15 günlük AZADLIQ  – Bu hansı məhkumlara verilir? - Açıqlama
19 may 2022 18:01 (UTC +04:00)

15 günlük AZADLIQ – Bu hansı məhkumlara verilir? - Açıqlama

“Praktikada ailəsində toy olanda 3 gün müddətində məhbusun müvəqqəti azadlığa buraxılması görülüb. Həmin məhbuslar xüsusi nəzarətlə təqdim edilir və sonra götürülür”. 

Bu sözləri Lent.az-a Konstitusiya Araşdırmalar Fondunun prezidenti, tanınmış hüquqşünas Əliməmməd Nuriyev deyir. 

Sözsüz ki, hər kəs ailə üzvlərinin pis və yaxşı günlərində yanında olmaq istəyir. Amma elə məqamlar var ki, bu çox da mümkün deyil. Bu məqamlardan biri də cəzaçəkmə müəssisəsində olan məhkumlarla bağlıdır.

Amma onlara da müəyyən şərtlər əsasında, müvəqqəti azadlıq verilir. Yaxınlarının yanında olmaq üçün...

Maraqlıdır, bu hansı şərtlər əsasında baş verir? Bəs, müvəqqəti azadlığın müddət nə qədər olur?

Lent.az-ın suallarına aydınlıq gətirən Əliməmməd Nuriyev bildirir ki, müvəqqəti azadlığın verilməsi məhbusun davranışlarından asılıdır:

“Nümunəvi məhbuslar olduğu üçün yaxşı işlərinə və islaha meyilliliklərinə görə, onlar qısa müddətli məzuniyyətə buraxıla bilərlər. Bu da ailədə hər hansı bir problem, ya da ölüm hadisəsi baş verəndə edilmiş praktikadır. Qanunvericilik həmişə çalışıb ki, məhbusların islahına dair bütün halları nəzərə alsın.

Məhbuslara qısa müddətli məzuniyyətin verilməsi onların davranışından asılıdır. Davranışlarında qaydaların və daxili rejimin pozulmasına yol verənlərə icazə verilmir. Yəni, bu məzuniyyət məsələsi ən çox davranışdan asılıdır.

Və məhbus təqdim edildiyi ərazini tərk etməməlidir. Əvvəlcədən ona bu barədə hansı ərazilərdə ola bilər deyə xəbərdarlıq edilir. İcazənin müddəti təxminən 7 gündür”.

Məsələnin təfərrüatını daha dəqiq öyrənmək üçün Pentensiar Xidmətin mətbuat xidmətinə müraciət etdik. 

Oradan verilən məlumata görə, məhkumların qısa müddətli səfərə buraxılması qaydası icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir:

“Məhkumların cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara qısa müddətli səfərə buraxılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən və müəssisədən kənarda, yaxud cəzaçəkmə müəssisəsinin istehsalat sahəsində əmək fəaliyyəti ilə məşğul olan məhkuma nümunəvi davranışına, əməyə və təhsilə vicdanlı münasibətinə, təlim-tərbiyə tədbirlərində fəal iştirakına görə müdiriyyətin qərarı ilə əmək məzuniyyətini cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda (yalnız Azərbaycan Respublikasının ərazisi hüdudlarında) keçirməyə icazə verilməlidir”.

Onun sözlərinə görə, saxlanılma şəraiti yaxşılaşdırılan məhkumlara ildə bir dəfə məzuniyyətləri vaxtı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada cəzaçəkmə müəssisəsinin müdiriyyətinin qərarı ilə cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara (yalnız ölkə daxilində) yeddi günədək müddətə, yola sərf olunan iki günədək müddət nəzərə alınmamaqla, qısa müddətli səfər etməyə icazə verilə bilər: 

“Məntəqə tipli cəzaçəkmə müəssisələrində, ilk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə yaratmayan və ya az ağır cinayətlərə görə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş ümumi rejimli cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlara onların yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi ilə əlaqədar, fövqəladə hadisə nəticəsində əhəmiyyətli maddi zərər vurulduqda cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara (yalnız ölkə daxilində) yeddi gün müddətinə qısa müddətli səfərə getməsinə icazə verilə bilər. Bu zaman gedib-gəlmək üçün sərf olunan vaxt, iki gündən çox olmamaq şərti ilə, nəzərə alınmır”.

Nəzərdə tutulmuş hallarda məhkumun qısa müddətli səfər haqqındakı ərizəsinə təxirə salınmadan baxılmalıdır... 

“Qısa müddətli səfərə cəzaçəkmə müəssisəsinin müdiriyyəti, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra məhkumun şəxsiyyətini və davranışını nəzərə almaqla icazə verilir. Qısa müddətli səfərə icazə verilməməsi əsaslandırılmalıdır. Məhkumun cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda olduğu vaxt cəzanın icrası müddətinə hesablanır. Məhkumun yol xərcini özü və ya qohumları ödəyir. Məhkumun cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda olduğu vaxt ərzində ona əmək haqqı verilmir.

Cəzaçəkmə müəssisələrindəki uşaq evlərində uşaqları olan qadınlara öz məzuniyyətləri vaxtı övladlarını qohumlarının, himayəçilərinin yanına və ya uşaq evlərinə düzəltmək üçün cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara (yalnız ölkə daxilində) on beş günədək qısa müddətli səfərə getməsinə icazə verilə bilər".

# 3582
avatar

Fidan İlqar

Oxşar yazılar