Əmək pensiyasının yenidən  hesablanması qaydası   necədir? - CAVAB
14 may 2024 12:34 (UTC +04:00)

Əmək pensiyasının yenidən hesablanması qaydası necədir? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu əmək pensiyalarının hesablanması ilə bağlıdır.

Əmək pensiyasının yenidən hesablanması qaydası necədir? İşləyən əmək pensiyaçısı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə əmək pensiyası necə hesablanır?

Lent.az xəbər verir ki, qanunvericilikdə göstərilən şərtlərlə şəxsə əmək pensiyası təyin edildikdən sonra onun istəyindən asılı olaraq işləmək hüququ vardır. Şəxs pensiya hüququ əldə etdikdən sonra işləyərsə, onun əmək pensiyası yenidən hesablanacaqdır.

“Əmək pen­si­ya­ları haq­qın­da” qa­nu­nun 37-ci mad­də­sinə əsa­sən iş­lə­yən əmək pen­si­ya­çı­la­rına yaşa görə əmək pen­si­ya­sı­nın pen­si­ya tə­yin olu­nan günə­dək qa­za­nıl­mış sı­ğor­ta his­sə­si tam məb­ləğ­də ödə­ni­lir və pensiya təyin olunduqdan, həmçinin yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir.

Yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən şəxs pensiyaçı kimi 6 ildən tez işdən azad olunarsa, onun pensiya məbləği pensiya təyin edilən tarixdən işdən azad olunduğu tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında yenidən hesablanır.

Başqa sözlə desək, pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144) pensiyaçının pensiya təyin edildikdən, yaxud yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.

Əlilliyə görə əmək pensiyası isə eyni formada avtomatlaşdırılmış qaydada yenidən hesablanır.
Məsələn, şəxsə 2022-ci ilin 1 fevral tarixində yaşa görə əmək pensiyası təyin edilib və şəxs işləməyə davam edir. O, 2024-cü ilin 1 fevral tarixində işdən azad olunub, yəni şəxs ona pensiya təyin olunduqdan sonra 24 ay işləyib. Bu zaman  fərdi hesabının sığorta hissəsində 2022-ci il fevralın 1-dən 2024-cü il fevralın 1-dək 2300 manat pensiya kapitalı qeydə alınıb.  Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (2300 manat) 120-ə (144-24 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı)=120) bölünməklə pensiya məbləği yenidən hesablanır.

Güzəştli əsaslarla yaşa görə pensiya alan və işləyən şəxs işdən azad olunursa, pensiya yenidən necə hesablanır?

Əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən şəxs fasiləsiz olaraq pensiyaçı kimi 6 il işlədikdə və ya 6 ildən tez işdən azad olunduqda onun pensiya məbləği sonradan işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı əsasında yenidən hesablanır.

Məsələn, şəxsə 2021-ci ilin 1 sentyabr tarixində əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib və işləməyə davam edir. O, 2023-cü il mayın 1-də işdən azad olunub və fərdi hesabının sığorta hissəsində sentyabrın 1-dən 2023-cü il mayın 1-dək 3100 manat pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (3100 manat) 124-ə (144-20 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) =120) bölünməklə pensiya məbləği yenidən hesablanır.

# 40761
avatar

Fidan İlqar

Oxşar yazılar