Qanazlığından əziyyət çəkənlər - HƏKİM TƏHLÜKƏLƏRİNDƏN DANIŞIR
26 noyabr 2020 12:22 (UTC +04:00)

Qanazlığından əziyyət çəkənlər - HƏKİM TƏHLÜKƏLƏRİNDƏN DANIŞIR

Azərbaycanda ötən il ilk dəfə qoyulan diaqnozla qeydə alınan anemiya xəstələrinin sayı 47912 nəfər olub. 2005-ci ildə bu göstərici 30213 idi. Anemiya xəstəliyindən əziyyət çəkən və müalicə profilaktika müəssisələrində qeydiyyatda olanların sayı ötən il 40910, 2000-ci ildə 28780, 2005-ci ildə isə 37807 nəfər olub.

İnsanlar arasında özünü göstərən səbəbsiz yorğunluğun, zəifliyin səbəbi qanazlığı ola bilərmi?

Ümumiyyətlə, qan azlığı nə üçün yaranır və gündəlik həyatımıza, sağlamlığımıza necə təsir edir?

Lent.az-ın suallarını Milli Hematologiya Transfuziologiya İnstitutunun Onkohematologiya şöbəsinin müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru Gülnaz Bədəlova cavablandırıb.

- Gülnaz həkim, anemiya xəstəliyi nədir?

- Anemiya (qan azlığı) patoloji vəziyyətdir. Eritrositlərin azalması və ya hemoqlobinin azalması ilə xarakterizə edilir. Bu zaman toxmalara oksigenin daşınması pozulur və hipoksiya, yani oksigen çatışmazlığı əmələ gəlir. Anemiyanın yüngül, orta, ağır və həyat üçün təhlükəli formaları var. Yüngül dərəcəli anemiyada qanın analizində hemoqlobinin göstərici 120-95 q/l (qram litr) arasında olur. Orta dərəcəlidə 94-80, ağır dərəcəlidə 79-65, ən ağır formasında isə 65 qram litr təşkil edir.

- Xəstəliyin yaranma səbəbləri nələrdir?

- Anemiyanın səbəbləri müxtəlifdir və xəstəliyin növündən asılıdır. Daha tez-tez rast gəlinən anemiyalardan dəmir, B12 vitamini və fol turşusu defisiti anemiyalardır. Tez-tez baş verən qanaxmalar zamanı da anemiya yaranır. Məsələn, menstrual qanaxma və ya onkolojı xəstəliklər, mədə-bağırsaq qanaxmaları zamanı.

Qanazlığı, eritrositlərin əmələ gəlməsi prosesində uğursuzluq olduğu zaman da yaranır. Bu proses, adətən irsi xəstəliklərdə olur.  Müxtəlif zəhərliyici maddələrin orqanizmə təsiri zamanı da qanazlığı meydana çıxa bilər. Bir sözlə, posthemorragik qanaxmalar, hemolitik - irsi qan xəstəlikləri zamanı yaranan qan azlığı, qanyaranmanın pozulması ilə əlagədar qan azlığı - dəmirin, B12 vitamininin, fol turşusunun çatışmazlığı zamanı, hipoplastik anemiyalar-sümük iliyində qanyaranmanın pozulması nəticəsində yaranan anemiyalardır.

- Anemiya xəstəliyi daha çox hansı cinsdə inkişaf edir və hansında daha təhlükəlidir?

- Anemiyalar qadınlarda daha tez-tez rast gəlinir. Qadınlar arasında daha tez-tez rast gəlinən anemiya dəmir defisitli anemiyadır və bunun əsas səbəbi menstrual qanaxmalardır.

Kişilər arasında daha çox rast gəlinən anemiya mədə-bağırsaq qanaxmalar zamanı əmələ gələn qanazlığıdır. Kişilər qanazlığını daha ağır formada keçirirlər.

- Azərbaycanda anemiya nə qədər yayılıb və hansı səbəbdən olan qanazlığı daha çoxdur?

- Dünya üzrə anemiyadan əziyyət çəkənlərin təxminən 90 faizi inkişaf etməkdə olan ölkələrin vətəndaşlarıdır. Azərbaycanda son zamanlar dəmir defsitli anemiyanın sayı artır. Xüsusilə, gənclər, gənc qızlar və qadınlar arasında bu say ildən-ilə artır. Bunun başlıca səbəbləri orqanizmdə dəmirin çatışmazlığıdır. Qidalanmada yanlışlar, saxlanılan dieta fonunda düzgün qidalanmama qan azlığı yaradır.

Uzun zaman stress, depressiya vəziyyətində olmaq da qan azlığı yarada bilir. Eyni zamanda, qan azlığı özü də stress və depressiya səbəbi ola bilər.

- Uşaqlar arasında olan anemiya və fəsadları ilə bağlı nə deyə bilərsiniz?

- Anemiya xəstələrinin 52 faizini 5 yaşından yuxarı uşaqlar təşkil edir. Uşaqlarda qanazlığının bir neçə səbəbi var. Uşaq orqanizmi inkişaf edən orqanizmdir. Sürətli boy artımı, orqanizm inkişaf etdiyi dövrdə, eritropoezin tezləşməsi (yani eritrositin yaranması), hüceyrələrin miqdarı və dövr edən qanın miqdarı hər zaman uşaqlarda  artmalıdır.  Boyun artması zamanı proses ləngiməməlidir. Əgər bu proses ləngiyərsə, qanzalığı baş verir. Uşaqlarda daima dəmir, heyvan və bitki mənşəli proteinlər, vitaminlər, mikroelementlər normal miqdarda olmalıdır. Əgər uşaqda uzun müddət qanazlığı olarsa, bu zaman bütün orqan və toxmalar zədələnir.

