Havanın tempuratorun günü-gündən artması ən çox ictimai nəqliyyatdan istifadə edən sərnişinləri narahat edir. Metro və avtobuslarda kondisionerin qoşulmaması isə yayı onlar üçün dəhşətə çevirir.
Bu günlərdə kondisoneri işləməyən nəqliyyat vasitələrindən biri də 3 nömrəli avtobusdur. Sürücüyə onu qoşmasını söylədikdə, “Mənlik deyil müdiriyyət tapşırıq verib ki, yanacağa qənaət edin”,-deyir.
Bəs bu istilərdə sərnişinlər nə etsinlər? Nəyə görə kondisioner qoşulmur?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Lent.az-a bildirildi ki, hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir:
“Havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsi tapşırığı verilib”,-deyə qeyd olundu.
Qurumun cavabından da görünür ki, onlar sürücülərə tapşırıq veriblər. Qalanı isə sürücünün insafına qalıb.