Fəridə Cabbarova
30 avqust 2021 17:52 (UTC +04:00)

Fəridə Cabbarova

17 ildir görülməyən yuxu, bir gecədə bitən səadət, itkin düşmüş AZADlıq - REPORTAJ

“İnsanın yeganə azadlığı xəyallarıdır. Sadəcə xəyallarda azad olursan. Heç kim görmür, eşitmir qurduğun xəyalları. Xəyal qururam ki, o ölməyib, sağdır. Qayıdıb gəlir. Düzdür, deyirlər ümid sonda ölür. Mənim də ümidlərim indi son həddədir. Bəlkə də qayıdıb gələcək. Yəqin ki, onu görməyə bu qubar olmuş ürəyim dözməyəcək…”

Fəridə Cabbarova danışır bizə bunları. 29 ilin nisgili var gözlərində, səsində… Hə, bu gün - 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günü kimi qeyd olunur bütün dünyada. Eləcə də ölkəmizdə. Bu gün əsir və itkin düşmüş, girov götürülmüş insanlara həsr olunub. Ermənistanın təcavüzü nəticəsində 3 890 nəfər soydaşımız hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Onlardan biri də Azad Cabbarovdur. Fəridə xanımın həyat yoldaşı Azad…

Fəridə Cabbarova və Lamiyə Məmmədova

- Biz 1991-ci ilin avqust ayının 1-də Laçından Xocalı şəhərinə köçdük. Mənim onda 21 yaşım var idi, yoldaşımın isə 25. Çox mehriban, qayğısız bir ailə idik. Amma elə Xocalıya köçən gündən qayğılar başladı. İki oğlumuz olmuşdu. Fuadın 2 yaşı vardı, Nicat isə hələ 9 aylıq idi. Bura köçəndən 2 ay sonra yoldaşım Xocalı özünü müdafiə batalyonuna könüllü olaraq yazıldı. Elə həmin gündəndə burada xidmət göstərməyə başladı. 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə Xocalı faciəsi baş verdi. Mənim də yoldaşım bütün hərbiçilərlə bərabər bir neçə dəfə qız-gəlini Ağdam tərəfə gətirdilər. Axrıncı dəfə getdi və geriyə qayıtmadı… Azadın atası düşüb bir-bir meyitlərə baxıb ki, bəlkə oğlu onların arasındadır. Bir-bir hamının ayağına baxıb. Çünki onun ayağında yanıq izi var idi. Ancaq elə tanımaq, tapmaq olardı.

Fəridə Cabbarova 
 

Həyat yoldaşının yoxluğu ona olmazın əzablar yaşadıb. Hə, nə evsizlik, nə yurdsuzluq. Məhz Azadsız həyat onun azadlığını alıb sanki.

- Biz oradan bircə əynimizdəki paltarımızla çıxmışdıq. İki balaca uşaqla. Çox əziyyətlər çəkdim. Mənimlə birlikdə ailəmdə, xüsusilə atam da çox əzab çəkdi. Atam boy-buxunlu, cüssəli kişi idi. Amma bir neçə günün içində arıqlayıb, beli bükülüb yumağa dönmüşdü. Atamı görəndə tanımamışdım. Düz on il atam ailəsindən kənarda yaşadı mənə görə. Mənim evimdə gecələyirdi. Oğlum Fuadı məktəbə aparıb gətirirdi.  

Fəridə Cabbarova 
 

Uşaqlarıma atasız olduqlarını hiss etdirməməyə çalışırdım. Həmişə deyirdim ki, atanız döyüşdədir. Amma həyatdır da uşaqlar hərədən bir söz eşidirdilər. Qardaşımla birlikdə onlara çoxlu oyuncaq, şirniyyat alıb yataqlarının yanına yığırdıq ki, səhər oyananda görsünlər. Səhər də deyirdim ki, atanız gəlmişdi sizə də hədiyyələr gətirib. Uşaqlar deyirdi ki, biz hədiyyə istəmirik. Bircə dəfə atamızı görmək bəs edər. Məktəbdə oğluma demişdilər ki, sənin atanı ermənilər öldürüb. Uşaq evə gəlib nə qədər ağlamışdı...

Fəridə Cabbarova 
 

Mən övladlarımı oxutmaq məsələsində çox inad etdim. Dedim ki, başqalarının atası var onlara nəsə sənət öyrədəcək, bəs, mənimkilərin taleyi necə olacaq? Şükür Allaha ki, hər iki oğlum təhsilini də aldı, Vətən qarşısındakı borcunu da yerinə yetirdi.

Ondan gələcək ən kiçik xəbəri belə həsrətlə gözləyirdi Fəridə xanım.

- Təkcə aldığımız məlumat o oldu ki, düşmən mühasirəsinə düşüblər. Onların arasından 13 nəfər hərbiçi seçib düşmən tərəf. Sonra dedilər ki, həmin hərbiçiləri güllələyiblər. Amma onlara yemək verən qadın daha sonra demişdi ki, guya başqa yerə yığıb aparıblar. Bir qohumumuz var idi. Azadın 3 aylıq maaşını gətirmişdi. Bir iri sarı paket dolu pul idi. Qıyıb xərcləmədim. Ən dar günümüzdə belə əlim getmədi o pula nəsə almağa. O pul qaldı bizdə dəyəri itənə qədər. Bir gün də yalan bir xəbər gəldi. Dedilər Azad sağdı. Sevincimdən uçmağa qanadım yox idi. Alıb o pulu getdim ona təzə kostyumlar, köynəklər aldım. İllər keçdi hələ də dolabda qalırdı o paltarlar. Sonra aparıb məsciddə imkansızlara payladım.

