28 nəfərdən ən uzunömürlüsü:  "Mənim belə nazirim olsaydı..." - ONU TANI
01 iyul 2022 20:15 (UTC +04:00)

28 nəfərdən ən uzunömürlüsü: "Mənim belə nazirim olsaydı..." - ONU TANI

1918-ci il may ayının 28-də öz müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradıldı. 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə, nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynadı, müstəqilliyin müdafiəsinin ön sıralarında oldu. 

18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxdı və həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərdi. Mərhum Prezident Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. 

Yarandığı gündən indiyədək 28 nəfər DİN-ə başçılıq edib. Nazirliyin ən uzunömürlü rəhbər isə Ramil İdris oğlu Usubov olub. O, 1994-cü ildən 2019-cu ilədək, 25 il nazir vəzifəsini daşıyıb. 

Lent.az-ın “Onu tanı” layihəsində bu dəfə keçmiş daxili işlər nazirindən bəhs edəcəyik...

Ramil Usubov 1948-ci il dekabrın 22-də Xocalı şəhərində İdris və Rəna Usubovların ailəsində anadan olub.

1966-cı ildən 1968-ci ilə qədər Sovet İttifaqı Silahlı Qüvvələrinin Şərqi Almaniyada yerləşən hərbi bazaların birində həqiqi hərbi xidmətdə olan Ramil Usubov, 1972-ci ildə N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirib. 1975-ci ildən 1980-cı ilə qədər Şuşa rayon Polis Şöbəsində cinayət axtarış bölməsinin rəisi vəzifəsində çalışıb. Daha sonra Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər Nazirliyinin rəis müavini olan Ramil Usubov, 1984-cü ildən 1987-ci ilə qədər Əli-Bayramlı (hal-hazırda Şirvan şəhəri) şəhər Polis Şöbəsində rəis vəzifəsində çalışıb.

1987-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin sədri Həsən Seyidov tərəfindən Naxçıvan MSSR-nın daxili işlər naziri vəzifəsinə təyin edilib. 1989-cu ildə isə o, Nazirlər Sovetinin yeni sədri Ayaz Mütəllibov tərəfindən tutduğu vəzifədən azad edildi. Həmin ildən 1991-ci ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan Ramil Usubov, 1991-ci ildən 1992-ci ilə qədər Azərbaycan Daxili İşlər Nazirliyinin Pasport, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992-ci ildən 1993-cü ilə qədər isə həmin orqanın Kadrlar İdarəsinin şöbə rəisi olub.

1993-cü il avqustun 11-də isə Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev tərəfindən Naxçıvan MR-nın daxili işlər naziri vəzifəsinə təyin edilib. 1994-cü il aprelin 29-da Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı Sərəncam ilə isə Ramil Usubov, Naxçıvan MR-nın daxili işlər naziri vəzifəsindən azad edilib və Azərbaycanın daxili işlər naziri vəzifəsinə təyin olunub.

Sabiq nazir polis sistemində çalışdığı dönəmdə general-polkovnik rütbəsinə qədər yüksəlib. Bir çox dövlət mükafatlarına layiq görülüb. 2018-ci il dekabrın 22-də 70 yaşı tamam olan Ramil Usubov, Azərbaycan Prezidenti İlham Əliyevin həmin gün imzaladığı Sərəncamla “Şöhrət” ordeni ilə təltif edilib. 

20 iyun 2019-cu ildə Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib və həmin tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub.

Sabiq nazirin sinif yoldaşı olmuş  Rafael Teymurlu xatirələrinin birində deyirdi: “Bir tarix müəllimimiz vardı; bir az kobud adam idi. Uşaqlarla sərt rəftar edirdi. Bir dəfə Ramilə nə isə xoşagəlməz söz dedi. Ramil cavab verdi ki, mənim şəxsiyyətimə niyə toxunursuz? Müəllim kinayə ilə Stalinin şəxsiyyətə pərəstişindən danışmağa başladı: “Şəxsiyyət olub bu, Stalin olub”. Ramil dedi ki, bəli, mən şəxsiyyətəm, hamı özü üçün şəxsiyyətdir. Belə haqsızlıqlara heç vaxt dözmürdü”. 

Rafael bəy deyir ki, uşaq vaxtından təmkinli və ciddi xarakterli ilə həmyaşıdlarından seçilirmiş.

“Biz uşaqlıqda güləşirdik. Biz onunla zarafatlaşırdıq, o isə heç vaxt zarafat etmirdi. Fiziki cəhətdən çox güclü idi. İkimiz birləşib onu yıxmaq istəyirdik, amma bacarmırdıq. Hərəmizi bir tərəfə atırdı”. 

Usubov daim öz sədaqətiylə seçilib.

Millət vəkili Qüdrət Həsənquliyev mediaya açıqlamalarının birində demişdi:

“Mərhum prezident Əbülfəz Elçibəyin Ramil Usubov haqqında dediyi bir fikri ictimailəşdirməyim lazımdır. Kələkidə çətin zamanlarda Usubovun fəaliyyətini diqqətlə izləyən Elçibəy bir dəfə söylədi ki, mənim belə bir nazirim olsaydı, bizi devirmək mümkün olmazdı”.

"Azərbaycan xalqı bilsin ki, onun təhlükəsizliyinə heç bir təhdid yaranmayacaq. Azərbaycan Prezidentinin siyasi iradəsindən və qətiyyətindən güc alaraq bildiririk ki, heç bir qüvvə ölkədə qarşıdurma yaratmağa, asayişi pozmağa, respublikamızı 1990-cı illərin əvvəllərindəki xaos və anarxiya mərhələsinə qaytarmağa qadir deyil". 

Bunu isə Usubov demişdi. Və həmişə də buna nail olmuşdu...

# 16605
avatar

Səbuhi Sədəf

Oxşar yazılar