Qoruqdakı kimi 100 faiz qadağan deyil, amma qadağan oluna bilər”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov isə qeyd edib ki, Azərbaycanda ovçuluq təsərrüfatları və ov yerləri mövcuddur: “Ovçuluq fəaliyyəti həmin ərazilərdə aparılır. Bundan başqa, hər bir şəxs fərdi ovçuluq təsərrüfatları yarada bilər. Bunun üçün onlar qanunvericiliyə uyğun olaraq lisenziya almalıdır”.

Rəis müavinin sözlərinə görə, xüsusi mühafizə olunan təbiət əraziləri icarəyə verilə bilməz: “Bu məslə qanunvericilikdə yoxdur. Həmin ərazilərin yalnız istifadəyə verilməsi nəzərdə tutulur. Yasaqlıq əraziləri isə müxtəlif kateqoriyalı torpaqlardan ibarət ola bilər. Bura dövlət ehtiyat fondu, qış və yay otlaq sahələri, bələdiyyə torpaqları, hətta mülkiyyətçilərin mülkiyyətində olan torpaq sahələri daxildir. Onların istifadə üçün icarəyə verilməsi ETSN və onun qurumlarının səlahiyyətində deyil”.

B. Məhəmmədov bildirib ki, ərəb turistlərlə bağlı məsələlərlə əlaqədar ETSN əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirərkən hər hansı vəzifə səhlənkarlığına yol vermələrini müəyyən etmək üçün nazirlikdə işçi qrup yaradılıb: “Araşdırmalara başlanılıb. Bununla bağlı hər hansı əməkdaşın qanun pozuntusuna yol verdiyi aşkarlanarsa, əlbəttə ki, həmin əməkdaşlar barəsində ciddi tədbirlər görüləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3270
avatar

Oxşar yazılar