Anemiya səbəbindən uşaqlarda fiziki inkişaf, intellektual inkişaf geri qala bilər. Bu cür uşaqlar, adətən öz həmyaşıdlarından daha tez-tez xroniki xəstəliklərə məruz qalır, onların xəstəlikləri daha ağır keçir.

- Anemiya, ümumilikdə hansı xəstəliklərə qapı açır?

- Qanazlığı olan xəstələrdə tez-tez ümumi zəiflik, iştahsızlıq, halsızlıq, saçın tökülməsi, dırnaqların sınması, təngnəfəslik, ürək döyüntüsü, əl və ayaqların şişkinliyi, baş gicəllənməsi, depressiya, süsləşmə, zehnin, yaddaşın pozulması, əsəbilik, xroniki yorğunluq, əzələ-sümük ağrıları, qeyri-adi dadlara meyilillik yaranır. Əhəng, torpaq, duz, çiy düyü yemək istəyirlər.

Lak, aseton, benzin qoxularına meyilli olurlar. İmmunitet zəifləyir, mədə-bağırsaq dəyişiklikləri baş verir.

Sadladığım bütün əlamət və şikayətlərə nəzər yetirsək, anlamaq olur ki, qan azlığı hansı xəstəliklərə gətirib çıxara bilər. Sinir sisteminin pozulması, mədə-bağırsaq sistemində problemlər, ürək-damar xəstəlikləri, psixoloji gərginlik, uşaqlarda psixoloji geriləmə ola bilir. Böyüklərdə isə uzunmüddətli anemiya komaya qədər gətirib çıxara bilər. Böyük həcmli qanaxmalar, qanitirmələr isə letallığa, ölümə gətirib çıxara  bilər.

Ümumiyyətlə, normal qan miqdarı 120-150 qram-litr arasındadır. Qadınların hemoqlobini kişilərdən bir az aşağı olur.

- Qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

- Düzgün qidalanma birinci şərtdir. Əgər artıq xəstəlik baş veribsə, səbəbini aradan qaldırmaq lazımdır. Dəmir çatışmazlığıdırsa, dəmir qəbul etmək vacibdir. Hansı vitamin və mikroelementlər çatmırsa, onlar qəbul olunmalıdır.

Amma istənilən dərmanın qəbulundan qabaq orqanizm həkim tərəfindən düzgün müayinə olunmalıdır. Qanda vitamin və mikroelementlərin miqdarı ölçülməli, çatışmazlıq olarsa, qəbul olunmalıdır. Bu da həkim nəzarəti ilə olsa, daha yaxşı olar.

- Azərbaycandakı qidalanma mədəniyyətinin anemiyanın yaranmasında rolu varmı?

- Dediyim kimi, düzgün qidalanma olmalı, bütün vitaminlər normasında qəbul edilməlidir. Düzgün proporsiyada vacib olan vitaminlər, meyvə-tərəvəz, vaxtlı-vaxtında ət qəbul edilməsi xəstəliyin əmələ gəlməsinin qabağını alır. Adətən, tünd çay dəmirin sorulmasına mane olur. Amma vitamin C əksinə, dəmirin mənimsənilməsində köməklik edir. Çayı limonla içirik ki, bu da dəmirin mənimsənilməsinə kömək edir.

Hər zaman xəstələrə də tövsiyə edirəm ki, dəmiri, vitaminləri təbii şəkildə qəbul etsinlər. Paxla, yarma, tərəvəz, kələm, yerkökü, kərövüz, alma, qarağat, böyürtkən, qarpız və s. meyvə və tərəvəzləri normasında qəbul etmək lazımdır. Fəslə uyğun olaraq, torpağımızda nə yetişirsə, onunla qidalanılmalıdır. İndi payızdır. Xurma, feyxoa, alma, armud, nar kimi meyvələri qəbul etsək, heç bir vitaminsizlik yaranmayacaq. Quru meyvələri də unutmayaq, Mütləq qaysı, əncir, quru üzümü menyumuza əlavə edək. Eləcə də proteinlərə- ət, mal əti, qoyun və balıq əti də qida rassionuna əlavə olunmalıdır. Gənclərə hər zaman dönə-dönə məsləhət görürəm ki, fast-foodlardan, küçələrdə hazırlanan yeməklərdən, içki, siqaret kimi vasitələrdən uzaq olsunlar.

Qan azlığından əziyyət çəkənlərin sayı çoxdur. Gənclər arasında bu rəqəmlər daha çoxdur. "Coca-cola", enerji içkiləri istifadə edirlər, hansıki yolverilməzdir. Onsuz da bu gün həyat tərzimiz çox gərgindir. Onları da qəbul edəndə süni enerji yaradırıq. Amma bunlar hamısı səhhətimizə problem yaradır. Vitamin və proteinlərin mənimsənilməsinə imkan vermir. Təəssüf ki, gənclərimiz buna əməl etmirlər. Onu da qeyd edim ki, şəhərdə anemiyadan əziyyət çəkənlər, bölgələrdən daha çoxdur. Bölgələrdə ekoloji-təmiz ərzaqlar daha çoxdur. Özləri yetişdirdikləri meyvələrdən, ağartıdan istifadə edirlər ki, bu da öz müsbət təsirini göstərir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8968

Oxşar yazılar