Fəridə Cabbarova 
 

Dəqiq bir söz deyən olmadı. O gündən bu günə qədər… İllərdir Beynəlxalq Qızıl Xaç Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti ilə əlaqədə olduq, amma bu günə qədər onun taleyi haqda heç bir məlumat əldə edə bilmədik. Nə itkin kimi, nə də…

Şəhid deməyə dili gəlmir Fəridə xanımın. Amma itkin düşəndən 6 ay sonra Azada şəhid statusu verilmişdi. Nə qədər ağır olsa da Fəridə xanım razıdır onun şəhid olmasına da, təki düşmən əlində olmasın. Əsir düşüb o zülmləri çəkməsin. Amma…

Fəridə Cabbarova 
 

- Kaş ki, bir qəbri olaydı. Gedərdim ağlayardım, dərdimi bölüşərdim, ürəyimi boşaldardım. 2012-ci ildən bəri Beynəlxalq Qızıl Xaç Komitəsi ilə çalışıram. Bu işin içindəyəm. Bu günə qədər Azərbaycandan 3 890 nəfər itkin düşmüş şəxs var. Onların heç birinin taleyi haqda məlumat yoxdur. Mən də bu insanların ailələri ilə hər gün ünsiyyətdə oluram. Elə talelər eşidirəm, elə həyatların şahidi oluram ki, evə gələndən sonra uzun müddət özümə gələ bilmirəm. Bəzilərini eşidəndə özümə şükür edirəm hətta. Həmişə ümidim var idi ki, o sağdır. Qayıdacaq. Ta ki, özüm bu işin içinə girənə qədər. Ondan sonra sanki qəbullandım. Bir qədər inamım itdi. Düzdü ümidlər sonda ölür.

Fəridə Cabbarova və Lamiyə Məmmədova
 

BQXK ilə işləməyinin də qəribə bir tarixi olub. Danışdıqca sanki o günlərə geri dönür. Həyəcanlanır. Səsi tutulur. Udqunur və danışmağa davam edir...

- İtkin ailələri o işçilərlə dalaşırdılar. Buna görə də Beynəlxalq Qızıl Xaç Komitəsi belə bir qərar qəbul edir ki, elə işçilər götürək ki, bu ailələrin içindən olsun.

Bir gün ev telefonumuza zəng gəldi. Dəstəyi götürdüm.

Azad Cabbarovun evidir?

Bəli…

Və inanın mən artıq özümdə deyildim. Ürəyim sanki partlayacaqdı. Həmin günə qədər bir Allah bəndəsi bu haqda nəsə deməmişdi. Zəng edəndə də onun adını çəkən olmamışdı. İndi görəsən nə məsələdir? Nə əcəb Azadı soruşurdular? İnanın ağlımdan min sual keçdi. Həyəcandan yerə, göyə sığmırdım. Dedim ki, yüz faiz ondan nəsə xəbər var.

Fəridə Cabbarova və Lamiyə Məmmədova
 

Mənimlə xeyli söhbət etdilər. Psixoloji suallar verdilər. Sonra məlum oldu ki, onlarla işləməyimi istəyirlər. Mən də dedim ki, qoy atamla, qardaşlarımla məsləhət edim. Həmin günə qədər heç yerdə işləməmişdim. Ehtiyacım olsa belə nə atam, nə də oğullarım qoymayıblar. Amma bu dəfə dedilər işlə. Mən də başladım işləməyə. Çox çətindir. O ailələrlə ünsiyyət qurub dərdlərinə şərik olmaq çox çətindir. Əslində dərdimiz birdir - itkin. Amma hər kəs fərqli yaşayıb. Ana var ki, 3 oğlunu da itirib, ana var ki, oğlunun başını gözləri önündə kəsiblər. Bax, belə dəhşətli dərdlər var. Mənim dərdim onların yanında cılız qalır…

“Onu heç yuxuda görürsünüz” deyə sual verirəm. Əvvəl başını aşağı dikir. Sonra baxışları pəncərədən çölə zillənir. Üzündə məsum bir gülüş yaranır.

Fəridə Cabbarova 
 

- Əvvəllər daha çox görürdüm. Axrıncı dəfə… Hə, axrıncı dəfə lap çoxdan görmüşəm. 2004-cü ildə. Həmişə də formada görürəm. Axı çox sevirdi formanı. Gəlib lap qarşımda oturub söhbət edir mənimlə. Uşaqları soruşur. Elə ki, mən nəsə soruşmaq istəyirəm uzaqlaşır gedir. Həmişə eyni yuxunu görürdüm. Daha görmürəm…

Fəridə Cabbarova 

Fəridə Cabbarova

Fəridə Cabbarova 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9465
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar