"Bizim bayramımız və yasımız birdir" - Rafik Danakari
27 sentyabr 2022 10:39 (UTC +04:00)

"Bizim bayramımız və yasımız birdir" - Rafik Danakari

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqaməti üzrə

Bu gün çox maraqlı insanlar, onların adət-ənələri barədə danışacağıq. Udinlər, bir başqa adla desək utilər, udilər barədə. Dünyada onların sayı 10 min nəfər civarındadır, təxminən 4 min nəfərdən çox udin də ölkəmizdə yaşayır. Qəbələnin Nic qəsəbəsi onların kompakt yerləşdiyi əsas məskən sayılır. Udinlərə aid ilk məlumat 2500 il əvvələ aiddir, Heredot öz əsərlərində Uti, Utiq tayfalarından bəhs etmişdi. Min illər ərzində bu xalq öz ənənələrini yaşadaraq günümüzə gəlib çıxıb. Bəs necə yaşayırlar?

Lent.az-ın müsahibi Alban-Udin xristian dini icmasının sədr müavini Rafik Danakari ilə bu barədə danışacağıq. 

- Rafiq bəy, Azərbaycandan kənarda da udin icmaları varmı, onlarla əlaqə qurursunuz?

- Bəli var. Rusiyada, Gürcüstanda, Qazaxıstanda, Ukraynada xalqımızın nümayəndələri yaşayır və bizimlə əlaqə saxlayırlar. Etnos kimi yalnız Azərbaycan ərazisində qalmaqdayıq. 

- Udinlər nə zamandan xristiandırlar?

- IV əsrdən başlayaraq xristian dininə ibadət edirlər. Ərəblər İslamı yaymağa başlayanda udinlərin etiqadına toxunmayıblar.

- Diliniz hansı dil qrupuna yaxındır?

- Ləzgi dil qrupuna aiddir. Oğuz, Nic və Gürcüstanın Oktomberi rayonunda yaşayan udilərin özlərinə xas dialektləri var. 

- Azərbaycanda udilər onlara göstərilən qayğıdan məmnundurlar?

- Əlbəttə. Dövlət qayğımıza qalır. 2006-cı ildə Nicdə Alban kilsəsi 170 ildən sonra yenidən açıldı, bərpa edilib udilərin istifadəsinə verildi. 1836-cı ildə Rus Pravoslav Kilsəsi idarəsi Alban kilsəsini ləğv eləmişdi . Ən pisi bu oldu ki, bu kilsənin tarixinə aid bütün sənədləri daşıyıb apardılar, tariximizi məhv etdilər və bizi erməni kilsəsinə keçməyə məcbur ediblər. Amma udinlər Alban kilsəsinin erməni-qriqoryan kilsəsinə tabe etdirilməsi barədə çar fərmanını qəbul etmədilər. Udin xalqı bütün bu illər ərzində öz etiqadını, dilini, adət və ənənələrini qoruyub saxlaya bildi. İbadətimiz də udin dilində təşkil olunur .

- Udin kilsəsinin digər kiləslərdən fərqi nədir?

- Biz ən qədim kilsəyik. Bizim kilsəmiz Həvari, Apostol kilsəsidir. Xristianlığı Qafqaza İsa Məsihin həvariləri gətiriblər. Biz rus, gürcü pravoslav və erməni Qriqoryan kilsəsindən daha qədimik. Biz xristianlığı Yerusəlimdən gələn həvarilərdən qəbul eləmişik, ermənilər yox. Şəkinin Kiş kəndinidəki kilsə Qafqazdakı kilsələrin anası sayılır. Ən təmiz xristianlıq bizdə qorunub saxlanıb.

- Udinlər arasında müsəlmanlığı və ya azərbaycanlılardan xristianlığı qəbul edənlər var?

- Azərbaycanlılardan xristianlığı qəbul edənlər var, udinlərdən eşitməmişəm.

- Başqa xalqlarla qohumluq əlaqələri qurulur, qız verib- qız alırsınız?

- Əlbəttə, qaynayıb qarışmışıq. Nicdə insan adlarına fikir versəniz çoxusu beynəlmiləl adlardır. Aleksey, Saşa, Olqa, Arif, Tofiq, Akif, Murad. Mənim öz adım Rafik. rəfiq, dost deməkdir. Öz milli adlarımız da qoyulur. Məsələn Danaka, Savdey, Samur, Erzi və s.

- Hansı bayramlarınız var?

- Sovet hökuməti qurulana qədər udinlərdə Urux bayramı olardı. Urux bayramı Mart ayının ikinci həftəsidən başlayıb, 40 gün çəkirdi. Həmin günləri heyvan, quş kəsmir, ət yemirdilər. Udinlərdə qanın durulan vaxtı ət yemək, heyvan kəsmək, heyvan öldürmək günah sayılır. May ayının 1-dən ət yeməyə başlayırdılar və bunu da 1 Mayda Çaxır bayramı kimi qeyd edirlər. Yaz bayramında Kosik dağına qalxar, payızda, Kosika dağında torpağa basdırılmış çaxır küplərini çıxarıb, baharın gəlişini qeyd edərdilər. Məhsul bayramı fındıq yığımı qurtardıqdan sonra qeyd edilərdi. Oktyabr ayının bazar günlərinin birində varlı udinlər kilsə önündə öküz kəsər və kasıblara paylayardılar. Ət xörəyi hazırlayıb ziyafət verərdilər. Amma həmin günü bibər, sarımsaq, yağ yemək olmazdı. Bu kilsə bayramı idi.

- Bəs udinlərə məxsus ən məşhur yemək hansıdır?

- Bizim mətbəxdə əsasən un, süd, ət, göyərti işlədilir. Ən məşhur yeməklərimiz xərişə, fırlama şıftılıq, çilov, döşəməli aşdır.

- Rafik bəy, müsəlman olmaq üçün kəlmeyi şəhadət gətirmək kafidir, bəs xristian olmaq üçün nə lazımdır?

- Vəftiz olunmaq lazımdır. Vəftiz Ata, Oğul, Müqəddəs Ruhun adı çəkilməklə müqəddəs suya daxil olub paklanmaq deməkdir. Vəftiz olunmasan dinsiz imansız hesab olunursan. Bu İsa Məsihin bədənini qəbul etmək deməkdir. İkinci şərt kilsəyə gedib dua etmək, İsa Məsihi qəbul etməkdir.

- Udin igidlərini də 44 günlük müharibədə gördük.

- Əlbəttə, Azərbaycan hamımızın vətənidir. Bizim də vətən yolunda həlak olan igidlərimiz, qazilərimiz var. Bu gün  hamılıqla toplaşıb Nic kəndindən olan bir azərbaycanlı əsgərin və bütün şəhidlərimizin xatirəsini qeyd edəcəyik. Bizim bayramımız da yasımız da, sevincimiz də kədərimiz də birdir.

 

Yazı MEDİA-nın maliyyə yardımı ilə hazırlanıb

# 3633
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar