Efirlərdə can bazarı və ya “PULYIĞDI MƏRASİMİ”
18 may 2022 16:00 (UTC +04:00)

Efirlərdə can bazarı və ya “PULYIĞDI MƏRASİMİ”

Ağlamayan uşağa süd verməzlər...

Deyir qonşu qonşunun bəhsinə, saçını yolar tərsinə. Azərbaycan teleməkanında bir-birinin bəhsinə duran teleproqramlarda şıdırğı “pulyığdı mərasimi” keçirilir.  Televizorun düyməsini basmağa bəndsən, görürsən kimsə səsini atıb başına, ağlaya-ağlaya, qışqıra-qışqıra ailəsinin problemlərini həll etməyə çalışır. Gəlin qayınanaya söyür, oğul atasının başını yarır, kimisi xanımının xəyanətindən danışır. Utanılası ayıblarımızı öyünə-öyünə sərgiyə çıxarmışıq. Reytinq xatirinə abır-həya satışa çıxarılıb. Kimsə efirdə həftələrlə adı hallanan, reklam olunan “ məşhur qara qəhrəman”ın yaxınlarının nələr hiss etməsi barədə düşünmür. Kim kimə necə sataşıb, kim kimi necə kirlədib, ən xırda təfərrüatına qədər danışılır. “El bizimdisə, sirr də bizimdir” deyib  müqəddəs heç nə buraxmırlar.

Aparıcılar reytinq xatirinə bildikləri qədər vəziyyəti qızışdırır, duyğu istismarı edir, ağladır, dalaşdırır, tamaşaçı da maraqla, film izlyən kimi izləyir. Belə proqramların xüsusi izləyici kütləsi də var. İşlərini-güclərini erkən bitirib, hazırlaşırlar kimlərinsə ailə dramlarını izləməyə. Xüsusən, rayon və kənd yerlərində bu tip proqramlar daha populyardır. Zəng vurursan ki, qohumundan hal-əhval tutasan. Salam verməmiş, soruşur ki, “filan verilişdə efirə çıxan  boşanmış gəlin əriylə barışdımı? Filankəsin qızı qoşulub qaçmışdı, qaytara bildilərmi geriyə?”. Deyəndə ki, “ay başına dönüm, sənin özünün çəkiləsi o qədər dərdin var, başqalarının şəxsi həyatı səni niyə bu qədər maraqlandırır?”, cavab verir ki, dərdim olanda mən də çıxacam efirə. Bu yerdə gəlirsən dananın quyruğunun qopduğu yerə...

Bu gün cəmiyyətimiz öz problemlərinin həllini dövlətdən yox, Zaurdan, Xoşqədəmdən gözləyirsə, deməli nəsə düzgün getmir və ya kimlərsə yerində düzgün oturmayıb.  Problemi olan vətəndaş dəfələrlə müxtəlif dövlət qurumlarının qapısını döyüb, əlacsız qalırsa, son çarə olaraq efirə çıxır, dərdini danışır və həllini tapır. İndi həmin veriliş bunu reytinq  xatirinə edir,  qazanc xatirinə edir, hər nə səbəblə edirsə etsin, insanlar ona inanır və güvənc yeri kimi baxır.

Problemlərin həlli telekanalların “dərdini danış” verilişlərindədirsə, o zaman bizim aidiyyəti dövlət qurumlarımız nə işlə məşğuldur? Rəsmi qurumlarda oturan məmur anlamaq istəmir ki, onun süründürməçilik edib uzatdığı, hər gün problemi olan, kasıb vətəndaş üçün il qədər uzundur, həyati önəmlidir. Ötür-ötür edə-edə vətəndaşı incik salıb, uzaq salıb çarəsini özü tapmağa məcbur etdilər. Çarə isə…

Vərdiş elədik efirlərdən  ağlayıb istəməyə. Ehtiyacı olan da kömək istədi, olmayan da. Bu iş şouya çevrilib, qazanc mənbəyinə dönəndən sonra nazirlik buraxdı insanları Allahın, daha doğrusu pul yığanların ümidinə. 

