Ötən həftə Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam dövlət başçısının daim vətəndaşları düşündüyünü və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində daim addımlar atdığını bir daha təsdiqlədi.
Bu sərəncam bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində vətəndaşların sosial rifahı dayanır. İndi məlum olur ki, yeni Sərəncam ümumilikdə 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcək. Sosial ödənişlərdə növbəti artımlar edilməsini nəzərdə tutan bu Sərəncam vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsinin Prezident İlham Əliyevin siyasətində başlıca istiqamət olduğunu bir daha təzahür etdirir.
Bu sahədə islahatlar xüsusilə son illərdə inqilabi xarakter alıb. Sosial islahat paketləri nəticəsində müavinət və təqaüdlərin, pensiya və əmək haqlarının ciddi şəkildə artımı təmin edilib, yeni sosial təminat növləri təsis olunub. 2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əmək haqqı məbləği 39%, əmək pensiyalarının orta məbləği 60%, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb. Son üç ildə ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5%-dən 2020-ci ildə 38%-ə yüksəlib, bu da aşağı gəlirli vətəndaşlarımızın rifahının artırılması, layiqli əmək haqqı hədəflərinə nail olunması və həmin nisbətin Avropa Sosial Xartiyası normalarına uyğunluğunun təmin edilməsində ciddi irəliləyişdir.
Ümumilikdə son üç ildə ölkəmizdə qəbul edilən 900-dən çox normativ-hüquqi akt əhalinin sosial rifahın yaxşılaşdırılmasına xidmət edən sənədlər olub və sosial təminat növləri üzrə ödəniş alanların sayı 160 min nəfər artaraq 2,4 milyonu ötüb. Təbii qaz və elektrik enerjisi üzrə tarif tənzimlənməsi ilə paralel olaraq maaşların yüksəldilməsi istiqamətində atılan addımlar tariflərdəki artımları kompensasiya etmək baxımından ciddi addımdır, dövlət siyasətinin mərkəzində vətəndaşın, onun rifahının durduğunu nümayiş etdirən amildir.
Dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq hissəsi, əlavə gəlirlər daim vətəndaşların sosial vəziyyətinin daha da güclənməsinə yönəldilib. Milli Məclisə daxil olacaq 2022-ci ilin Dövlət Büdcəsi layihəsində sosial xərclərin əhəmiyyətli dərəcədə artırılması gözlənilir. Əhalinin gəlirlərinin (maaş, pensiya, təqaüd və s) xeyli dərəcədə artımına gətirib çıxardacaq bu dəyişikliklər kommunal sahədə əhalinin xərclərinin artan hissəsini bir neçə dəfə üstələyəcək. Qeyd etmək istərdim ki, ölkədə idarəetmənin təkmilləşməsi, maliyyə şəffaflığı, büdcə vəsaitlərinə edilən qənaət, zərərlə işləyən sahələrin zərərdən çıxarılması dayanıqlı iqtisadi artım modeli qurmaq yolunda atılan mühüm addımlardır. Dayanıqlı iqtisadi artım modelinin isə son məqsədi vətəndaşların daha yaxşı və təhlükəsiz yaşayışını təmin etməkdir.
Yeri gəlmişkən, aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılır. Bu məqsədlə Nazirlər Kabinetinə əmək haqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılır. Bununla əlaqədar 2022-ci ilin dövlət büdcəsinin gəlir və xərclərinə baxılır, əmək haqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının maliyyə təminatının yaradılması ilə bağlı məsələlər nəzərdən keçirilir. Dövlət büdcəsi layihəsinə müvafiq düzəlişlərin edilməsi ilə bağlı təkliflər ən qısa müddətdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunacaqdır. Bir məqamı da nəzərə almaq lazımdır ki, maliyyə tutumlu sosial islahatların növbəti mərhələsi məhz postmüharibə dövrünə təsadüf edir. Ötən 1 il ərzində paralel olaraq şəhid ailələrinin, qazilərimizin sosial problemlərinin həlli istiqamətində vacib addımlar atılıb, onların müalicəsi və reabilitasiyası üçün ən müasir vasitələrdən istifadə olunub və proses uğurla davam etməkdədir.
Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zaman Azərbaycan vətəndaşı dayanıb. Azərbaycan onun rəhbərliyi ilə güclü bir dövlətə çevrilib, dövlətin və ölkə vətəndaşlarının mənafeyi ilə bağlı bütün addımlar vaxtında atılır.