2018-ci ildə “Toppuş bacı”  kimi tanınan əməkdar artist Tünzalə Əliyeva yerli telekanalların efirinə, eləcə də sosial şəbəkələrə çıxaraq tanınmış insanlardan ona maddi köməklik göstərmələrini xahiş edirdi. Bundan öncə xalq onun müalicəsinə yetərli qədər kömək göstərmişdi. Yetməmişdi, çıxıb evinin pulunun da ödənməsini istəmiş, bunun üçün 50 min manata qədər vəsait yığılmışdı. Aktrisa öz diliylə etiraf etmişdi ki, sağlamlığı qaydasına düşüb, əsas problemi qızı və əri ilə birlikdə yaşadığı mənzilin ipotekasını bağlamaqdır.

Bu yaxınlarda Əməkdar artist Elza Seyidcahan evi ilə bağlı yaranmış probleminə görə efirə gələrək xalqdan və dövlətdən yardım istədi. Sənətçi  efirə çıxaraq, yaşadığı mənzili banka girov qoyduğunu, 65 min manata ehtiyacı olduğunu söylədi. 
Əslində sənətkar olmağın xalqdan maddi dəstək istəməyə nə qədər haqq qazandırması  müzakirəyə açıq məsələdir. Çünki müharibədən çıxmış bu xalqın təcili köməyə ehtiyacı olan minlərlə övladı var. Və onların böyük əksəriyyəti  səsini çıxarmır, efirlərə çıxıb özünü reklam eləmir. 

Neçəyədir dərdimizin dərmanı, ey təbib?

Müxtəlif  proqramlarda ağır xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün vəsait toplanması davam edir. Söhbət az məbləğdən getmir. Yüz min manatlardan, hətta milyonlardan bəhs edilir. Məsələn SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amir Tağıyev üçün 3 milyon 300 min manat ianə yığılmışdı. Bəs bu nə dərddir ki, müalicəsi bu qədər bahalıdır?  Cavab olaraq bildirmişdilər ki, Amirin sağalması üçün ona vurulmalı olan “Zolgensma” iynəsinin qiyməti 3 milyon 740 min manatdır. Amir kimi  başqa bir azyaşlı  xəstənin müalicəsinə xalqımız 2 milyon manat pul toplamağı bacardı.

Əcəba bu pullar hara gedir?

Məlum məsələdir ki, ən bahalı əməliyyat belə 1 milyon manata başa gəlmir. Kiçik bir araşdırmanı təqdim edək. Bütün dünyada olduğu kimi, Azərbaycanda da ən bahalı əməliyyatlar orqan transplantasiyası sayılır. Böyrək, qaraciyər, mədəaltı vəzi, ürək, ağciyərlər, gözün buynuz qişası və nazik bağırsaq transplantasiyası çoxdan bahalı reallıqdır. Ürək üzərində əməliyyatlar, xaricdə onkoloji xəstələr üzərində polikimyəvi, radioloji terapiya proseduralar, mədəaltı vəzidə, ağciyərlərdə, qida borusu üzərində olan əməliyyatlar da ən bahalı əməliyyatlar sırasındadır. Qaraciyər köçürülməsi – 35-40 min manat , böyrək köçürülməsi – 15-18 min manat, beyin şişləri əməliyyatı  – 10-15 min manat, mədəaltı vəz, öd yolları onkoloji şişlərində PDR əməliyyatı – 7-9 min manat, oynaq protezləşdirilməsi 7 min manat, onurğa fəqərələrinin protezləşdirilməsi 2500 manat, beyində stend yerləşdirilməsi  3-4 min manat, açıq və ya qapalı olmasından asılı olaraq ürəkdə əməliyyatlar – 9-14 min manat təşkil edir. Deməli, xəstələrin müalicəsi üçün toplanan külli miqdarda məbləğin heç də hamısı bir nəfər üçün nəzərdə tutulmur. 

Bəs bu pullar hara gedir? 

Telekanallar təbii ki, yığılan vəsaitin bir deyil, bir neçə xəstəyə sərf olunduğunu iddia edirlər. Əslində sadə vətəndaşlar arasında da sorğu keçirəndə belə şou proqramların müdafiəsinə qalxırlar. Deyirlər heç olmasa səsimizi orda eşidirlər, problemlərimizi ictimailəşdirə bilirik. Lap yaxşı, teleməkan problemi işıqlandırsın, vəsait toplansın. Amma bu vəsaitə də nəzarət də edilsin. Ən ehtiyacı olanlara, lazımı qədər ayrılsın. Yoxsa kim daha ürəklə ağladı, kim daha çox dərdli göründü, kimin efirdə daha çox ürəyi getdi prinsipi ilə iş görülməsi şübhəli məqamlar yaradır. Bunun üçün müəyyən fondun olması yaxşı olmazdımı? Ölkədə ən xırda sahibkarın belə 5 manat gəlirinə vergi tətbiq olunursa, yığılan bu qədər vəsaitə nə üçün rəsmi nəzarət yoxdur? 

Tibbi sığorta... 

Pulun varsa, sağlığını da satın ala bilərsən. Pulu olmayanlar  üçün  icbari tibbi sığorta nəzərdə tutulub. Lakin onun həkimin əlindən dartıb alana qədər  yüz dəfə ölüb dirilirsən. Bu günlərdə şəxsən özüm tibbi sığorta xidmətlərindən yararlanmaq  üçün qeydiyyatda olduğum klinikaya üz tutdum. Öncə dedilər, “sahə həkimin göndəriş verməlidir”. Sahə həkimi klinikadan bir neçə kilometr uzaqda balaca bir tibb məntəqəsində oturur. Onun yanına gedib-gəlmək yarım saatımı aldı. Geri döndüm. Qeydiyyat şöbəsində oturmuş qız onlara müraciət etməli olduğumu desə də, sonra məni üzərinə “Tibbi sığorta” yazılmış masaya yönləndirdi. Bu masada oturan 3 qız da geriyə, qeydiyyata qaytardı. Mən ağrı içində dala-qabağa yol ölçürəm, amma xidməti kimdən alacağımı nə bilən var, nə deyən. Sonda məlum oldu ki, kardioloq  istirahətə getdiyinə görə, 1 ay sonra gəlməliyyəmmiş. USM cihazından keçmək istəyim də yarımçıq qaldı, o həkim də məzuniyyətdəydi. Baş həkim iradlarımı haqlı hesab eləsə də, “bizdən asılı bir şey yoxdur” deməklə kifayətləndi. Hay-küy salandan sonra bir həkim yaxınlaşdı, o da heç bir aparata ehtiyac olmadığını deyərək, “yola verdi”. Bəlkə, mənim xəstəliyim o qədər kəskin olaydı ki,  zamanım olmayaydı.Onda necə olmalıydı? Bu azdan-çoxdan yol bilən bir jurnalistin başına gəlirsə, təsəvvür edin, ən sadə vətəndaş haqqı olan xidməti almaq üçün nə qədər çətinlik çəkir.

Ölkədə icbari tibbi sığorta qüvvədədir, qanuna əsasən dövlət və özəl klinikalarda 100-dən çox əməliyyat sığorta hesabına həyata keçirilməlidir. Amma reallıq budurmu? Hələ ki, ən bahalı əməliyyat – orqan köçürülməsi sığortaya daxil deyil. Eləcə də bahalı əməliyyatlar limitlə icra edilir və hər xəstənin də bundan istifadə etmək şansı olmur.
Çıxış yolu sığorta təbabətinin lazımi qaydada tətbiqidir. O zaman insanlarımız müayinə məsələlərini ən sona saxlamayıb, ildə bir və ya iki dəfə yoxlanışdan keçər, xəstəliyin ilkin mərhələsində öhdəsindən gələ bilər. Çarəsəni ayrı-ayrı fərdlərdən gözləməz, əlaqədar qurumlardan tələb edər. Həkim də məmnun qalar, xəstə də. Amma təbii ki, kağız üzərində olduğu kimi  ideal şəkildə yerinə yetirə bilsək? 

Gedirik, amma hara?

Bu gün elə bir nəsil yetişir ki, onlar ata-analarından çox sosial şəbəkələrin tərbiyəsini götürürlər. “Bu yanlışdır” desən, inanmayacaqlar, çünki “o boyda televizor”, “o boyda internet” belə deyir. Bu gün telekanalların bir çoxu reytinq xatrinə efirlərinə sosial şəbəkə fenomenlərini dəvət edirlər. Əxlaqsız namusdan, mütrüblər kişilikdən dəm vurur. Bunları görə-görə böyüyən, aşınan bir nəsil təmsil edəcək gələcəkdə bu xalqı.

Biz böyüklər isə, hələlik bir-birimizi  yola veririk. Sizcə, 20 il, 30 il sonra biz necə olacağıq?

# 8415
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar